Tarixin qızıl günü: 15 iyunun mirası və bugünkü Azərbaycan"- ÖZƏL
12 İyun 15:39 Siyasət"15 iyun - Qurtuluş Günü Azərbaycanın xilasının başlanğıcı oldu. Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərpa olundu, inkişaf başladı. Bu gün Qarabağda aparılan quruculuq işləri də həmin siyasətin davamıdır. Azərbaycan güclü, söz sahibi olan bir dövlətə çevrilib".
Bu fikirləri politoloq Elşad Həsənov Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq qeyd edib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı vətəndaş müharibəsindən, iqtisadi aclıqdan və siyasi xaosdan xilas etdi:
"Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 15 iyun - Qurtuluş Günü mənim gözlərimin önündə baş verib. Mən o hadisələrin canlı şahidiyəm. Həmin dövrdə Azərbaycan, doğrudan da, böyük bir vətəndaş müharibəsi ərəfəsində idi. Qarşıdurma var idi...
O zaman Milli Təhlükəsizlik Nazirliyində işləyirdim və biz açıq-aşkar yoldaşlar arasında deyirdik ki, bunlar hakimiyyəti idarə edə bilmirlər. Azərbaycanı bu bəladan, bu vəziyyətdən yalnız Ulu Öndər Heydər Əliyev xilas edə bilər. Onun təcrübəsi, xalq arasında olan nüfuzu buna imkan verirdi. O zaman Heydər Əliyevə qarşı doğrudan da çox böyük təzyiqlər var idi. Hətta onu da deyim ki, həmin dövrdə mən bir çıxışımda bildirmişdim ki, əgər Heydər Əliyev gəlməsə, Azərbaycan daha da pis olacaq, dağıla bilər. Bu fikirlər təkcə mənim deyil, o dövrdə bizim əməkdaşların böyük əksəriyyətinin fikri idi. Çünki o vaxtkı əməkdaşların çoxu Heydər Əliyevin vaxtında çalışan, onun məktəbindən çıxmış şəxslər idi. Siyasi vəziyyət elə bir həddə çatmışdı ki, artıq yuxarılar idarə edə bilmirdi, aşağılar da idarə olunmurdu.
Belə bir dövrdə Ali Sovetin qarşısında mitinqlər başladı. Biz də o mitinqlərdə iştirak edirdik, nəzarət edirdik. Xalq açıq şəkildə deyirdi: "Heydər baba, gəl bizi xilas et!" Xalqın israrlı tələbi ilə Heydər Əliyev gəldi və Gəncəyə getdi, qardaş qırğınının qarşısını aldı.
Həmin gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Biz xaosdan, qardaş qırğınından, qarşıdurmadan qurtulduq. Mən bütün bunları öz gözlərimlə görmüşəm. 15 iyunda Ali Sovetin sədri seçilən Heydər Əliyev xalqı səfərbərliyə səslədi, xalqın ona olan böyük inamını doğrultdu, Azərbaycanı qardaş qırğınından xilas etdi. Ölkə iqtisadi baxımdan inkişaf etməyə başladı.
O dövrü xatırlayıram: çətin idi, yemək tapılmırdı, çörək çatışmırdı. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra, onun böyük nüfuzu sayəsində qardaş Türkiyədən və digər müstəqil dövlətlərdən Azərbaycana ərzaq məhsulları gətirilməyə başlandı. İqtisadiyyat yavaş-yavaş öz axarına düşdü. Onun təşəbbüsü ilə "Əsrin müqaviləsi" bağlandı.
Cəbhədə vəziyyət ağır idi, ordunun ruhu tükənmişdi. Heydər Əliyevin nüfuzu nəticəsində 1994-cü ildə atəşkəs elan olundu. Dövlət quruculuğu, ordu quruculuğu başladı. Təsəvvür edin, xalq da canla-başla işə başladı və qısa müddətdə çox uğurlar əldə etdik.
Bu gün Azərbaycanın inkişafının təməlində məhz həmin dövrdə qoyulan düzgün iqtisadi və siyasi yol dayanır. Heydər Əliyevin o vaxt atdığı addımlar nəticəsində bu gün Azərbaycan sənayesi, iqtisadiyyatı, neft sənayesi inkişaf edir. Azərbaycan Cənubi Qafqazın lider ölkəsinə çevrilib. Bu gün Azərbaycan dünyanın sayılıb-seçilən dövlətlərindən biridir. Öz sözünü deyə bilir. Dünya siyasi sistemində öz yeri, öz mövqeyi var. Öz milli maraqlarını, dövlət maraqlarını qoruyur.
Məhz Heydər Əliyev siyasətinin davamı olaraq, biz 2020-ci ildə torpaqlarımızı işğaldan azad etdik. 2023-cü ildə bir günlük antiterror əməliyyatı nəticəsində erməni silahlılarını torpaqlarımızdan tamamilə çıxardıq, onlar təslim oldular, çıxdılar, getdilər. Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Bu gün Azərbaycanın bayrağı hər rayonumuzda, hər kəndimizdə dalğalanır.
Bu çox böyük qürurverici və sevincli bir haldır. Bütün bunlar Heydər Əliyevin qoyduğu düzgün yolun, doğru seçimin nəticəsidir. 2003-cü ildə o, xəstə olmasına baxmayaraq, öz namizədliyini geri götürərək xalqımıza İlham Əliyevi tövsiyə etdi. Xalq da Ulu Öndərin çağırışına qulaq asaraq İlham Əliyevi özünə prezident seçdi.
Bu gün də xalqın böyük əksəriyyəti onun yanındadır. İlham Əliyev fəaliyyətində həmişə xalq və dövlət üçün çalışıb. Onun Ali Baş Komandanlığı ilə əsgər və zabitlərimiz bizə qürurumuzu və torpaqlarımızı qaytardılar. Biz bu gün fəxr edirik və işğaldan azad olunmuş torpaqlarda quruculuq işləri aparılır, həmin ərazilər cənnətə çevrilir.
Prezident tez-tez Qarabağa gedir, hər bir kəndin, binanın, yolun açılışında şəxsən iştirak edir. Onun tələbi budur: tikinti işləri ən yüksək səviyyədə aparılsın, yollar yüksək keyfiyyətlə çəkilsin. Mən bunun canlı şahidiyəm.
Bu gün Fizuli, Zəngilan, Laçın hava limanları istifadəyə verilib. Daha çox işlər görülür. Xalqın Prezidentin ətrafında sıx birləşməsi də Heydər Əliyev siyasətinin davamıdır.
Hesab edirəm ki, bu siyasət uzun illər davam edəcək. Xalqın rifahını düşünən, sosial məsələlərinə önəm verən hakimiyyət min illərlə yaşayacaq. Bu gün biz təkcə Cənubi Qafqazda yox, dünyada da seçilən bir xalqıq, ölkəyik. Və mən inanıram ki, hər bir azərbaycanlı bununla qürur duyur".
Zeynəb Mustafazadə