Vətəndaşlar karantin qaydalarına necə riayət edirlər? Təhlil

İctimai qınaq vətəndaşlarda karantin qaydalarına əməl  etmək vərdişi yarada bilər

Dünyanı cənginə almış yeni növ koronavirus (COVİD-19) pandemiyası insanların həyat tərzinə təsir edərək onların illər boyu vərdiş etdikləri davranış qaydalarını yeniləmək zorunda qoyub. Artıq insanlar yeni ictimai münasibətlərin, yeni davranış qaydalarının formalaşmasının fərqindədirlər. Dərk edirlər ki, yeni həyat tərzinə uyğunlaşmaq, ünsiyyətdə daha məsuliyyətli olmaq onların sağlamlığı üçün vacib şərtdir. Elə ölkəmizdə koronavirusa qarşı mübarizə məqsədilə yaradılan Nazirlər Kabineti yanında Operativ Qərargah da vətəndaşları məsuliyyətli olmağa çağırış edib. Qalır insanların bu çağırışa necə əməl etmələri məsələsinə ki, birmənalı şəkildə qeyd edilməlidir ki,  vətəndaşlar Operativ Qərargahın bütün tələblərinə ciddi şəkildə riayət edilməlidir. Maraqlıdır, bəs əslində necə, vətəndaşlar karantin qaydalarına riayət edirlərmi?

Əvvəla qeyd edək ki, tətbiq olunan bütün məhdudiyyətlər, qadağalar vətəndaşların sağlamlığı naminə olduğundan anlayışla qarşılanmalıdır. İnsanlar birmənalı şəkildə dərk etməlidirlər ki, bu qaydalar onların sağlamlığının qorunması üçündür. Məlum məsələdir ki, xüsusi karantin rejiminin  tətbiqi ölkə iqtisadiyyatına, dövlət büdcəsinə xeyli ziyan dəyir. Amma buna baxmayaraq, Prezident İlham Əliyev vətəndaşların sağlamlığının daha vacib olduğunu qeyd edərək, insanların sağlamlığı üçün belə bir addımın atıldığını qeyd edib. Belə halda vətəndaşlar da öz növbəsində məsuliyyətli olmalı, infeksiyanın daha çox yayılmasının qarşısını almaqdan ötrü qaydalara riayət etməlidirlər. İnsafən qeyd edilməlidir ki, son zamanlar ölkə vətəndaşları xüsusi karantin rejiminə ciddi yanaşır, müəyyən olunmuş qaydalara maksimum riayət etmyə çalışırlar. Paytaxt Bakıda apardığımız araşdırmalar deməyə əsas verir ki, hazırda vətəndaşlarımız məsələnin ciddiliyini dərk edərək sui-isitifadə hallarından vaz keçirlər. Xüsusi karantin rejimi əhalinin sağlamlığının qorunması, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə tətbiq edilən qaydalara əməl etməyi özlərinə vətəndaşlıq borcu hesab edirlər. Elə bu səbəbdən də böyük əlsəriyyət ictimai yerlərdə karantin qaydalarına əməl etmək kimi məsuliyyəti dərk edirlər.

Xüsusən, vətəndaşlarımız küçə və parklarda, metro və digər ictimai nəqliyyat vasitələrində maskalardan yararlanmağa çalışırlar. İctimai iaşə və ticarət mərkəzlərində sosial məsafə gözləməklə gigyenik qaydalara əməl edirlər. Hətta qapalı məkanlarda belə, tibbi maskalardan istifadəyə üstünlük verilir. Bununla yanaşı, təəssüf hissi ilə qeyd edilməlidir ki, hələ də xəstəliyə ciddi yanaşmayan insanlar  var. Bəzi vətəndaşlar tibbi maskanı üzə taxmaq əvəzinə, çənələrinə taxır, ciblərində, avtomobildə saxlayırlar. Əslində isə insnalar koronavirusun nə qədər dəhşətli xəstəlik olduğunu dərk edərək tibbi maskadan istifadə etməlidir. Nəinki qaydalara riayət etməli, hətta ətrafındakı insanları da qaydalara riayət etməyə səsləməlidir. "Hər kəs özündan başlamalıdır" devizi əsas götürülərək maska taxılmalı, sosial məsafə saxlanılmalı və dezinfeksiya-gigyenik qaydalarına əməl edilməlidir. Məhz bu qaydalara riayət olunmamasının nəticəsidir ki, koronavirus bölgələrimizə ayaq açdı və sərt karantin rejimi yenidən tətbiq olundu. Halbuki, koronavirus təhlükəsi nəzərə alınmaqla üc sadə qaydaya riayət etməklə pandemiyanın ikinci dalğasının qarşısını almaq mümkün idi. Yeri gəlmişkən qeyd edək ki, mütəxəssislərin rəyi və beynəlxalq təcrübə deməyə əsas verir ki, nə qədər ki, COVİD-19 virusun müalicə metodu tapılmayıb, yuxarıda sadalanan üç qaydaya riayət etməkdən başqa çıxış yolu yoxdur.

Onu da qeyd edək ki, karantin qaydalarına maarifləndirmə yolu ilə riayət edilməsi elə də effekt vermədiyindən inzibati yola əl atmaq məcburiyyəti yarandı. Bu məqsədlə maska taxmayan vətəndaşların inzibati məsuliyyətə cəlb olunaraq cərimələnməsi mexanizmi işə düşdü. Hazırda tətbiq edilən cərimənin həcmi ayrı-ayrı ölkələrdə müxtəlif məbləğdədir. Azərbaycanda da qanunvericiliyə dəyişiklik edilərək maska taxmayan vətəndaşlara tətbiq olunan cərimənin miqdarı atırılaraq 100 manata çatdırılıb. Lakin müşahidələr deməyə əsas verir ki, yenə də tibbi maskalardan lazımi qaydada istifadə etməyən vətəndaşlar var və onların inzibati yolla islah olunması  qeyri-mümkündür. Belə halda ictimai qınaq mexanizmi gücləndirilməlidir ki, insanlar sağlamlıqları naminə bir-birlərini maarifləndirə bilsinlər. Yalnız bu halda vətəndaşlarda karantin qaydalarına riayət etmək vərdişi yaratmaq mümkün olar.   

 Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31