Komitə sədri parlamentin növbədənkənar sessiyasının dayandırılmasını təklif edib

"Milli Məclis rəhbərliyinə təklif olaraq bildirmişəm ki, parlamentin iclasları payıza kimi təxirə salınsın. Hesab edirəm ki, payıza qədər Milli Məclis toplaşmalı deyil". "Olaylar" xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Komitə sədri parlament rəhbərliyinin hansı qərarı verəcəyi barədə bir söz deyə bilməyəcəyini vurğulayıb: "Təklifimə nə qərar veriləcəyi barədə bir söz deyə bilmərəm. Düşünürəm ki, istər onlayn, istərsə də canlı iclaslar keçirilməməlidir".Musa Quliyev Milli Məclisin gündəliyində təxirəsalınmaz məsələlərin olmadığını da qeyd edib: "Hazırda parlamentin gündəliyində təxirəsalınmaz bir məsələ yoxdur. Olan məsələləri Milli Məclisin payız sessiyasında da müzakirə edə bilərik".

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası başa çatdıqdan sonra növbədənkənar sessiya çağırılıb və sessiya çərçivəsində dörd iclas keçirilib. Növbəti iclasın tarixi iyunun 23-nə təyin edilsə də, deputatlardan birində koronavirus (COVID-19) aşkarlandığı üçün iclas təxirə salınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31