“Türk” etnonimi və törələri- YUNUS OĞUZ yazır
12 İyun 12:02 ƏdəbiyyatYUNUS OĞUZ
Əvvəlini buradan oxuya bilərsiniz: https://olaylar.az/news/edebiyyat/595674
Tapınaqlar və inanclar haqqında
İnsan yarandığı gündən özünü axtarmağa başlamış, nə üçün və necə yaşamağı özündən soruşmuş, buna uyğun simvollar qəbul etmişdir. Həyat axarının çıxışını tapmayanda isə miflər, əfsanələr yaratmışdır. Bəlkə də bu miflər, əfsanələr həqiqətən mövcud olmuş və zaman keçdikcə unudulmuşdur. İnsan hər şeyi bəsit həyatdan başlayanda ağızdan-ağıza keçənlərə inanmamış və danışılanları mif hesab etmişdir. Heç şübhə etmirik ki, 40-50 min il bundan əvvəl bir danışıq dili, protodil olmuşdur. Sonradan, 5-6 min il bundan öncə protodil öz yerini yeni yaranmış dillərə verəndə, boylar, oymaqlar, tayfalar bir-birindən min kilometrlərlə uzaq düşəndə, onların öz dilləri yaranmağa başladı və boy, yaxud soy mifləri, əfsanələri özlərinə uyğun özününküləşdirib, protodildə qalanları unutmağa başladılar. Heç şübhəsiz ki, protodilin dövründə yaşayanların uzayla (kosmosla) əlaqələri vardı və onlar bundan istifadə edib özlərinin inkişaf mərhələsini keçirdilər. Təsadüfi deyil ki, şumerlər və mayalılar (Amerika) mükəmməl ulduz və günəş sistemlərini bir-birindən xəbərsiz yaratmışdılar. Platon öz əsərlərində "əfsanəvi" Atlantida haqqında məlumat verir. Leonardo da Vinçi gələcəyin uçaqlarının eskizlərini çəkir və günümüzə bunlar gəlib çıxır. Homerin "İlliada" əsərində Turoba (Troya) şəhərini on doqquzuncu əsrin sonlarına qədər "əfsanə" hesab etsələr də, Şliman bu şəhəri tapır.
Kimin nə deməsindən asılı olmayaraq insan nəslinin kosmosla bağ əlaqəsi movcuddur və bu özünü zaman-zaman göstərir.
Min illər dövlətlərin nə işğal planları dəyişdi, nə də silahları. Min illər qılınc, qalxan, ox-yay, əmud, nizə, balta, qalxan silahları, döyüş geyimləri dəyişmədi. Ancaq son yüz ildə hər şey dəyişdi, xüsusən də son qırx ildə "sürətli dəyişmələr"in qarşısında duruş gətirə bilmirik.
Yerdəki insanlara texnologiyanı inkişaf etdirmək üçün informasiyalar ötürülür.
Bunu qədim misirlilərin bizə miras qoyduğu "uçan boşqab" təsvirləri də göstərir.
Təsəvvür edin ki, yer kürəsi üç ölçülü zamanda deyil, dörd-beş ölçülü zamanda yaşayır.
Biz hal-hazırda üç ölçülü zamandan dörd ölçülü zamana keçid dövrünü yaşayırıq və təbiidir ki, bunun insanlığa xeyri olduğu kimi fəsadları da göz qabağındadır. Güclü ilə gücsüzün müharibəsi, "virus"ların savaşı, iqlim dəyişikliyi, hibrid savaşı və bir azdan kosmik müharibələr adi hala çevriləcək. Gənc nəsil bir neçə ildən sonra su qıtlığının və bunun uğrunda gedən müharibələrin şahidi olacaq.
Bir də təsəvvür edin ki, Yer kürəsində harasa bir "uçan boşqab" enir və oradan skafandrada "qumanoid" düşür. Yeri gəlmişkən, ötən əsrin doxsanıncı illərinə qədər belə hadisələri rəsmi orqanlar insan təxəyyülünün məhsulu sayırdılar və buna "uydurma", yəni mif deyirdilər.
On üçüncü əsrdə o qumanoidi yerdə görən insan fikirləşərdi ki, onun yanına "Allah" gəlib. "Allah"ı "görən" insan qorxusundan səsini çıxarmırdı. Yaxud bilirdi ki, ona heç kim inanmayacaq, ya da küfr danışdığına görə dini konfessiya tərəfindən təqib olunacaq. Söz yox ki, yüksək və ali dərəcədə inkişaf etmiş qumanoid gəldiyi kimi də yoxa çıxacaqdı.
Amma, beş-altı min il əvvəl insan özünün mifoloji dünyabaxışını yaratmış və bu dünya baxışında türk insanları təktanrını başqa xalqlardan fərqli olaraq ortaya çıxarmışdır. Bu həm də qədim türklərə imkan vermişdir ki, sosial həyatda yaşamlarını inam kimi törə biçiminə uyğunlaşdırsınlar. Sonradan törə inamları, yaşam tərzi mifologiyadan dinə keçid alanda gerçəkləşdirdi.
Bu baxımdan qədim türklərin mifologiya dünyagörüşü çox zəngindir. Belə ki, "Zaman-Məkan", "Yaranış", "Ölüb-dirilmə", "Yaşam ağacı və Yaşam suyu (dirilik suyu)", mifləri, eyni zamanda rəqəmlər (say), rəng, simvollar haqqında miflər günümüzə qədər gəlib çıxmışdır.
Qədim türklərdə yaranışından, sosial yaşamda yaranmış törələrlə yanaşı kosmik düzənə aid Göy, Yer-sub, Dağ, Ağac kultları da mövcud olub. Bu, türklərin ilkin inanc yeri, tapınaqları olub. "Dədə Qorqud" dastanında, elə indinin özündə də ilkin inanclara uyğun olaraq "Göy haqqı", "Yer haqqı", "Su haqqı", "Dağ haqqı", "Ağac haqqı" kimi andiçmələr var. Bu ondan irəli gəlir ki, ta yaranışından əski türklər özlərini Göy və Yerlə vəhdət hesab ediblər, onların bir parçası olublar. Elə indinin özündə də müxtəlif bölgələrdə bəzi ağacları türklər müqəddəs hesab ediblər, ziyarətə gediblər və gedirlər, ağaca müxtəlif rəngli parça kəsikləri bağlayıb arzu edər, əhd tutarlarmış. Elə indinin özündə də Naxçıvana "Əshabi-Kəhf" ziyarətinə gedəndə əhd edib bəlli bir yerdə dayanılır. Əgər qayadan su damcısı onun başına düşərdisə, deməli ürəyində tutduğu arzu həyata keçəcək. Belə misalları çox çəkmək olar, hətta bu kimi hadisələr xristianlarda, yəhudilərdə və digər dinlərə tapınan xalqlarda da var. Bu onların inancıdır və bu inancları islam və digər dinlər də əllərindən ala bilməyib, qılınc, zor kömək etməyib. Türklər təkcə Tanrıya bağlı deyildir, həm də onun yerdə yaratdığına, təbiətə bağlı idilər. Qədim türklər təbiətin onlara Tanrı tərəfindən verildiyinə inanır və onu kulta çevirirdi. Onlar ildırımı Tanrının silahı hesab etmişlər. İldırım vuran ağacı tapınaq kimi qəbul etmiş və ziyarətə gəlmişlər.
Türklərdə müqəddəs (qutsal) ata məzarlıqları da vardır, indi də mövcuddur. Hətta islam dini də türklərin qədim inanclarını əllərindən ala bilməyib. İslam dini yenigün (novruz) bayramını qəbul və qeyd də etmir. Amma yeni gün birinci günündə insanlar məzarlığa axışır, ölənlərilə bayramlaşırlar. Əski türklər, elə indinin özündə də inanırlar ki, ölənlərin ruhları bu dünya ilə o dünya arasında bağ yaradır, əlaqə qurur.
Herodot yazır ki, Dara iskitlərə (skiflərə) hücum edəndə onlar döyüşmürdülər, sadəcə olaraq ucu-bucağı görünməyən bozqırlarda (çöllərdə) yoxa çıxırdılar. Dara onlara xəbər göndərir ki, mənimlə niyə döyüşmürsünüz, yoxsa məndən qorxursunuz?
Ona belə cavab verirlər ki, biz heç kimdən qorxmuruq, bozqırlarda bizdən güclüsü də yoxdur. Əgər sən bizimlə döyüşmək istəyirsənsə, o zaman bizim qutsal (müqəddəs) məzarlığımızı dağıt, onda bizim necə döyüşçü olmağımızı öz gözlərinlə görərsən. Elə də olur. Bir sözlə, əcdad kultuna bu gün də sayğı ilə yanaşılır, nəsildən-nəsilə ötürülür.
Kosmoqonik miflər bəzən real nəticələrini də verir, gün, ay, il saylarını və fəsili, gecə-gündüzü, günortanı, ölçünü sistemləşdirməyə imkan verirdi. Bunlar burada da özünü göstərirdi. Çünki türk xalqlarının mifologiyasında, etnoqrafiyasında, folklorunda, inam və inanclarında, kultların yaranmasında göy cisimlərinin (Gün, Ay, Ulduz) önəmli rolu və ağırlığı vardır. Təsadüfi deyil ki, əcdadımız olan Oğuz xanın altı oğlundan üçünün adı Gün, Ay və Ulduz qədim kosmoloji baxışlara və biliklərə bağlıdır.
Prototürklərdən gələn və günümüzə qədər bəzi türk boylarında istifadə olunan Göy və Yer-su kultudur.
Eyni mifologiya həm qədim türklərdə, həm də şumerlərdə mövcuddur, yəni əvvəl bir olan Göy və Yer, sonradan ayrılmış, aralarına hava doldurulmuş, su və od isə insana təkcə həyat mənbəyi olmamış, həm də yaşam mənbəyi və dünya baxışı vermişdir. Yenigünün də (Novruzun) başlanması bu mifoloji sistemlə bağlı olsa da, sonradan reallıqda bunu bayram kimi qeyd etmişlər və indi də edirlər.
Qədim türklər Tanrını göydə yerləşdirir və hər hərəkətlərində, elə hesab edirdilər ki, onunla özləri arasında bağlılıq var. Əgər törələrə əməl edilməzsə, bu bağlılıq yoxa çıxa bilər. Tanrı və Göy türklərdə qutsal (müqəddəs) hesab edilirdi və belə düşünülürdü ki, xaqana hakimiyyət Göydən gəlir və o Tanrı və Göy tərəfindən seçilmişlərdəndir. Əgər xaqan seçilmişlərdəndirsə, deməli onun soyu, boyu da seçilmişlərdəndir. F.Ağasıoğlu yuxarıda adını çəkdiyimiz kitabda yazır: "Prototürk ata yurduna gəlib 5-6 min il öncə buradakı türklərdən "Tanrı" sözünü alan sumerlər kimi, çinlilər də həmin sözü buradan 3-4 min il öncə doğuya köçən türklərdən almışlar. Çin qaynaqlarını araşdıran uyğur türkü A.İnayət yazır ki, çin dilində Tanrı və Göy sözləri türk dilindən alınmadır. Türk dillərində bu iki polisemantik söz mifoloji qavramdan süzülüb gəldiyi üçün metaforik deyimlərdə hər ikisi "qutsal" anlamla görünür: "Gök tenri, Tanrıxan, Göktürk, Gökböri. Elam yazısında da Kuk (Göy) Tanrı adı keçir."
Qədim türklərdə Göy "ata" kimi, Yer isə "ana" kimi qəbul edilirdi. Bu baxımdan torpağa, vətənə indinin özündə də "Ana torpaq", "Ana vətən" deyirik.
Yer də öz növbəsində iki yerə bölünürdü: yerüstü və yeraltı. Prototürklərin mifoloji dünya baxışlarına görə həm yer üstündə, həm də yeraltı dünyada həyat mövcuddur və onlar bir-birlərinin işlərinə qarışmırlar. Bəzi rəvayətlərə görə, yer öküzün, tısbağanın, balinanın üstündə duruş gətirir. Göylə Yer arasında göyü saxlayıb üstümüzə tökülməyə qoymayan dirəklərdir, yəni dağlardır. "Sumer mifində Yerlə Göy arasındakı dirəyə "duranki" deyirdilər."
Yenə sumer mifologiyasında yerüstü sahibin adı "Enki", yeraltı dünyanı idarə edən "Yereşkiqal" adlanır.
Qədim yunan mifologiyasında da buna bənzər rəvayətlər mövcuddur. Belə ki, yunanlar belə hesab edirdilər ki, yer altında gözü qanla örtülmüş, heç bir qayda-qanun tanımayan "tartar"lar yaşayırlar. Çingiz xanın dövründə monqol-tatarlar Avropaya ayaq basanda din xadimləri belə hesab etdilər ki, Allahın qəzəbinə gəliblər və yeraltı dünyanın qapısı açılaraq "tartarlar", yəni "tatarlar" yerin üstünə çıxıblar.
Bundan əlavə əski türklərdə "Dağ-daş", "Yada daş", "Ağac", "Od və Ocaq", "Qılınc", "Təbiət", "At", "Təkə, qoç-qoyun və maral", "İlan, əjdaha və bağa", "Bozqurd" kultları mövcud olmuş və hər kulta onlar qutsal olaraq baxmışlar.
Ardı var