Komitə iclasında 2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb (FOTO)

Noyabrın 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə olunub.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclasda komitənin üzvləri, parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri, aidiyyəti dövlət qurumlarının rəhbərləri və təmsilçiləri iştirak ediblər.

Tədbiri açan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov 2027-ci ilin büdcə zərfinin qanunvericiliklə müəyyən edilmiş qaydada Milli Məclisə daxil olduğunu, Hesablama Palatası tərəfindən büdcə sənədlərinə dair rəylərin hazırlandığını bildirib.

Komitə sədri 2027-ci ilin dövlət büdcəsinin əsas xüsusiyyətləri barədə məlumatında diqqətə çatdırıb ki, büdcə gəlirləri 39,2 milyard manat, xərcləri isə 42,4 milyard manat proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiq edilmiş büdcəsi ilə müqayisədə həm gəlir, həm də xərclər üzrə 1,7%-lik artım deməkdir. Dövlət büdcəsi kəsirinin yuxarı həddi təxminən 3,2 milyard manat nəzərdə tutulur.

O, vurğulayıb ki, büdcə zərfi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü təşəbbüslərin, müəyyən etdiyi dövlət proqramlarının, ölkəmiz qarşısında dayanan strateji vəzifələrin icrası üçün etibarlı maliyyə təminatı yaradır. Bildirilib ki, büdcə zərfi dövlətin sosial siyasətinin növbəti ildə daha da gücləndiriləcəyindən xəbər verir. Xərclərin 18,7 milyard manatının və ya 44,2%-nin sosial yönümlü olması bunu bir daha təsdiq edir. Bu məbləğ 2026-cı illə müqayisədə 1,6 milyard manat və ya 9,2% çoxdur. Bununla yanaşı, dövlət büdcəsində milli təhlükəsizlik və müdafiə məsələlərinin diqqətdə saxlanılıb. 2027-ci il dövlət büdcəsində əsaslı xərclər 13,8 milyard manat, yaxud ümumi xərclərin 32,5%-i həcmində nəzərdə tutulub.

Büdcənin dayanıqlığının təmin edilməsinin əhəmiyyətindən danışan komitə sədri büdcə qaydalarına tam riayət edilməsinin, 2027-ci ildə büdcə mədaxilinin 60%-dən çoxunun qeyri-neft gəlirlərinin payına düşməsinin, cari xərclərin 90,1%-nin qeyri-neft-qaz gəlirləri hesabına qarşılanmasının, Dövlət Neft Fondundan transfertin 935 milyon manat azaldılmasının büdcədə keyfiyyət dəyişikliklərini səciyyələndirən əsas amillər olduğunu bildirib.

Sonra iclasda maliyyə naziri Sahil Babayev "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini və büdcə zərfinə daxil olan sənədləri təqdim edib.

Nazir qeyd edib ki, ölkə başçısının rəhbərliyi altında ölkəmizin sosial-iqtisadi inkişafı bütün istiqamətlər üzrə təmin edilir. Azərbaycan, qüdrətli, iqtisadi cəhətdən daha inkişaf etmiş, sosial cəhətdən əhalinin rifahını daha yaxşı təmin edən dövlətə çevrilir. Həyata keçirilən bu struktur, institusional, iqtisadi, sosial islahatların çərçivəsi növbəti dövr üçün də həm dövlət büdcəsində, həm də ortamüddətli xərclər çərçivəsində nəzərdə tutulub.

Nazir ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2027-ci il üzrə hazırlanmış büdcə siyasətinin əsas prinsiplərinin dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin qorunması, əhalinin rifahı və sosial tədbirlərin tam maliyyələşdirilməsi, müdafiə qabiliyyətinin və təhlükəsizliyin təminatının gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı, rəqəmsal texnologiyalar və innovasiyaların tətbiqinin genişləndirilməsi, təhsil və səhiyyə sektorlarının inkişafının dəstəklənməsi, fiskal intizam qorunmaqla büdcə qaydasına əməl edilməsi, büdcə xərclərinin Dövlət Xəzinədarlığı vasitəsilə ünvanlı və səmərəli icra edilməsi, real sektorun inkişafının daha da sürətləndirilməsi olduğunu bildirib.

2027-ci ilin əsas makroiqtisadi göstəriciləri ilə bağlı nəzərə çatdırılıb ki, növbəti ildə ümumi daxili məhsulun məbləği 141 milyard manat olaraq qiymətləndirilir. Bu, 2026-cı illə müqayisədə 2,7%-lik real artım deməkdir. Qeyri-neft-qaz sektoru üzrə ÜDM 109,1 milyard manat proqnozlaşdırılır, bu da 2026-cı ilə nisbətən 4,4%-lik bir real artım deməkdir. Növbəti il üçün xam neftin bir barelinin orta illik qiyməti 65 dollar götürülüb. Orta illik inflyasiya 5,3% proqnozlaşdırılır. Hazırda ümumi dövlət borcu 23,9 milyard manat təşkil edir və bu, cari ilin əvvəli ilə müqayisədə 2,8% azdır. Borc portfelinin 16,2 milyard manatı daxili dövlət borcu, 7,7 milyard manatı isə xarici dövlət borcudur. Strateji valyuta ehtiyatları cari ilin 1 oktyabr tarixinə 89,4 milyard dollara çatıb və Dövlət Neft Fondunun gəlirləri növbəti ildə 7,8 milyard dollar, xərcləri isə 7,1 milyard dollar, Neft Fondunun transferti 7 milyard dollar olaraq proqnozlaşdırılır.

Qeyd edilib ki, büdcə siyasətinin əsas istiqamətlərindən biri neftdən asılılığın daha da azaldılmasıdır. Bu məqsədlə Azərbaycan hökuməti tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Növbəti ildə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbətinin 17,1% olacağı, icmal büdcədə qeyri-neft gəlirlərinin payı isə 64,5%-ə çatacağı gözlənilir.

Nazir büdcə xərclərinin sosial-iqtisadi ehtiyaclarımıza uyğun olaraq tərtib edildiyini deyib. O, bildirib ki, icmal büdcənin xərcləri qeyri-neft ÜDM-in 46,2%-i təşkil edəcək. Dövlət büdcəsinin 32,5%-i əsaslı xərclərə yönəldiləcək. Təhsil və səhiyyə xərcləri də ümumi daxili məhsulun müvafiq olaraq 3,6% və 1,5%-nə çatacaq. Növbəti ildə aqrar sektora ayırmalar aqrar ÜDM-in 15,8%-nə çatacaq. Bildirilib ki, növbəti ilin dövlət büdcəsində rayonların dotasiyadan asılılığı tam aradan qaldırılıb. Naxçıvana verilən dotasiya isə cari illə müqayisədə 13,6 milyon manat və ya 6,4% azalacaq.

Daha sonra Sahil Babayev nəzərə çatdırıb ki, növbəti ildə icmal büdcənin gəlirləri 47,6 milyard manata çatacaq və bu 2026-cı illə müqayisədə 2,6 milyard manat və ya 5,9% artım deməkdir. Gəlirlərin ÜDM-də payı 33,8%-ə çatacaq, bu da 2026-cı illə müqayisədə 1,2% çoxdur. İcmal büdcədə qeyri-neft gəlirlərinin payı 64,5%-ə çatacaq, bu da cari illə müqayisədə 1,5% çoxdur.

Qeyd edilib ki, dövlət büdcəsinin gəlirləri cari illə müqayisədə 645 milyon manat artımla proqnozlaşdırılır. ÜDM-də dövlət büdcəsi gəlirlərinin payı isə 27,8% olaraq proqnozlaşdırılır. Qeyri-neft sektoru üzrə 23,8 milyard manatlıq və ya 60,6% gəlir gözlənilir. Qeyri-neft gəlirlərinin qeyri-neft ÜDM-ə nisbəti isə 21,8% olacaq. Neft sektoru üzrə gəlirlər isə 15,5 milyard və ya ümumi büdcə gəlirlərinin 39,4%-i təşkil edəcək. Bununla yanaşı, Dövlət Vergi Xidməti üzrə daxilolmalar 18,4 milyard manata və ya 47%-ə çatacaq, bu da cari illə müqayisədə 1,5 milyard manat və ya 9% artım deməkdir. Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 6,9 milyard manat və ya büdcə gəlirlərinin 17,1%-i, Dövlət Neft Fondunun transferti 11,9 milyard manat və ya büdcə daxilolmalarının 30,3%-i olacaq. Növbəti ildə, dövlət müəssisələrindən dividend daxilolması 872 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə daxilolmalar 949 milyon manat, sair gəlirlər isə 484 milyon manat olaraq proqnozlaşdırılır.

Sonra maliyyə naziri növbəti ildə icmal və dövlət büdcəsi xərcləri ilə bağlı məlumatı diqqətə çatdırıb. Qeyd edilib ki, icmal büdcənin xərcləri 50,4 milyard manat, yəni cari illə müqayisədə 1,5 milyard manat çox proqnozlaşdırılır.

Dövlət büdcəsinin xərcləri isə 42,4 milyard manat və ya cari illə müqayisədə 696,4 milyon manat və ya 1,7% artımla müəyyən edilib. Onun ÜDM-də payı 30,1%, qeyri-neft ÜDM-də payı isə 38,9% olacaq. Dövlət büdcəsi xərclərinin tərkibində cari xərclər 26,4 milyard manat və ya xərclərin 62,3%-i olaraq proqnozlaşdırılır. Sosialyönümlü xərclər 18,7 milyard manat və ya 44,2% təşkil edəcək. Əsaslı xərclər 13,8 milyard manat olaraq proqnozlaşdırılır. Dövlət borclarına xidmətlə bağlı xərclər 2,2 milyard məbləğində qiymətləndirilir. Maliyyə naziri büdcənin funksional təsnifatı üzrə xərc istiqamətlərinə dair göstəricilər diqqətə çatdırıb.

Sonra tədbirdə Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov çıxış edib.

O bildirib ki, mürəkkəb qlobal şəraitə baxmayaraq, 2026-cı ilin ilk 9 ayında ölkəmizdə iqtisadi artım davam edib. Bu dövrdə ümumi daxili məhsul 1,5%, qeyri-neft-qaz sektorunda 2,6% artıb. Bu dövrdə xarici ticarət balansında 10,5 milyard ABŞ dolları həcmində müsbət saldo qeydə alınıb, strateji valyuta ehtiyatları 5,1% artaraq 89,4 milyard ABŞ dolları olub. Qeyd olunub ki, cari ildə də pul siyasəti monetar şərait vasitəsilə inflyasiyanın hədəfdə saxlanılmasına yönəldilib. 2026-cı ilin ötən dövründə valyuta bazarında məzənnə sabitliyi təmin olunub.

Diqqətə çatdırılıb ki, 2026-cı ilin ötən dövründə bank sektorunun aktivlərinin genişlənməsi iqtisadi fəallığa dəstək verib. Belə ki, bank sektorunun aktivləri 10 ayda 15,1% artaraq 65,7 milyard manata çatıb. Habelə cari ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə sığorta haqları 8%, sığorta ödənişləri isə 29% artıb. Qiymətli kağızlar bazarında ticarət dövriyyəsinin ümumi həcmi 35 milyard manat təşkil edib. Səhm bazarında əməliyyatların ümumi həcmi 9 dəfə artaraq 2,6 milyard manata çatıb.

Sonra Taleh Kazımov 2027-ci ilə gözlənilən makroiqtisadi siyasətlə bağlı fikirlərini açıqlayıb. Qeyd edilib ki, Mərkəzi Bankın proqnozlarına görə 2027-ci ildə ölkədə ÜDM-in 2,3%, qeyri-neft-qaz ÜDM-in isə 4,3% artacaq. Cari əməliyyatlar hesabının profisitinin 5,4 milyard ABŞ dolları, illik inflyasiyanın 5,9% səviyyəsində qərarlaşacağı olacağı proqnozlaşdırılır. Mərkəzi Bankın İdarə Heyətinin sədri 2027-ci ilin büdcə layihəsinə münasibət bildirərək, ümumilikdə, 2027-ci il və ortamüddətli dövr üçün təqdim edilən makro-fiskal çərçivəni müsbət qiymətləndirib. O, qeyd edib ki, dövlət xərclərinin konservativ artımı və optimallaşdırılması, neft transfertlərinin mərhələli azaldılması, büdcə gəlirlərində qeyri-neft mənbələrinin payının artırılması, habelə büdcə kəsiri və dövlət borcunun idarəolunan səviyyədə saxlanılması fiskal dayanıqlığın gücləndirilməsinə xidmət edir.

Sonra iclasda İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalov çıxış edib. O, ötən dövrdə iqtisadiyyatda baş verən keyfiyyət dəyişikliklərindən bəhs edib. Bildirilib ki, özəl sektordan əsas kapitala investisiya qoyuluşu 14,7 milyard manat olmaqla real ifadədə 10,9% artıb. Qeyri-neft-qaz sektorunda özəl investisiyalar isə 21% ətrafında artıb. Həmçinin, qeyri-neft-qaz sektoru üzrə artımın aparıcı mənbəyi qeyri-neft-qaz sənayesi, logistika və rəqəmsal xidmətlər olduğu qeyd edilib.

Bununla yanaşı, nəzərə çatdırılıb ki, dövlət büdcəsi xərclərinin, o cümlədən əsaslı xərclərin ilin sonunadək tam icrası iqtisadi artımın sürətinə təsir edən mühüm amildir. Neft Fondunun qızıl əməliyyatları nəzərə alınmadan qeyri-neft-qaz ixracı 9 ayda 20,5% artaraq 3,2 milyard dollara çatıb, bunun 60%-i sənaye məhsullarıdır. Neft Fondunun qızıl əməliyyatları nəzərə alınmadan xarici ticarət saldosu 25% artaraq 7,1 milyard dollar profisitlə formalaşıb. Qeyd edilib ki, cari ilin 9 ayında vergilər üzrə proqnoz 107,2%, o cümlədən qeyri-neft-qaz sektorunda 102,9% icra edilib, illik proqnozun 80,6%-i isə artıq təmin olunub. Vergi daxilolmaları 9,4%, qeyri-neft-qaz vergiləri isə 12,6% artıb.

Komitə iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi layihəsinə dair Palatanın rəyini səsləndirib. Bildirilib ki, qanunvericiliyə uyğun hazırlanmış qanun layihəsi maddələr üzrə təhlil edilib və bəzi maddələrin təkmilləşdirilməsinə ehtiyac olduğu qənaətinə gəlinib.

Vüqar Gülməmmədov büdcə zərfinin izahat hissəsində əvvəlki illərdən fərqli olaraq, fiskal risk anlayışının konkretləşdirildiyini, beynəlxalq təlimatlara uyğun olaraq risklərin təsirinin və başvermə ehtimalının da qiymətləndirildiyini bildirib.

Məsələ ətrafında müzakirələrdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini və digər deputatlar, eləcə də partiya nümayəndələri çıxış ediblər, növbəti ilin dövlət büdcəsi layihəsi ilə bağlı fikirlərini, rəy və təkliflərini bildiriblər, bəzi suallarını səsləndiriblər.

Maliyyə naziri Sahil Babayev, Mərkəzi Bankın sədri Taleh Kazımov, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov, İqtisadiyyat Nazirliyi Aparatının rəhbəri Elvin Camalov və Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxışlarda qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrin sonunda "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Komitə iclasında 2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb (FOTO)

Komitə iclasında 2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb (FOTO)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31