Taleh Əliyev: Şuşa Bəyannaməsi Türk dünyasının strateji yol xəritəsidir – ÖZƏL
12 İyun 14:46 Siyasət"Dörd il əvvəl Şuşa şəhərində Azərbaycanla Türkiyə arasında mövcud əlaqələrin və əməkdaşlığın bir daha dünyaya bəyan edilməsi, hər iki ölkənin iradəsini əks etdirən Şuşa Bəyannaməsinin qəbul olunması, şübhəsiz ki, ilk növbədə Azərbaycan və Türkiyəyə düşmən münasibəti olan ölkələr üçün ciddi bir siqnal oldu. Onlar anladılar ki, xüsusilə də Azərbaycanı 44 günlük Vətən müharibəsindən əvvəlki statusunda qəbul etmək artıq yanlış olardı".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev deyib. O qeyd edib ki, Azərbaycan regional və beynəlxalq təzyiqlərə baxmayaraq, Şuşa Bəyannaməsindən aldığı güclə milli maraqlarını prinsipial şəkildə qorumağa davam edir:
"Keçən dövr ərzində biz müxtəlif ölkələrin Azərbaycanla davranışında bir sıra dəyişikliklərin şahidi olduq. Azərbaycanın daha qətiyyətli, cəsarətli addımlar atması təkcə Vətən müharibəsinin gətirdiyi dividendlərlə deyil, eyni zamanda həmin qələbənin mühüm nəticələrindən biri olan Şuşa Bəyannaməsindən alınan güclə də birbaşa əlaqələndirilə bilər. Xüsusilə qeyd etmək lazımdır ki, bu müddət ərzində Azərbaycanla Fransa arasında münasibətlər kifayət qədər gərginləşsə də, Azərbaycan öz haqlı mövqeyindən bir addım belə geri çəkilmədi. Qonşu dövlətlər olan Rusiya Federasiyası və İran İslam Respublikası ilə son dərəcə ciddi gərginliklər yaşanmasına baxmayaraq, Azərbaycan hakimiyyəti öz milli suveren hüquqlarından heç bir halda imtina etmədi. Əksinə, prinsipial mövqeyini qoruyaraq fəaliyyətini davam etdirdi. Məhz bu mövqenin nəticəsidir ki, İran İslam Respublikasının hazırkı prezidentinin Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında münasibətlərdə gərginlik arxa plana keçdi və əməkdaşlıq ruhunda yeni bir mərhələnin əsası qoyuldu.
Şuşa Bəyannaməsinin imzalanmasından sonra dövlətlərarası əlaqələrin sistemli şəkildə inkişafı müşahidə olunur. Bu xüsusda ilk növbədə Qarabağın bərpasını və hər iki ölkənin müdafiə sənayesinin qarşılıqlı inteqrasiyasını qeyd etmək olar. Bugün Kəlbəcər və Laçın rayonlarında, xüsusilə də Murovdağ kimi möhtəşəm dağ silsilələrində tunellərin qazılması kimi mühüm və böyük məsuliyyət tələb edən layihələrin icrasında Türkiyə şirkətlərinin yaxından iştirak etdiyinin şahidi oluruq. Qarabağda həyata keçirilən digər istiqamətlərdəki layihələrdə də Türkiyə şirkətlərinin fəallığı aydın görünür. Eyni zamanda, qardaş Türkiyədə baş vermiş zəlzələ faciəsindən sonra Azərbaycan dövlətinin zərərçəkmiş ərazilərdə bütöv bir məhəlləni inşa etməsi Şuşa Bəyannaməsindən irəli gələn qarşılıqlı əməkdaşlıq və "yaxşı gündə də, pis gündə də bir yerdə olmaq" prinsipinin bariz nümunəsidir".
Siyasi şərhçinin sözlərinə görə, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə əməkdaşlığını gücləndirməklə yanaşı, Türk dünyasının birliyinə və strateji inteqrasiyasına yol açan əsas sənəd olmuşdur.
"Müdafiə sənayesinin inkişafı istiqamətində də Azərbaycan və Türkiyə arasında geniş, hərtərəfli əməkdaşlıq formalaşıb. Bu sənədin imzalanmasından ən çox müsbət mənada təsirlənənlər isə Türk Dövlətləri Təşkilatı və qardaş Pakistan Respublikasıdır. Son dövrlərdə Türk Dövlətləri Təşkilatında - istər İnkişaf Bankının yaradılması, istərsə də vahid alifbanın hazırlanması kimi təşəbbüslər fonunda yeni strukturlar formalaşır. Bununla yanaşı, Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq da genişlənir.
Parlamentlərarası əlaqələrin dərinləşdirilməsi, qarşılıqlı investisiyaların təşviqi, o cümlədən Laçın Beynəlxalq Hava Limanının açılışı zamanı hər üç ölkənin liderlərinin birgə iştirakı ilə baş tutmuş samimi görüş xüsusi qeyd edilməlidir.
Bütün bu müsbət proseslərin başlanğıc nöqtəsi kimi Şuşa Bəyannaməsini göstərmək olar. Bu sənəd təkcə Azərbaycan və Türkiyənin deyil, həm də onların öndərliyində olan Türk Dövlətləri Təşkilatının yol xəritəsini, fəaliyyət strategiyasını və gələcək layihələrini müəyyənləşdirən mühüm sənəd kimi qiymətləndirilməlidir".
Səidə Ramazanova