Azad Məsiyev: “Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsə,…” – ÖZƏL
12 İyun 14:53 SiyasətErmənistanın müxalifyönlü "Hraparak" nəşri son günlər Ermənistan-Azərbaycan sərhədindəki demarkasiya prosesi ilə bağlı daha bir iddia irəli sürüb. Nəşrin məlumatına görə, yaxın vaxtlarda Ermənistan tərəfi Azərbaycana əlavə olaraq təxminən 180 kvadrat kilometr ərazi güzəştə gedəcək. İddia olunur ki, bunun əvəzində Ermənistan cəmi 25 kvadrat kilometr ərazi əldə edəcək.
Əldə olunan xəritələrdə sərhədin yeni xəttinin bəzi sahələrdə Azərbaycan ərazisinin Ermənistanın daxilinə doğru irəliləməsi ilə fərqləndiyi qeyd olunur.
"1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda ölkəmizin ərazisi 114.000 kvadrat kilometr təşkil edirdi. Ermənistanın isə cəmi 9.000 kvadrat kilometr ərazisi var idi. Bunu tarixi sənədlər də təsdiqləyir.
Azərbaycan bolşeviklər tərəfindən işğal edildikdən sonra xalqımızın iradəsi və dövlətimizin razılığı olmadan Azərbaycan torpaqları Ermənistana verildi. Bu günkü Ermənistan məhz Azərbaycan torpaqları hesabına yaradılmış bir dövlətdir. Bu, danılmaz tarixi faktdır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, politoloq Azad Məsiyev deyib. Politoloq bildirib ki, əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarından əl çəkməzsə, Azərbaycan da tarixi torpaqları ilə bağlı haqlı iddialar irəli sürmək hüququna malikdir:
"Əgər Ermənistan qonşularla dinc yanaşı yaşamaq prinsipinə əməl etməyəcək, öz Konstitusiyasında dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarından imtina etməyəcəksə, onda Azərbaycanın da öz tarixi torpaqları ilə bağlı iddialar irəli sürmək haqqı var. Əgər iki dövlət bir-birinin ərazi bütövlüyünü tanıyırsa, mütləq şəkildə sərhədlərin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi prosesi həyata keçirilməlidir. Bu proses hansı xəritə əsasında aparılacaq? Bilirsiniz ki, həm 1920-ci ilin, həm də 1970-ci ilin xəritələri mövcuddur. Hələ dəqiq bilinmir ki, bu sərhədlər hansı xəritəyə əsasən müəyyən ediləcək.
Bir daha xatırladım: əgər Ermənistan öz Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyəcək, bu istiqamətdə referendum keçirilməyəcək, rəsmi şəkildə bu iddialar ləğv olunmayacaqsa, o zaman Azərbaycan sərhədlərin 1918-ci və 1920-ci illərin xəritələrinə əsasən müəyyən edilməsini tələb etməlidir.
Ermənistandakı bəzi siyasi partiyaların açıqlamaları isə daha çox daxili auditoriyaya hesablanıb. Məlumdur ki, 2026-cı ilin yayında Ermənistanda parlament seçkiləri keçiriləcək. Müxalif qüvvələr hazırkı hakimiyyəti nüfuzdan salmaq, Paşinyanı xalqın gözündə "düşmən obrazı" kimi təqdim etmək üçün bu cür addımlar atırlar. Bu isə Ermənistanın daxili məsələsidir. Ancaq reallıq dəyişmir: istər Paşinyan hakimiyyətdə olsun, istərsə də gələcəkdə başqa biri, fərq etməz - erməni dövləti və xalqı qonşularla, xüsusilə də Azərbaycanla dinc yanaşı yaşamaq prinsipinə əməl etməlidir. Əks halda, Azərbaycanın da öz tarixi torpaqlarına iddia etmək haqqı var və bu, bir xalq olaraq bizim mənəvi borcumuzdur.
Əgər Ermənistan hələ də "dənizdən-dənizə Böyük Ermənistan" ideyasına sadiq qalırsa, Azərbaycanın Qarabağ bölgəsinə yenidən iddialar edir, Konstitusiyasında bu kimi müddəaları saxlayırsa və açıq şəkildə Azərbaycana qarşı aqressiv siyasət yürüdürsə, təbii ki, buna adekvat cavab vermək bizim suveren hüququmuzdur".
Politoloqun sözlərinə görə, Ermənistandakı daxili siyasi çəkişmələrə baxmayaraq, Azərbaycan sərhədlərin dəqiqləşdirilməsində maraqlıdır və regional sabitlik naminə hər təxribatın qarşısını almağa hazırdır.
"Daxili auditoriyada ictimai rəyi formalaşdırmaq üçün müxalifət partiyalarının atdığı addımlar Azərbaycan üçün əhəmiyyət daşımır. Təbii ki, Azərbaycan sərhədlərin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi prosesində maraqlıdır. Bu prosesin hansı xəritə əsasında aparılacağı isə iki dövlət arasında əldə olunacaq razılıqla zaman-zaman həyata keçiriləcəkdir. Lakin ümumi mənzərə onu göstərir ki, Ermənistan-Azərbaycan arasında sülh sazişi mütləq imzalanmalıdır. Bunun üçün isə ən vacib şərt ondan ibarətdir ki, dövlətlər bir-birinin ərazi bütövlüyünü rəsmi şəkildə tanımalıdır. Bu zaman haqlı bir sual ortaya çıxır: Ermənistan Azərbaycanı hansı ərazilərdə tanıyır? Əgər bu tanınma baş verməyibsə, onda sərhədlərin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi prosesi gecikdirilə bilməz.
Bir daha təkrar edirəm: bu proses üçün mütləq şəkildə ortaq bir xəritə qəbul olunmalıdır. Ermənistan daxilindəki siyasi qarşıdurma Azərbaycanı maraqlandırmır. Lakin kim hakimiyyətə gəlirsə-gəlsin, qonşularla dinc yanaşı yaşamaq prinsipinə əməl etməlidir. Əgər bu baş vermirsə, qarşıdurma və gərginlik qaçılmaz olacaq. Unutmamalıyıq ki, Ermənistanda hakimiyyət uğrunda ciddi mübarizə gedir. Bu, həm kilsə ilə dünyəvi siyasi hakimiyyət, həm də müxtəlif siyasi təbəqələr arasında baş verir. Bu mübarizədə müxtəlif vasitələrdən istifadə olunur. O cümlədən də Paşinyan əleyhinə sərhədlərin müəyyən edilməsi prosesindən manipulyativ məqsədlərlə istifadə edilir. Hesab edirəm ki, bütün bu proseslər Ermənistanın daxili işi olsa da, Azərbaycanın təhlükəsizliyi və regional sabitlik baxımından hər bir təxribatın qarşısı qətiyyətlə alınmalıdır".
Səidə Ramazanova