MM-də İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatı dinlənilib
Mayın 18-də Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.
18 May 2020 14:27 SosialMayın 18-də Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. "Olaylar" xəbər verir ki, İnsan hüquqları komitəsinin sədri Zahid Orucov iclası açaraq bildirdi ki, bu gün Laçın rayonunun işğalının anım günüdür. Bu hadisə ilə əlaqədar iclas iştirakçıları torpaqlarımız uğrunda həyatını qurban verən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra komitə sədri diqqətə çatdırdı ki, iclasda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı təqdim olunacaq. Zahid Oruc öz çıxışında məsələ ilə bağlı bir sıra məqamlar barədə fikirlərini açıqladı. Bildirildi ki, Azərbaycanda insan alverinə qarşı hüquqi bazanın yaradılması çərçivəsində sistemli mübarizə tədbirləri 2003-cü ilin 15 may tarixində BMT-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Konvensiyasının, onu tamamlayan İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırlması haqqında, həmçinin Sərhədlərin qanunsuz keçilməsinə dair protokolların təsdiqindən sonra daha da sürətlənib. Belə ki, 2005-ci ildə insan alverinə qarşı mübarizə ilə bağlı qanun qəbul olunub və burada Milli Fəaliyyət Planı yer alıb, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə üzrə Baş İdarəsi yaradılıb. Azərbaycanda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator Fəaliyyət Planının həyata keçirilməsi üzrə məsul şəxsdir.
Sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov məruzə ilə çıxış etdi. DİN Baş İdarəsinin rəisi bildirdi ki, ölkəmizdə insan alveri cinayətlərinə qarşı mübarizənin səmərəli aparılmasını, qurbanların hüquqlarının müdafiəsi imkanlarının genişləndirilməsini təmin edən mükəmməl qanunvericilik bazası formalaşıb. İnsan alverinə qarşı mübarizədə hökumət tərəfindən də bir sıra mühüm qərarlar qəbul edilib, bu cinayətlərdən zərər çəkmiş şəxslərə ödənilən müavinətin məbləği 400 manatdan 700 manatadək artırılıb.