Köçkün əzabı... -Elçin Hüseynbəyli yazır

Elçin Hüseynbəyli

Dünən uşaqlıq dostum, kənddə qapıbir qonşumuz mənə zəng elədi və soruşdu ki, filan adlı və soyadlı jurnalist xanımı tanıyırsanmı? Mən həmin adamın nə adını eşitmişdim, nə də üzünü görmüşdüm, ona görə də "yox" cavabı verdim və qarşılığında "nə olub ki?" -deyə soruşdum da.

O da bir qədər əsəbi, bir az da kövrək şəkildə:

-Gündə biri biz qaçqınların və köçkünlərin qarasınca deyinir, indi də bu başlayıb. Televizora çıxıb deyir ki, qaçqınlar gəldilər, özlərinə ev-eşik düzəltdilər, hökumətdən yarıdm alıdlar, indi də pulsuz-pənəsiz ev alırlar. Bəs o bilmir ki, biz məcburi köçkün düşəndə nələrimizi qoyub gəlmişik!? Əlacım olsa televizora çıxıb, onun cavabını verərdim! -dedi.

-Əsəbiləşmə, -dedim, - günah həmin nadanda yox, onu televizora çıxarıb danışdıranlardadır...

Və indi, səhər durandan dünənki telefon danışığımızı xatırlayıram və bir neçə gün əvvəl bu mövzuda bir yazı hazırlamağı düşündüyümü də yadıma salıram.

Əvvəlcə onu deyim ki, uşaqlıq dostumun necə ev olması, yəni dədə-baba yurdundan ayrılıb, dağın döşündə hansı zülmlə, əzab-əziyyətlə ev tikməsi mənim yadımdadır. Çox zəhmətkeş adam idi: adi günlər işə gedib-gəlir, istirahət və bayram günləri, hətta işdən sonra da ev tikirdi. O evin bünövrəsinin qazılmasında şəxsən mən özüm də iştirak eləmişəm. Qumsallıq bir yer idi, bünövrəni lomla dağıtmasaydın, heç nə əməl gəlməzdi. Və qaçqın düşəndən sonar əvvəlcə fəhlə yataqxanasında məskunlaşdı, sonra uçuq-sökük bir yertəni ev alıb ora sığındı, nəhayət 1-2 sot torpaq alıb, orda özünə binə elədi. Bütün bunların hamsı onun zəhmətkeşliyinin hesabına başa gəldi. Hər adam da bunu bacarmaz. Məcburi köçkünlərin çoxu bunu bacardı: bir qarnı ac, bir qarnı tox, bir gözü arxada, bir gözü irəlidə, bir gözü ağlar, biri ümidli.

Amma mən bu barədə yox, daha geniş anlamda məsləyə yanaşmaq istəyirdim. Bir neçə gün əvvəl ağlıma gəldi ki, biz bəzən çox ciddi məsələlərə üzdən,  statistik göstərici kimi yanaşırıq.

Bacımgilin ev olmaqları mənim yadımdadır. O zaman uşaq olsam da, çox şeyi dəqiq xatırlayıram. Bacım tez ərə getmişdi, ali savadı yox idi, amma əri universitet bitirmişdi, özü də əmtəəşünaslıq kimi bir fakultəni. Amma həmin sahəyə getmədi, çünki abrı-qanacağı o yerdə işləməyə imkan verməzdi. Ona görə də müəlimliyi seçdi və hər səhər bir neçə kilometr yolu qarda-boranda uzaq bir məktəbə payi-piyadə gedib-gəlirdi. Bacım isə kolxozda işləyir, yer ketmanlayır, kolxoz sahəsinə qulluq edir, qalan vaxtını isə həyət-bacanı səliqə-səhmana salmağa, ailəyə qulluq eləməyə sərf edirdi. Onun gündən qaralmış sir-sifəti, susuz torpağa oxşayan əlləri indi də gözümün qabağındadır.

Onlar təzə evlənəndə "küm" deyilən əl damında yaşayırdılar. Mənim bayaq dediyim həmin uşaqlıq dostum kimi, dəridən-qabıqdan çıxır və ev tikirdilər. Mən həmin əzabı uşaq dünyaya gətirməklə müqayisə eləmək istəyirəm. "Hər bir müqayisə zərərlidir" fikri ilə razıyam, amma uşaq ana bətnində necə böyüyürsə, ana onu min bir əziyyətlə necə saxlayırsa və dünyaya gətirirsə, ev tikmək də, bir az ona bənzəyir: həm əziyyət çəkirsən, həm də körpə bir buğda böyüyəndə, ev bir daş  qalxanda sevinirsən.

Həmin ev tikildi, uşaqları da dünyaya gəldi, gözəl və səliqəqli həyət bacaları da oldu, mal-heyvanları, toyuq cücələri, bağ-bağatları, qonaqları da öz yerində. Amma bir gün həmin ocaq tar-mar edildi. Əzab-əziyyətlə, müəyyən məqamlarda isə sevinclə tikilən ev, bağ-bağat erməni tapdağı altında qaldı. Torpaqların işğalı, adamların oranı qoruya bilməməsi indi "məcburi köçkün" adlandırdığımız insanların günahı deyildi: zamanın və o vaxtkı siyasi rəhbərliyin, hakiməyyət davasının, ölkədə yaranmış xaosun günahıydı, məkrli düşmənlərimizin arxasında dayanan nəhəng güclərin müdaxiləsiydi. Və nə zaman ki, bunları kolektiv şəkildə anlamayacağıq, onda nə milli birlik olacaq, nə də torpaqların işğaldan qurtarışı. İcmai təfəkkürü soydaşının gözündə özünü görməkdir...

Bəlkə də bir az sərt dedim, amma acı həqiqti yumşaq demək olmur.

Allah amanında! Tanrı sizləri şər dilərdən və gözlərdən qorusun, dostlar!

18 may, 2020

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31