Rəqəmsal kitabxanalar –“sənədsiz dünya”ya çıxışın açarları

Məmmədli Elmira İdris qızı

 Mədəniyyət üzrə Elmi-Metodiki və 

 İxtisasartırma Mərkəzi Təlim-tədris

şöbəsinin sektor müdiri

Sürətlə dəyişən İKT əsaslı mühitdə "Rəqəmsal kitabxana" termini rəqəmsal kitabxanaların ortaya çıxan əsas konsepsiyasını məna və hərflərlə izah etməklə yanaşı oxucuların hər hansı bir  məlumatı, tədqiqatı daha dərindən dərk etməsinə və qoyulan problemlərə diqqət yetirməsinə imkan yaradır.

Zamanın qaçılmaz tələbinə cavab verməyə çalışan kitabxananın ənənəvi biliklər evi anlayışı tədricən elektron kitabxana, rəqəmsal kitabxana və hətta sənədsiz dünya kimi anlayışların surətlə yaranmasına səbəb olur.

Mövzuya diqqət yetirərkən istər-istəməz  qarşıya bir sıra suallar çıxır:

  • Rəqəmsal kitabxanaya necə tərif  vermək olar?
  • Rəqəmsal kitabxanalar hansı zərurətdən yaradıldı?
  • Belə kitabxanaların iş prinsipi necədir?
  • Müasir dövrdə yeni qəbul olunan rəqəmsal kitabxana anlayışının səmərəli bir fəaliyyətin titulu ola bilməsi üçün  problemlər hansı istiqamətlərdə araşdırılmalıdır?
  • Bu kitabxanaların hansı üstünlüklərini qeyd etmək olar?

 

Rəqəmsal kitabxanaya müxtəlif cür tərif vermək mümkündür.

Rəqəmsal Kitabxana-

  • -məlumatları elektron məlumat depolarından mütəşəkkil formada uğurla əldə etməyə imkan verən kompüterləşdirilmiş bir sistemdir.
  • -məlumat istehsalçılarının onu əlçatan edə biləcəyi və istehlakçıların avtomatlaşdırılmış agentlərin köməyi ilə asanlıqla tapa biləcəkləri paylanmış məlumat mənbələrinin toplusudur.
  • -internetdə və ya CD-ROM-da (kompakt diskdə oxunan yaddaş) disklərdə elektron formada mövcud olan sənədlər toplusudur.

Bu kitabxanaların yaradılması zərurətinə gəldikdə isə buna müxtəlif  amillərin təsirini sadalamaq olar. Ən başlıca amil rəqəmsal bir dünyanın yaradılması ideyasının tədricən gerçəkləşdiyi bir dövrün tələblərinə cavab verməyin nə qədər vacib və qaçılmaz olmasıdır. Digər tərəfdən istifadəçilərdə masa üstündə, əl altında daha çox məlumatların olması tələbinin artmasıdır. Bundan başqa kitabxana işçilərinin fiziki olaraq deyil, elektron mənbələrdən istehlakçıların yüksək səviyyədə istifadə edə bilməsinin mütəşəkkil formada təşkilini həyata keçirən xidmətlər göstərməsini təmin   etmək zərurətinin meydana çıxmasıdır.

Rəqəmsal kitabxanalar istifadəçilərə ənənəvi olaraq kitabların çap şəklində saxlanılması əvəzinə elektron obyektlərə və ya rəqəmsal formaya daha çox diqqət ayırmaqla istədikləri məlumatları əldə etməyə, şəbəkələrə qoşulmuş fərdi kompüterin düyməsini bir dəfə klikləməklə şəbəkələrdə paylanmış məlumatlarla səmərəli qarşılıqlı əlaqə qurmağa imkan verir və beləliklə universal çıxışı təmin edir.

Burada məlumatlar rəqəmsal formada saxlanılır, rabitə şəbəkələrinə qoşulmaq vasitəsi ilə oxucu və tədqiqatçılara lazımlı materialları-qəzet, jurnal məqalələrini, kitabları, digər faylları, şəkilləri, səsyazmaları və videomaterialları tapmaq, çap etmək və şəxsi kompüterlərinə yükləmək üçün  əlverişli şərait yaradılır.

İstənilən halda kitabxanalarda olan problemləri həll etmək üçün problemlər kökündən iki istiqamətdə araşdırılmalıdır:

I. Kitabxana və kitabxanaçı ilə bağlı problemlər.

II. Oxucunun yaşadığı problemlər.

Məsələn, müasir texnologiyaların kitabxanalarda mövcud olan İKT infrastrukturu ilə uyğunlaşmama problemi ola bilər. Kitabxanalarda müasir tələblərə cavab verən sürətli internet şəbəkəsinin, kompüter avadanlıqlarının və proqram təminatının olmaması, bundan başqa, ən çox tələbat hansı kitablaradırsa onların elektron variantına əlçatanlığın təmin edilməməsi və bu kimi məsələlər araşdırlmalıdır ki, problemlər düzgün həllini tapa bilsin.

Rəqəmsal məlumatlarla əlaqəli problemlər-məsələn, dəqiqlik, hesabatlılıq, orijinallıq, oxunuş, standartlaşdırma, nüsxəçıxarma hüququ məsələləri də diqqət yetirilməli məqamlardandır.

Bütün kitabxanaların üzləşdiyi ümumi problemlərlə yanaşı, hər kitabxana öz daxili problemlərini də müəyyən edib ortaya çıxarmalıdır. Bu gün rəqəmsal mühitdə fəaliyyət göstərən kitabxanalar mükəmməl qurulmuş, yüksək onlayn xidmətlər göstərə bilən saytlara malik olub-olmaması məsələsinə xüsusi diqqət ayırmalıdırlar. Elektron kitabxanalarda  məlumat depoları dailma yenilənməli, zənginləşdirilməlidir.

Qeyd edək ki, kitabxanaların qarşısında duran ən mühüm vəzifələrdən biri də məlumatların təhlükəsizliyini təmin etməkdən ibarətdir. Məlumatların təhlükəsizliyi dedikdə yəni, sistem qəzası, nasaz disklər, elektrik enerjisinin kəsilməsi, sənədlərin təsadüfən silinməsi və ya üzərində yazılması, kompüter virusu, təbii fəlakətlər, məlumatlardan pul qazanmaq məqsədi ilə qanunsuz istifadə və s. kimi hallar nəzərdə tutulur.

Kitabxanalar nə qədər rəqəmsal formaya keçsə də, onların fəaliyyəti insan faktoru xaricində imkansızdır. Ən güclü elektron sistem belə insan müdaxiləsi olmadan aktiv ola bilməz. Ona görə də, kitabxana əməkdaşları texnoloji biliklərini real dövrün tələblərinə cavab verən sivil səviyyəyə gətirib çıxarmaq məcburiyyətindədirlər. Çünki, artıq elə bil dövrə gəlib çıxmışıq ki,  texnoloji biliklər bütün biliklərdən ön plana çıxıb və normal fəaliyyət göstərmək istəyən hər kəsin qarşısında qoyulmuş vacib tələblərdən biri sayılır. Bir sözlə, kitabxanalarda peşəkar kadrların sürətlə inkişaf edən texnologiyaya uyğunlaşdırılması nəzarət altında olmalıdır.

    Hazırda yaşadığımız problemli dövrün-pandemiya dövrünün  məchul bir zamana qədər davam edəcəyini və bir çox sahələrlə yanaşı kitabxanaların, eyni zamanda kitabxanaçıların onlayn fəaliyyət göstərmək məcburiyyətində olmasını nəzərə alaraq, bu məsələ ilə əlaqəli qeyd etmək istərdim ki, kitabxanaçıların fəaliyyətinin-yəni hansısa onlayn tədbir və təqdimatların hazırlanıb sosial şəbəkələrdə yayımlanmasının pərakəndə formada deyil, aid olduqları Mərkəzləşdirilmiş Kitabxana Sistemi tərəfindən məqsədyönlü şəkildə hazırlanmış xüsusi qrafik üzrə planlı həyata keçirilməsi daha səmərəli  olardı.

Digər bir problemin-oxucu probleminin araşdırılması da sistemin düzgün qurulmasında əsas şərtlərdən biridir. Problemlərin ortaya çıxarılmasında sosial şəbəkələrdə təşkil edilmiş sorğular mühüm rol oynaya bilər. Bundan başqa kitabxana saytlarında oxucular üçün təklif və iradlar bölməsi olmalıdır ki, oxucu məlumat bazasından istifadə zamanı hansısa problemlə üzləşirsə bu bölmədə qeyd edə bilsin.

Oxucu problemləri məsələlərinin həllinə kömək edə biləcək metod hesab edilən səsli kitabların sayı mümkün qədər artırılmalıdır. Çünki,  canlı və yaxud elektron qaydada kitab oxuyanda insan istər-istəməz işdən ayrılmalı olur. Ancaq elə peşələrdə çalışan insanlar var ki, onlara səsli kitabları dinləmək daha rahat olur. Həm işdən ayrılmır, həm də kitabı dinləyir, bir sözlə kitabla tanış olmuş olur.

Sözsüz ki, real kitabla ünsiyyət, kitabın qoxusunu hiss edərək təmasda olmaq, səhifələrdə əlini gəzdirdikcə keçirdiyi hisslər oxucu üçün tam bir başqa məna kəsb edir. Hər bir kitab oxucu üçün ayrıca bir dünyanı özündə cəmləşdirir. Bəzən oxucunun dönə-dönə oxuduğu kitablar olur ki, sevərək onlara elə  bağlanır ki, o kitabları evinin ən zəngin əşyası kimi əzizləyib saxlayır. Çünki burda oxucu hadisələri soyuq şüşə arxasından izləmir, özü də bilmədən kitabdakı dünyanın içinə daxil olur, o dünyanın bir üzvünə çevrilir, sanki qəhrəmanın həyatını yaşayır, daxilində nəyin yaxşı nəyin pis olduğunu saf-çürük edir, bir sözlə oxucu kəlmələrlə ifadə edilə bilməyəcək hissləri yaşayır. Bəs görəsən, süni intellektə əsaslanan rəqəmsal kitabxanalardan istifadədə insanlar bu hissləri keçirə bilirmi?

Məlumdur ki, rəqəmsal formada saxlanan məlumatları oxumaq, gözlərə gərginlik gətirdiyi üçün, çap olunmuş kitabı, dövri nəşr olunan qəzet və jurnalları və s. oxumaq qədər effektli və rahat deyil.

Ancaq bizdən asılı olmayan nizamlar var ki, biz də bəşəri olan bir qanuna tabe olmağa borcluyuq. Bəli, bu gün artıq texnoloji əsrin özünü yaşamağa köklənmişik. Bilirik ki,  dövlət orqanlarının bütün sahələr üzrə fəaliyyət sistemləri artıq rəqəmsallaşma prosesini yaşayır.

Bütün bunlarla yanaşı rəqəmsal kitabxanaların üstünlüklərini də qeyd etmək lazımdır. Məsələn,

  • rəqəmsal kitabxanaların rəqəmsal medianın üstünlüyü ilə daha çox məlumatlar əldə edə bilməsi;
  • daha çox oxucu (tədqiqatçı) əldə etməklə elmin inkişafına dəstək olması;
  • oxucu (tədqiqatçı) üçün zaman və məkan anlayışlarının uzaq olması;
  • universal əlçatanlıq;
  • nadir tapılan və bahalı materiallara uzaqdan giriş;
  • həddindən artıq çox istifadə edildiyinə və ya düzgün şəraitdə  saxlanılmadığına görə sürətlə pisləşən nadir kitabların qorunması;
  •  kütləvi saxlama problemlərinin həlli;
  •  sürətli məlumat əldə etmək;
  • çox böyük miqdarda məlumatları idarə etmək imkanı;
  • əl ilə mümkün olmayan axtarışların aparılmasının mümkünlüyü;
  • sosial bərabərsizliyin aradan qaldırılması və s.

Nəticə etibarı ilə qeyd etmək lazımdır ki, rəqəmsal dünyanın düzgün istiqamətdə təşəkkül tapmasında ən başlıca vasitə insanlarda informasiya mədəniyyətinin formalaşdırılmasıdır.Yaşadığımız informasiya cəmiyyətində informasiya savadı problemi əsas məsələlərdən biridir və bu problemin həlli yükü birbaşa yenə də kitabxanaların üzərinə düşür.

İnformasiya mədəniyyəti müxtəlif informasiya texnologiyalarından istifadə etməklə məlumatları əldə etmək bacarığıdır və əldə etdiyi məlumatları normalar, dəyərlər və digər təşkilati mədəniyyət elementləri baxımından düzgün təhlil etməyi bacarmaqdır.

Yəqin ki,  qısa zaman ərzində informasiya texnologiyalarından müntəzəm və effektiv istifadə edərək rəqəmsal dünyanın nizamları çərçivəsində sürətli inkişafa nail olan insan üçün artıq kompüter istifadəçisi deyil rəqəmsal vətəndaş termini daha çox aktual olacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31