Su ehtiyatlarından istifadənin səmərəliliyinin artırılması-mühüm strateji hədəfdir- ÖZƏL
12 Yanvar 21:10 İqtisadiyyatMəlum olduğu kimi,iqlim dəyişikliklərinin kəskinləşməsi,su ehtiyatlarının azalması və onun ekoloji sistemə mənfi təsirlərinin getdikcə artması uzunmüddətli dövrdə qlobal miqyasda əsas çağırışlardan biri kimi getdikcə daha geniş miqyasda ön plana çıxmaqdadır. Su ehtiyatları və ondan səmərəli istfadə zəmanəmizin ən önəmli məsələlərindən birindir və iqlim dəyişikliyinin getdikcə kəskinləşməsi bu məsələnin aktuallığı daha da artacaq.
Cənubi Qafqazın bərpa olunan 174 milyard kubmetrdən artıq şirin su ehtiyatlarının 62 faizi Gürcüstanın, 23 faizi Ermənistanın, təxminən 15 faizi və ya 26,2 milyard kubmetri isə Azərbaycanın payına düşür.Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2010−2023-cü illərdə təbii mənbələrdən götürülən suyun həcmi 10,7 faiz, su istehlakı isə 26,7 faiz artıb.İllik su təsərrüfatı balansının göstəricilərinə görə,ölkə üzrə su mənbələrindən əkin sahələrini suvarma məqsədilə götürülən suyun 50 faizi, əhalinin içməli su təchizatı məqsədilə götürülən suyun isə 37 faizi son istehlakçıya çatmır.Su itkilərinin orta illik həcmi təxminən ölkə ərazisində formalaşan yerüstü su ehtiyatları,yəni 4,6 milyard kubmetrə qədərdir.Ona görə də Azərbaycanda da mövcud su ehtiyatlarından istifadənin səmərəliliyinin artırılması və itkilərin minimuma endirilməsi məsələləri çox böyük aktuallıq kəsb edir və strateji hədəf xarakteri daşıyır.Bu baxımdan yanvarın 12-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramına həsr olunan müşavirənin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
Dövlət başçısı əmin müşavirədəki çıxışında bildirib ki, son 20 il ərzində biz dörd böyük su anbarı inşa etmişik və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Bu gün biz azad edilmiş ərazilərdə içməli su və suvarma layihələrini icra edirik.Son beş il ərzində bir neçə önəmli layihə başa çatıb.Vaxtilə Ermənistan tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmış su anbarları əsaslı təmir edilib.
Müşavirədə xüsusi vurğulanan məqamlardan biri bu oldu ki, bizim su mənbələrinin təqribən dörddəbir hissəsi vaxtilə işğal altında olmuş ərazilərdə formalaşır.Həmin su mənbələrinin üstünlüyü odur ki,bunların əksəriyyəti Azərbaycan ərazisində formalaşır.Yəni başqa ölkələrdən asılılıq ərazilərimizin qaytarılması nəticəsində böyük dərəcədə azalıb.
Prezident Bakının və Abşeron yarımadasının içməli su problemlərindən danışarkən bildirib ki,əfsuslar olsun ki, bu məsələ uzun illər ciddi problem kimi qarşımızda durur.Bu istiqamətdə müəyyən işlər görülüb. Ancaq vaxt gəlib çatıb ki, genişmiqyaslı və müfəssəl dövlət proqramı qəbul və icra edilsin. Bu proqram Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək.Bu proqramın əsas məqsədi Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir.Proqram 2035-ci ilə qədər icra olunmalıdır. Bu fakt özlüyündə göstərir ki, nə qədər genişmiqyaslı proqramdır, çünki orada nəzrdə tutulanların hamısını tam icra etmək üçün vaxt lazımdır. Proqramın icrası iki mənbədən: dövlət büdcəsi və xarici kreditlər hesabına maliyyələşəcək.
Dövlət başçısı qeyd edib ki,Xəzər dənizinin çirklənməsinin qarşını almağın əsas amillərindən biri kimi dənizə buraxılan sular 100 faiz təmizlənməlidir. Eyni zamnda dövlət başçısı əlavə edib ki, Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq üçün ilk dəfə olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək.Xarici investisiyalar hesabına qabaqcıl texnologiya əsasında həyata keçiriləcək bu layihə imkan verəcək ki,Bakıya və Abşeron yarımadasına gələn suların həcmini artıraq.Duzsuzlaşdırma nəticəsində əhali təmiz və keyfiyyətli içməli su ilə təmin ediləcək və eyni zamanda, suvarma üçün də böyük mənbə yaranacaqdır.
Prezident onu da xüsusi qeyd edib ki, bu sahədə mövcud olan ciddi problemlərdən biri də su itkiləri ilə bağlıdır. Bu gün bu sahədə itkilər təqribən 40-45 faizdir.Əgər itkilər aşağı səviyyədə olsaydı, hətta mövcud su ehtiyatı bizə bu gün kifayət edərdi.Bununla belə biz gələcəyi də hesablamalıyıq. Çünki əhali artır, sənaye artır, təbii ki, tələbat da artır. Ona görə itkilərin kəskin azaldılması əsas məsələlərdən biridir. Proqramın icrası nəticəsində su itkiləri kəskin azalmalıdır.
Prezident öz çıxışında kanalizasiya sisteminin vəziyyətinə də toxunub və bildirib ki, leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür, çox ciddi problemlər yaşanır.Düzdür, bu, təkcə Bakıda, Azərbaycanda deyil,dünyanın istənilən yerində belə halları görürük. Ancaq buna baxmayaraq, bizim də bu sahədə zəif yerlərimiz kifayət qədər çoxdur. Ona görə yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsi də qurulacaq və leysan yağışları zamanı bunun çox böyük faydası olacaq.B gün kanalizasiya xidməti göstərilən əhali cəmi 50 faiz təşkil edir.Proqramın icrası nəticəsində bu,95 faizə çatdırılmalıdır.
Sözügedən Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin məhdud su ehtiyatlarından maksimum səmərəli istifadə edilməsi prinsipi əsasında sistemli şəkildə,şəffaflıq,hesabatlılıq və effektli nəzarət şəraitində həyata keçirilməsi, Bakı şəhəri və Abşeron yarımadasında su təhlükəsizliyinin dayanıqlığının artırılması;bu sahədə müasir tələblərə cavab verən idarəetmə sisteminin qurulması; əhalini, sənayeni, kənd təsərrüfatını keyfiyyətli və dayanıqlı su ilə təmin edilməsi; tullantı və yağış sularının yaratdığı problemlərin aradan qaldırılması, kanalizasiya sistemləri və tullantı sularının emal edilməsinin infrastruktur təminatının yaxşılaşdırılması;su anbarlarının potensialının artırılması,mövsüm gələndə suların yığılmasında və sonra il boyunca onlardan istifadə etmək imkanlarının genişləndirilməsində də mühüm rol oynayacaq.
Əli Məsimli
Milli Məclisin deputatı