Partiya sədrindən çağırış: “Vaksin tapılana qədər rəsmi qərar və qaydalara tabe olmalıyıq”
21 İyun 2020 17:46 Sosial"Bildiyiniz kimi, Azərbaycan koronavirusla bağlı vəziyyəti nəzarətə götürməyi bacaran ilk dövlətlərdəndir. Pandemiyanın ilk günlərindən adekvat qərarlar qəbul edən ölkə rəhbərliyi vətəndaşlarımızın həyat və sağlamlığıni qorumaq üçün bütün zəruri addımları atdı. Səhiyyəmizin imkanlarının genişləndirilməsi, xəstə çarpayılarının sayının artırılması üçün təcili tədbirlər həyata keçirildi". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, qısa zaman kəsiyində bir neçə modul tipli klinika inşa edildi, 20-dən çox xəstəxana bu infeksiyaya yoluxmuş insanlara xidmət etmək üçün hazırlandı: "Ölkədə maska, qoruyucu vasitələr, dezinfeksiya məhsulları istehsal edən müəsissələr işə salındı. Insanlarımıza, sahibkarlara, digər iqtisadi subyektlərə dəyən zərərləri minimuma endirmək üçün dövlət dəstək proqramlarına start verildi. Bütün bunlar vətəndaş amilinin dövlətimizin siyasətinin təməlində dayandığını göstərir.Yoluxmaların sayında xeyli azalmalar müşahidə olunduqdan sonra, Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargah tədricən insanların pandemiyadan əvvəlki həyatlarına qayıtması, əmək fəaliyyətlərinin bərpası üçün müayyən yumşalma tədbirlərinə qərar verdi. Lakin çox keçmədi ki, epidemioloji vəziyyətin yenidən neqativə doğru getdiyi üzə çıxdı. Söz yox ki, bu bir çox adamların sanitar -epidemioloji normalara, rəsmi qaydalara, tövsiyələrə əməl etməməsinin nəticəsi idi. Digər tərəfdən, zənnimcə, bir sıra məhdudiyyətlərin və qadağaların götürülməsi zamanı müvafiq qurumların situasiyanı dərindən təhlil etməməsi və bəzi detalların nəzərə almamasının da burada rolu göz qabağındadır. Həftə sonu qapanma tədbirləri də gözlənilən effekti vermədi,aktiv xəstələrin sayında artım baş verdi. Indi hökümət yenidən sərt karantin rejiminə əl atdı. Başqa çıxış yolu yoxdur. Insanların hərəkəti nə qədər məhdudlaşdırılsa, sosial aktivlik nə qədər azaldılsa, o qədər müsbət nəticə əldə edə bilərik. Spesifik vaksin tapılana qədər hər birimiz ehtiyatı əldən verməməli, rəsmi qərar və qaydalara tabe olmalı, metodiki göstərişlərə riayət etməliyik".