Avropa İttifaqının və diplomatik korpusun təmsilçiləri ilə videokonfrans keçirilib

Ədliyyə Nazirliyində Avropa İttifaqının və 15-ə yaxın dövlətin ölkəmizdəki səfirliklərinin təmsilçiləri ilə "Ədliyyə orqanlarında COVİD-19 infeksiyası ilə mübarizə tədbirləri" mövzusunda videokonfrans formatında görüş keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, vətəndaş cəmiyyəti nümayəndələrinin də qatıldığı görüşdə məqsəd koronavirus pandemiyasına qarşı görülən tədbirlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması, bu sahədə əməkdaşlıq məsələlərini müzakirə etmək olub.Nazirliyin struktur qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə ölkə Prezidenti cənab İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə COVİD-19 infeksiyasına qarşı aparılan qəti tədbirlərdən bəhs olunub, ədliyyə orqanlarında pandemiya ilə mübarizədə görülən işlərdən danışılıb.

Məlumat verilib ki, nazirlik tərəfindən ədliyyə qurumlarında, xüsusilə penitensiar müəssisələrdə davamlı dezinfeksiya, profilaktik və digər preventiv işlər aparılıb, vətəndaşların müraciətləri və qəbulu işi, əhaliyə göstərilən ədliyyə xidmətləri, habelə beynəlxalq hüquqi yardımın həyata keçirilməsi elektron qaydada təşkil edilib, əlçatanlığın asanlaşdırılması məqsədilə müasir innovasiyaların tətbiqi genişləndirilib. Həmçinin, qlobal pandemiya şəraitində Ali Məhkəmənin tövsiyələrinə uyğun olaraq məhkəmələr karantin rejiminə uyğun faəliyyət göstərib. Eyni zamanda, yenilik olaraq qeyri-cinayət işləri üzrə məhkəmə prosessləri onlayn rejimdə videokonfrans formatında da keçirilib. Qeyd olunub ki, bu ərəfədə qanunvericiliyinə edilmiş dəyişikliklərlə cinayət işlərində də "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə videokonfransın tətbiqi imkanları yaradılıb.

Tədbirdə dövlət başçısının əfv Sərəncamı ilə virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı 176 nəfər məhkumun azadlığa buraxıldığı, həmçinin davamlı xarakter alan cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə və daha yüngül rejimli müəssisəyə keçirmə institutunun tətbiqinin dərhal intensivləşdirildiyi vurğulanıb, BMT və Avropa Şurası tərəfindən eyni tövsiyələrin bütün dövlətlərə ünvanlandığı qeyd olunub. Bildirilib ki, bu humanist institutun şəffaf tətbiqi məqsədilə yaradılmış nazirliyin xüsusi Komissiyası pandemiya dövründə fəaliyyətini gücləndirmiş rejimdə davam etdirərək məhkumların işləri öyrənilib, video-konfrans vasitəsilə virtual qaydada keçirilən iclaslarda onlarla söhbətlər aparılıb və qanunvericiliyin tələblərinə cavab verən şəxslər barədə materiallar dərhal məhkəməyə təqdim olunub. Həmin işlərə məhkəmələr tərəfindən təxirəsalınmadan baxılaraq pandemiya dövründə 1.000 nəfərədək məhkum vaxtından əvvəl şərti olaraq azadlığa buraxılıb, 429 həbs edilmiş şəxs isə ev dustaqlığı və digər alternativ qətimkan tədbirlərinin tətbiqi nəticəsində həbsdən azad ediliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31