Baş infeksionist: “Kritik vəziyyətdə olan xəstələrin sayı az deyil”
23 İyun 2020 14:32 Sosialİki həftəlik sərt karantin rejimi ölkədə yoluxma hallarının sayının azalmasına kömək edəcək.
Bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, bu təcrübə aprel ayında yaxşı nəticələr verib.
"İki həftəlik sərtləşdirmə tədbirləri zamanı vətəndaşların vəziyyəti düzgün qiymətləndirməsi nəticəsində xəstələnmə hallarının azalması gözlənilir. Aprelin 27-dən yumşaldılma tədbirlərinə başlayanda yoluxanların sayı çox az idi, təxminən 30-40 arasında dəyişirdi. İndi rəqəmlər 500-ə yaxındır. Bu da bir həftəyə 3 min yoluxma deməkdir. Belə davam etsə, vətəndaşlar xəstəxanalarda vəziyyətin necə olacağı barədə düşünməlidirlər. Tibb işçiləri, həkimlər çox böyük və gərgin zəhmət sərf edirlər. İsti havada kombinezonda bir saatdan artıq dayanmaq çox çətindir".
C.İsayevin sözlərinə görə, hər kəs xəstəliklə birgə mübarizə aparmalıdır: "Heç olmazsa, xəstələnmə, yoluxma hallarının azalmasına nail olaq və xəstələrə vaxtında tibbi yardım göstərə bilək. Dövlət tərəfindən xəstəliyə qarşı mübarizə tədbirləri həyata keçirilir və buna külli miqdarda vəsait xərclənir. Birlikdə görülən tədbirlərin səmərə verməsinə nail olmalıdır. Hər gün bir neçə ölüm hadisəsi qeydə alınır. Hazırda reanimasiyada kritik vəziyyətdə olan xəstələrin də sayı az deyil. Hətta elə vaxt gələr ki, süni tənəffüs aparatı çatmaya bilər. Ona görə də hər bir vətəndaşlar öz məsuliyyətini dərk etməlidir".
azvision.az