Güclü qar səbəbindən Türkiyənin bəzi ərazilərində tədrisə fasilə verilib
12 Yanvar 21:44 DünyaTürkiyənin Ordu və Kahramanmaraş vilayətlərində əlverişsiz hava şəraiti səbəbindən tədris prosesi müvəqqəti dayandırılıb.
Trend Türkiyə KİV-ə istinadən xəbər verir ki, Ordu Valiliyindən verilən məlumata görə, güclü qar, şaxta və buzlaşma riski ilə əlaqədar Akkuş, Aybastı, Çamaş, Çatalpınar, Çaybaşı, Gölköy, Gürgentepe, İkizce, Kabataş, Korgan, Kumru, Mesudiye və Ünye rayonlarında bütün dövlət və özəl təhsil müəssisələrində, eləcə də xüsusi təhsil və reabilitasiya mərkəzlərində, kurslarda və xalq təhsili mərkəzlərində bir gün müddətinə dərslər təxirə salınıb.
Bildirilib ki, dövlət qurumlarında çalışan hamilə və əlilliyi olan şəxslər, həmçinin uşağı bağça və ya uşaq bağçasına gedən analar da inzibati məzuniyyətli sayılacaqlar.
Kahramanmaraş vilayətində isə güclü qar və əlverişsiz hava səbəbindən Andırın, Çağlayancerit, Elbistan, Ekinözü, Göksun və Nurhak rayonlarında tədrisə bir gün fasilə verilib. Vilayətin Türkoğlu, Dulkadiroğlu, Onikişubat və Pazarcık rayonlarının kənd ərazilərində yerləşən bəzi məktəblərdə də eyni qərarın tətbiq olunduğu bildirilib.
Rəsmi qurumlar hava şəraitinin gedişindən asılı olaraq əlavə qərarların verilə biləcəyini istisna etmirlər.