Azərbaycan daxili turizmi inkişaf etdirməyə nail olacaq- TƏHLİL
1 İyul 2020 12:25 Sosialİlham Əliyev: "Pandemiya dövründə biz daxili turizmə böyük diqqət yetiririk"
Dünyanı cənginə alan, təəssüflər olsun ki, hələ də qarşısının alınması qeyri-mümkün olan koronavirus pandemiyası həyatımızın bütün sahələrinə öz mənfi təsirini göstərib. Təkcə səhiyyəni ciddi təhdid edib, insanların həyatını təhlükə altında qoymayıb, eyni zamanda digər sahələri, xüsusilə də iqtisadiyyatı ciddi böhranla üz-üzə qoyub. Hər bir ölkə, onun iqtisadiyyatı üçün çətinliklər yaradıb. İqtisadiyyatın mühüm istiqamətlərindən olan turizm də bu təhdid, təhlükələrdən, böhran və çətinliklərdən kənarda qalmayıb. Pandemiya səbəbindən ölkələr arasında hava, quru və dəniz nəqliyyatı əlaqələrinin qapadılması, turist səfərlərinə tətbiq edilən qadağalar turizm sektorunu demək olar ki, iflic duruma salıb.
Pandemiya dövründə bütün istiqamətlərdə olduğu kimi, turizm sektorunda meydana gələn çətinlikləri də aradan qaldırmaq ölkələrin əsas prioritetlərindəndir. Lakin bəzi ölkələrdə mövcud olan problemlər, idarəçiliyin düzgün qurulmaması iqtisadi sahədə də ciddi çətinliklərin meydana gəlməsinə yol açıb. Ancaq Azərbaycan bütün bunlardan xaricdir, deyə bilərik. Düzgün qurulan idarəetmə sistemi, həmçinin dövlətin atdığı səmərəli addımlar iqtisadiyyatımızın minimum itgi ilə üzləşməsinə yol açıb. Təbii ki, bu mənada turizmə göstərilən diqqət də mühüm yer tutur. Pandemiyaan zərər çəkən sahibkarlar sırasında turizm sektorunda çalışan iş adamları, sahibkarlar da vardır ki, dövlətin göstərdiyi maliyyə yardımından bu sahənin təmsilçiləri də yararlana bildi. Hazırda da isə Azərbaycanda turizm sektorunun postpandemiya dövrünə hazırlığı istiqamətində müəyyən addımlar atılır. Məhz həyata keçirilən bu kimi tədbirlər və atılan təqdirəlayiq addımlar dünyanın diqqətini bu sahədə də Azərbaycana yönəldir. Ötən gün BMT-nin Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu təşkilatın Baş katibi Zurab Pololikaşvili arasında videokonfrans keçirilməsi də deyilənlərin təsdiqidir.
Yuxarıda qeyd etdiyimiz kimi, turizm pandemiya dövründə ən ciddi zərər görən sahələrdən olduğundan bu baxımdan Ümumdünya Turizm Təşkilatının Azərbaycan Prezidenti ilə videokonfrans formatında görüş keçirilməsi təşəbbüsü yüksək qiymətləndirilməlidir. Bu bir tərəfdən Azərbaycana olan maraqdan, onun regionda əlverişli mövqe tutmasından irəli gəlirsə, digər tərəfdən ölkəmizin turizm sahəsinin postpandemiya dövrünə hazırlıqları istiqamətində atdığı addımları təqdir etməsi, dəstəkləməsinin göstəricisi sayıla bilər. Təsadüfi deyil ki, elə təşkilatın baş katibi də videokonfransda çıxışı zamanı bu məqama xüsusi diqqət çəkib. Xüsusilə, Azərbaycan hökumətinin, dövlətinin turizm sektoruna dəstəyindən məmnunluq ifadə edilib.
Azərbaycan dövlətinin turizm sektoruna göstərdiyi diqqət və qayğı Ümumdünya Turizm Təşkilatı tərəfindən yüksək qiymətləndirilir və bundan dolayı təşkilat Azərbaycanla daha sıx əməkdaşlıq etmək istəyir. Elə videkonfrans zamanı da bu fikirlər açıq şəkildə ifadə edildi.
Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə Azərbaycan Prezidenti ilə keçirilən görüş Bakı ilə adıçəkilən təşkilat arasında gələcək əməkdaşlıq üçün də yaxşı perspektivlər yaradır. Təşkilatın baş katibin Zurab Pololikaşvilinin sözlərindən aydın oldu ki, ÜTT rəsmi Bakı ilə əməkdaşlığı inkişa etdirməkdə maraqlıdır. Zurab Pololikaşvili bunu açıq şəkildə Azərbaycan Prezidenti İlham Əliyevin diqqətinə çatdırıb: "İndi ölkələrin regionlarda infrastruktura sərmayə qoyuluşunu bərpa etmələri üçün yaxşı şans var. Bu, regionlarda yeni iş yerləri yaratmağa imkan verəcək. Düşünürəm ki, bu dövrdə yerli turizm daha çox inkişaf edəcək. Bu, ölkələrin regional turizmi inkişaf etdirmələri üçün yaxşı şans ola bilər. Biz Sizinlə hökmən çox sıx əməkdaşlıq edəcəyik. Dəstəyinizə görə çox sağ olun. Sizinlə söhbətimiz bizim üçün çox vacibdir. Ona görə ki, turizmin bütün ölkələrin iqtisadiyyatının ən mühüm amillərindən biri olmasını bütün dünya liderləri təsdiqləyiblər. Əlbəttə, Sizin iştirakınız və fəallığınız bizim özümüzü daha inamlı hiss etməyimiz üçün hamımıza çox kömək edəcək və edir. Əminəm ki, Sizin dəstəyiniz Azərbaycandakı və bütün turizm sektorundakı yerli sahibkarlara böyük təkan, böyük dəstək olacaq".
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan da Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlığı inkişaf etdirməkdən yanadır və xüsusilə postpandemiya dövründə buna ciddi ehtiyac duyulacaq. Elə sözügedən videokonfrans zamanı dövlət başçısı İlham Əliyev də bu mövqeyini açıq şəkildə ifadə etdi: "Postpandemiya dövründə işi daha düzgün görmək üçün bizə sizin təşkilat tərəfindən tövsiyələr lazımdır. Biz buna çox ümid edirik. Əminik ki, sizin verəcəyiniz məsləhətlərə əməl edəcəyik və onları həyata keçirməklə çalışacağıq ki, bu sahəni maksimum qısa müddətdə bərpa edək. Hərçənd bu, asan olmayacaq. Əlbəttə, biz turizm sahəsində aparıcı ölkələrin, böyük təcrübəyə malik olan və özlərinin iqtisadi inkişafında müəyyən dərəcədə, əhəmiyyətli dərəcədə turizm sektoruna güvənən ölkələrin atdığı addımları diqqətlə izləyəcəyik, lakin əlaqələrimizi də davam etdirəcəyik. Əminəm ki, imkan yaranan kimi sizi yenidən Azərbaycanda görəcəyik".
Dövlət başçısının videokonfransda çıxışından o da məlum oldu ki, turizm sektoruna dəstək bundan sonra da davam edəcək və bu sektorun inkişaf etdirilməsi üçün dövlət əlindən gələni əsirgəməyəcək: "Biz turizm sektorunun işçilərinin əməkhaqqının çox hissəsini ödəmişik ki, onların dolanışıq üçün vəsaiti olsun və bu sahədə sahibkarlar kadr potensialını qoruyub saxlaya bilsinlər. Mənə təəssüflə məruzə edirlər ki, işçilərin sayı müəyyən qədər ixtisar edilir. Buna görə mən hökumətə təlimat vermişəm ki, bu məsələyə baxılsın və turizm sektorunun dəstəklənməsi davam etdirilsin. Ona görə ki, siz yaxşı bilirsiniz, bu potensialı artırmaq çox çətin və məsul məsələdir".
Ancaq eyni zamanda Azərbaycan bu kimi çətin və məsul işlərin öhdəsindən gəlməyə qadirdir. Buna ölkəmizin yaxın illərdə əldə etdiyi təcrübə imkan verir. Dövlət başçısının da qeyd etdiyi kimi Azərbaycanda biz bu istiqamətdə çox fəal irəliləmişik: "Əvvəlcə infrastruktur layihələrindən, ölkəmizin təqdimatı ilə bağlı layihələrdən, sərgilərdə iştirak etməkdən, müxtəlif beynəlxalq tədbirlərin keçirilməsindən başladıq. Deməliyəm ki, Azərbaycanda turizmin sürətli inkişafı çox cəhətdən Formula 1 yürüşlərinin keçirilməsi ilə bağlı idi. Birinci yürüş keçiriləndən dərhal sonra turizmin artmasını gördük. Dediyim kimi, hər il bu potensial artır və müxtəlif məlumatlara görə əcnəbilər Azərbaycanda hər il təqribən 1,5-2 milyard dollar pul xərcləyirlər. Yəni, bu, bizim iqtisadiyyata böyük valyuta axını deməkdir. Buna görə də turizm sənayesinin yaradılması üçün çox böyük qüvvə sərf etmişik və otel biznesi ilə məşğul olan iri firmalar, dünyanın aparıcı brendləri Azərbaycana gəliblər. Bunu nəzərə alaraq, əlbəttə, biz bu sahəni itirə bilmərik. Biz kadr potensialını, qazanılmış təcrübəni qoruyub saxlamalıyıq. Buna görə dövlət bu sahəni dəstəkləyəcək".
Pandemiyanın müəyyən mənada müsbət təsirlərindən biri isə ondan ibarətdir ki, hər bir ölkə, o cümlədən Azərbaycan daxili turizmi inkişaf etdirməyə nail olacaq. Artıq bu istiqamətdə müəyyən işlər aprılır, deyə bilərik. Elə Cənab İlham Əliyev də videokonfransda çıxışı zamanı bu fikrə diqqət çəkdi: "Pandemiya dövründə biz daxili turizmə böyük diqqət yetiririk. Çünki daxili turizm xarici turizmi tam əvəz etməsə də, hər halda, bizim turizm infrastrukturunu, o cümlədən regionlarda müəyyən dərəcədə doldura bilər. Azərbaycan vətəndaşlarının hələlik xaricə gedə bilmədiklərini nəzərə alaraq, əlbəttə, daxili turizm sənayesini dəstəkləyən amil ola bilər. Pandemiya sovuşandan dərhal sonra biz, əlbəttə, öz addımlarımızı çox dəqiq planlaşdırmalıyıq. Bir daha demək istəyirəm ki, səhvə yol verməmək və məhz turizm sahəsinin bərpası istiqamətində addımlar atmaq üçün sizin növbəti məsləhətlərinizi, tövsiyələrinizi gözləyəcəyik".
S.İsmayılbəyli