91 nəfər insan alverinin qurbanı olub

Milli Məclisin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənili

Milli Məclisin bu gün keçirilən iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənilib.  "Olaylar" xəbər verir ki, illik məlumatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edib.

Hesabatda qeyd edilib ki, insan alveri cinayətlərinə qarşı mübarizənin səmərəli aparılmasını, qurbanların hüquqlarının müdafiəsi imkanlarının genişləndirilməsini təmin edən mükəmməl qanunvericilik bazası formalaşıb. İnsan alveri cinayətindən zərər çəkmiş şəxslərə ödənilən müavinətin məbləği 400 manatdan 700 manatadək artırılıb.

Ötən il ərzində insan alverinə qarşı mübarizə sahəsində geniş  maarifləndirmə işi aparılıb. Respublikanın 55 şəhər və rayonunda, orta ixtisas və ali təhsil müəssisələrində insan alverinə və məcburi əməyə qarşı mübarizəyə dair seminarlar keçirilib. Bununla bağlı Bakı şəhərində geniş ictimaiyyət üçün nəzərdə tutulmuş təşviqat xarakterli videolar, təbliğat materialları paylanılıb, televiziya və radioda, videoportallarda verilişlər yayımlanıb.

Uşaq əməyinin istismarının qarşısının alınması sahəsində görülən tədbirlər çərçivəsində övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən 180 valideyn barəsində inzibati tənbeh tədbirləri görülüb.

2019-cu ildə insan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsi sahəsində məqsədyönlü iş aparılıb. Həyata keçirilən tədbirlər nəticəsində 186 insan alveri, o cümlədən 4 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 36 cinayət qeydə alınıb, 10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilib. Müəyyən edilmiş 91 insan alveri qurbanından 89-u Azərbaycan vətəndaşıdır, 2-i əcnəbidir. Zərərçəkənlərə tibbi, psixoloji, hüquqi yardımlar göstərilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31