Daha 111 obyektdə qaydaların kobud şəkildə pozulması faktları aşkarlanıb
1 İyul 2020 15:11 SosialNazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
AQTA-dan "OLAYLAR"-a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən 30 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 58 ictimai iaşə obyekti, 179 ərzaq satışı mağazası olmaqla ümumilikdə 237 müəssisədə reyd keçirilib.
Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 111-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.