Erməni diasporu sülhə, yoxsa qarşıdurmaya çalışır? - ÖZƏL
12 İyun 16:13 SiyasətABŞ-dəki USCIRF yenidən Azərbaycana qarşı əsassız iddialarla çıxış edib. Erməni lobbilərinə bağlı qurum, guya ölkədə ermənilərə qarşı dini təqib və hərbi cinayətlər olduğunu bildirir. Sanksiya çağırışları isə real faktlara deyil, təhrif olunmuş məlumatlara əsaslanır.
Politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında bildirib ki, dünya erməniliyi regionun təhlükəsizliyini sual altına qoyur:
"Dünyada olan ermənilər və erməni diaspor təşkilatları, eləcə də lobbist qruplar Cənubi Qafqazda yeni geosiyasi reallıqları qəbul etmir, Azərbaycanın qələbəsini həzm edə bilmirlər. Belə bir təəssürat yaranır ki, sanki Ermənistan dövləti sülhə dair fikirlər səsləndirir.
Nikol Paşinyan sülhdə maraqlı olduğunu bildirir. Amma erməni diasporu azərbaycanlılara və türklərə qarşı radikal mövqeyini genişləndirir və sanki fərqli düşüncələri bölüşürlər. İstənilən halda, burada xristian təəssübkeşliyi, dini tərəfkeşlik və ermənipərəstlik özünü göstərməkdədir. Təsadüfi deyil ki, ABŞ-də fəaliyyət göstərən Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiya Azərbaycana qarşı əsassız iddialar irəli sürür. Azərbaycana qarşı sanksiyalara, məhdudlaşdırıcı tədbirlərə çağırış edirlər. Bu isə tamamilə qəbulolunmazdır.
Çünki Azərbaycan bütün dünyanın tanıdığı, qəbul etdiyi ərazilərini işğaldan azad etmişdir. Burada Azərbaycana qarşı əsassız tədbirlərin görülməsinə çağırış etmək, beynəlxalq hüquqa qarşı çıxmaq anlamına gəlir. Azərbaycan beynəlxalq hüququn fundamental norma və prinsiplərini əsas götürərək, öz ərazilərini işğaldan azad etmişdir. Bu məsələnin mübahisələndirilməsi də tamamilə yersizdir. Digər tərəfdən, hesab edirəm ki, məhz bu cür çağırışlar regionu və onun təhlükəsizlik sistemini sual altında qoyur. Yaxşı olardı ki, dünya erməniliyi də Cənubi Qafqazda mehriban qonşuluq siyasətinə, iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına tərəfdar çıxan bir mövqe ortaya qoysun".
Zeynəb Mustafazadə