“İsrail-İran qarşıdurması regional müharibəyə çevrilib” – Züriyə Qarayeva – ÖZƏL
13 İyun 18:08 SiyasətMəlum olduğu kimi, İsrailin "Yüksələn Şir" əməliyyatı çərçivəsində həyata keçirdiyi geniş miqyaslı hava zərbələri bu gün Orta Şərqdə təhlükəli bir dönüş nöqtəsi yaradıb. İsrailin İran ərazisinə endirdiyi hava zərbələri, ardınca Tehranın sərt ritorikası bölgədə uzun illərdən bəri davam edən gərginliyin açıq qarşıdurma mərhələsinə keçdiyini göstərir. Əməliyyat zamanı İranın nüvə obyektləri, hərbi infrastrukturu və yüksək rütbəli general-mayorları - o cümlədən Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Bageri və İnqilab Keşikçiləri Korpusunun komandanı Hüseyn Salami - hədəf alınıb və öldürülüb .
Məsələyə münasibət bildirən politoloq Züriyə Qarayeva Olaylar.az-a açıqlamasında bildirib ki, İsrail-İran qarşıdurması artıq regional müharibə səviyyəsinə yüksəlib və bu, Yaxın Şərqdə geosiyasi balansı köklü şəkildə dəyişdirə bilər:
"İsrailin İran ərazisinə qarşı hava zərbələri endirməsi artıq ehtimal yox, reallıqdır. İranın hərbi-siyasi sistemində əsas fiqurların, o cümlədən general Seyid Razi Musəvinin öldürülməsi və bir sıra obyektlərin vurulması bölgədə növbəti silahlı qarşıdurmanın qapısını aralayıb. Bu vəziyyət təkcə İsrail və İran arasında deyil, bütövlükdə Yaxın Şərqdə geosiyasi balansın yenidən qurulacağı dönəmin başladığını göstərir.
İsrailin strateji məqsədi sadəcə İrana qarşı taktiki cavab vermək deyil. Bu zərbələrlə Təl-Əviv aşağıdakı mesajları verir:
• Nüvə silahı əldə etməyə çalışan rejimlə danışıq aparılmayacaq - zərbə olacaq;
• İranın Livan, Suriya, Yəmən və İraqdakı proksi gücləri passivləşdirilməlidir;
• ABŞ-nin passivliyi fonunda öz təhlükəsizliyini təkbaşına təmin etməyə qadirdir;
• Dini lider Xomeyninin rejimi artıq İsrailin açıq hədəfidir.
İsrail üçün bu sadəcə hərbi əməliyyat deyil - ideoloji və strateji mesajdır. "Qarşı tərəf qırmızı xətti keçdi" ritorikası artıq hər iki tərəfdə işlək mexanizmə çevrilib".
Politoloq qeyd edib ki, İranın cavab seçimləri çoxdur, amma hər biri onu daha böyük münaqişəyə sürükləyə bilər.
"İranın cavab opsiyaları çoxdur, amma manevr imkanları məhduddur. Tehranın cavab variantları aşağıdakılar ola bilər:
• Hizbullah vasitəsilə şimal cəbhəsində İsrailə təzyiq;
• İraq və Suriya ərazisində yerləşdirilmiş milis dəstələri ilə cavab əməliyyatları;
• Ərəb ölkələrindəki səfirliklər və ABŞ bazalarına hücum riski;
• Kibermüharibə və neft infrastrukturlarına qarşı təxribatlar.
Ancaq bu addımların hər biri İranı birbaşa ABŞ və müttəfiqləri ilə açıq müharibəyə sürükləyə bilər. Hazırkı iqtisadi və sosial durum isə İran üçün bu riski azaltmır, əksinə artırır".
Züriyə Qarayevanın sözlərinə görə, İsrail-İran müharibəsi artıq regional deyil, qlobal təsirləri olan təhlükəli bir mərhələyə daxil olub.
"Artıq reallıq budur: İsrail-İran müharibəsi başlamış sayıla bilər. Bu, Yaxın Şərq və Cənubi Qafqaz daxil olmaqla, geniş coğrafiyada ciddi təlatümlərə səbəb ola bilər:
• Azərbaycan üçün enerji infrastrukturu və diplomatik balans kritik əhəmiyyət daşıyır;
• Türkiyə öz sərhəd təhlükəsizliyi və regional nüfuzuna görə vəziyyəti diqqətlə izləməli və vasitəçi rolu təklif etməlidir;
• İraq və Suriya proksi savaşların mərkəzinə çevrilə bilər;
• Səudiyyə Ərəbistanı və BƏƏ hava hücumlarına qarşı müdafiəni gücləndirməlidir;
• Qlobal bazarlarda neft qiymətləri və uçuş marşrutları dəyişə bilər".
İbrahim Məmmədli