Möcüzələr bağçasında... - Elçin Hüseynbəyli yazır
22 İyun 2020 13:17 SosialElçin Hüseynbəyli
("Paralel dünyalar" silsiləsindən)
... Meşəlik bitmək bilmirdi, ara-sıra xırda talalara rast gəlirdik. Birdən qarşımızda böyük bir səhra açıldı. Onun ucu-bucağı yox idi. Səhrada çoxlu kurqanlar vardı. Kurqanların aralarında pərlər quraşdırılmışdı. Yəqin yaxınlıqdakı kəndləri enerji ilə təmin edirdilər.
Kurqanlardan birinin üstünə qalxıb uzaqlara göz gəzdirdik. Səmayla səhranın birləşdiyi yerdə nəsə qaralırdı. Bu, ya dəniz, ya da meşə ola bilərdi, bəlkə də yaşayış məntəqəsiydi.
Bir az dincimizi almaq istədik. Hava da buludluydu, uzaqlardan əsən sərin meh üzümüzə vururdu.
Təlim:
-Mən bir az mürgüləyim, -dedi, çantasını başının altına qoydu, uzandı, papağını da gözünün üstünə çəkdi.
Xalıq da eynən onun kimi eləd:
-Hərdən sənnən də ağıllı təkliflər çıxır, - gülümsünərək dedi.
Mən kurqanın üstünü çöplə qurdalamağa başladım. Müxtəlif cür saxsı qabların qırıntıları çıxdı. Başa düşdüm ki, bura qədim insan məskənidir. Çünki belə kurqanlardan hər yerdə var. Ətrafda da xeyli kurqan vardı, mövlanəçilər kimi dövrə vurub oturmuşdular. Qazdığım yerdən üstündə heyvan şəkillər oyulmuş xırda daşlar da çıxırdı. Əyri-üyrü qara pulları görəndə uşaqlara dedim ki, bura insan ayağı dyməyən bir yerdir, bacarıqlı bir arxeoloq lazımdı ki, tapdıqlarımızın neçənci əsrə aid olduğunu araşdırsın.
Mən daşı Xalıqın bostanına atırdım, yəni son sözləri ona işarə ilə deyirdim.
-Özü də yaxşı pula gedərlər, -dedim və bu dəfə Təlimin üzünə baxdım.
Uşaqları maraq götürdü, onlar da mənim kimi, yeri qazmağa başladılar. Bu zaman kurqanın o biri üzündən orta yaşlı bir kişi çıxdı, əlini gözünün üstünə qoyub bir xeyli bizə baxdı.
-Siz kimsiniz və burda neynirsiniz? -deyə köntalay bir sual verdi.
Nə cavab verəcəyimizi bilmədik.
-Heç elə belə, dincəlirdik, - Xalıq irəli yeriyib dedi.
-Bəs, mənim ora topladığım qazıntıları niyə çıxarırdınız?
-Bunu qəsdən eləmirdik, maraqdan edirdik, -dedim.
O bizim çaşdığımızı görüb gülümsədi:
-Mən sizə daha maraqlı şeylər göstərə bilərəm, - dedi.
Biz tərəddüd elədik.
-Qorxmayın. Mən arxeoloqam. Burada yaşayanların hamısı arxieoloqlardı, bir növ düşərgədi. Hər kurqanın altında bir emalatxana var.
Bu zaman o biri kurqanların da arxasından adamlar çıxdı. Onlardan biri, başında boz kepka olanı:
-Yenə də bizi qabaqladın. Qonaqları özünə tərəf çəkdin, -dedi, - eybi yox, axşam bizə buyurarlar dedi.
Biz daş pilləkənlərlə kurqanın altına düşdük. İçəri çox işıqlıydı, sanki Günəş çıxmışdı.
-Bura çox işıqlıdır, -dedim.
-Hə, biz buraları bayaq gördüyünüz pərlərlə və onlara bərkidilmiş günəş batareyaları ilə işıqlandırırıq. Bu mənada işıqdan korluğumuz yoxdu. Su işi isə bir az çətindir. Neçə metr quyu qazmalısan ki, su çıxsın.
Biz gözlənilmədən geniş bir bağçaya çıxdıq.
-Bax bura əsl möcüzədir! Hamı çalışır ki, özü üçün nəsə eləsin və bağçaları o birilərinkindən yaxşı olsun. Yəni elə maraqlı bir işə sahib olmalısan ki, elə fərqli bir şey yaratmalısan ki, seyrçilərin çox olsun. Biz təkcə arxeoloq deyilik, həm də özümüzdən nəsə yaradırıq. Bu ağaca baxın. Tut ağacıdır. Sizi görən kimi sevindi.
Doğrudan da tut ağacı bizi budaqları ilə salamladı, yarpaqları ilə üzümüzü sığalladı.
-O da darıxır, canlıdır axı. Gözləri də var. Baxın gözləri burdadır, -deyə o, tut ağacının haçasını göstərdi.
Hər haçadan bir göz baxırdı.
Birdən mən mamırlamış daşların üzəri ilə sürünən ağ rəngli, tüklü ilan gördüm.
-Bircə bunlar olmayaydı, mən ilanlardn iyrənirəm, - Xalıq üz-gözünü turşudaraq qulağıma pıçıldadı.
Kurqan sahibi pıçıldaşdığımızı duydu.
-O gördükləriniz ilan deyil. Onlara oxşar varlıqdılar. Biz də nə olduğunu bilmirik. Ona görə də hərəsinə bir ad qoymuşuq. Çox mehriban məxluqdular. Özü də çox yaşayırlar. Mözü bu yaxınlarda öldü. Biz ona çox öyrəşmişdik. Bir gün baxdıq ki, mənim papağımın içində qıvrılıb ölüb. Bir də görürsən ki, sinənin üstündə qıvrılıb yatıb. Onların ağızları və dişləri yoxdur. Özləri də müxtəlif rəngdədirlər. Ağ rəngə bürünəndə, deməli, yemək yeyirlər. Bir az torpaqla, bir az havayla qidalanırlar və bunu dəriləri vasitəsilə edirlər, yəni ağ "obmotkanın" (dolamanın) vasitəsilə.
Belə deyəndən sonra Kurqan sahibi onlardan birini əlinə aldı və sığallamağa başladı.
-Bunun adı Səsdir. Baxın səs eşidən kimi əlimə sığındı. Sizdən bir az çəkinir. Görürsünüz, xırda gözləri var.
Mən Səsə diqqətlə baxdlm. Onun nöqətədən bir az böyük olan mürgülü gözlərindən mehribanlıq yağırdı, üzü də çox məsum idi.
Kurqan sahibi bizi başqa bir otağa apardı.
-Bura isə bizim alver məkanımızdır. Bir növ bazardır. Öz əl işlərimizi satırıq. Alverə əsasən şənbə və bazar günləri gəlirlər. Özü də əl işləri çox bahadırlar. Mən sizə hədiyyə edərdim. Amma əgər kolleksioner və əntiq əşya həvəskarı deyilsinizsə, sizə yük ola bilər.
-Doğrudur, -dedim, - mənə bağışalanan suvenirləri bəzən atmalı oluram. Çünki qoymağa yer tapmıram.
-Huşuma bax eee! Mən sizə heç su da təklif eləmdim. Quyularımızdan əla su çıxır. Yoxlaya bilərsiniz, - dedi və bir parç su doldurub, mənə uzatdı. Tərəddüdümü görüb, özü içdi və yenidən bizə təklif elədi.
Su, doğrudan da dadlıydı, sanki cənnət suyuydu.
-Bəs siz, niyə Kurqanın altında yaşayırsınız, üstündə yox? - Xalıq soruşdu.
-Çünki Kurqanın üstü başqasınındır, həm də səhrada heç nə yetişdirmək mükün deyil, yaşamaq da çətindir.
-Bu quşları isə ovlaya bilərlər. Heç yerdə belələrindən yoxdur. Özü də adamı sözsüz başa düşürlər.
-Ey Dilbilməz bura gəl görüm!
Onun çağırdığı quş nazlı xanımlar kimi üzünü yana döndərdi.
-Özüm onu qəsdən "dilbilməz" deyə çağırıram. Əslində isə hər şeyi başa düşür... Yaxşı, naz eləmə, gəl qonaqlarla görüş.
Dibilməz dərhal uçub gəldi və növbə ilə çiynimizi dimdiklədi.
-Siz əllərinizi açın. O, sizi qanadları ilə salamlayacaq...
Əllərimizi açdıq. Dibilməz yumşaq qanadlarını əvvəlcə əllərimizə, sonra üz-gözümüzə sürtdü.
-Bura isə...
Mən onun sözünü yarımçıq kəsməli oldum:
-İnciməyin, ancaq biz getməliyik, -qəfildən dedim.
Kurqan sahibu çaşdı.
-Nə danışırsınız!?! Yoldaşlarım inciyər. Elə bilərlər ki, sizi qəsdən yola verməmişəm ki, çıxıb gedəsiniz.
-Biz, doğrudan da getməliyik, -dedim.
-Hara getdiyinizi təxminən bilirəm. Orda heç nə yoxdu. Yəqin bunu sizə çoxları deyib. Yaxşısı budur, axşam burda qalın, sabah yola düşərsiniz.
Xalıq da məni dəstəklədi:
-Qonaqpərvərliyə görə çox sağ olun, amma getməliyik...
Kurqan sahibi çiyinini çəkdi və bizi çıxışa qədər müşaiyət elədi.
-Qayıdanda... ümid edək ki, qayıdacaqsınız, hökmən qonağımız olun. Oralarda nə olduğunu biz də bilmək istəyirik...
-Hökmən! -inamla dedim.
Biz Kurqandan çıxdıq və qarşıda görünən qaraltıya tərəf irəlilədik...
Iyun, 2020