Ağdamımin o qərib yollarına çıxmaq icazəsi gözləyirəm... CAHANGİR MƏMMƏDLİ YAZIR
18 May 2020 05:06 SosialCAHANGİR MƏMMƏDLİ
professor
Həyatımızda narazı qaldığımız məqamlar çoxdur. Elə şeylər var ki, narazı qalmasaq düzəlmir. Amma bəzən razı qalmalı olacağımız bir çox məqam var ki, o anlarda da naşükürə çevrilirik. Koronavirus sanki ədalətsiz etinasızlıqlarımızı aradan qaldırmağa səbəb oldu: yaşadığımız məkanda sərbəst dolaşmagimizi, istədiyimiz yollara çıxmağımizi, sevdiyimiz iş yerinə gedib-gəlməyimizi, dostlarımızla görüşlərimizi -min-min beləcə sadə saydığımız anların necə qiymətli olduğunu bu "tətil" günlərində anlamağa məcbur olduq. Mayın 15-də Operativ qərargahın evdən çıxmaq qadağasını ləğv etməsi bizə bayram ovqatı bağışladı. Koronavirusdan daha artıq "evdən çıxma" qadağası yaşı 65-dən yuxarıları ciddi xəstəliklərə düçar etdi və indi bizə də azadlıq verildi.
Mən yol adamıyam. Yollar mənim taleyimdir. İndi anladım ki, iki ay əvvəl sərbəst çıxdığım o yolların qədrini bilməmişəm. Qədrini bilmədiyim o yollar üçün necə darıxdığımı heç nəylə müqayisə etmək olmur. Mayın 18-i saat 00-ı səbirsizliklə gözləyirəm. Həmin dəqiqə mən də qarajda iki aydan bəri uyumaqda olan avtomobilimlə şəhərə çıxacağam. Bütün şəhər yatıb. Bəs mən hara gedəcəm? Bilmirəm, amma bir o var ki, mütləq qarajdan çıxacam. Hiss edirəm ki, avtomobil də canlıdır. On iki ildən bəri öyrəşdiyi Ağdam yolları üçün burnunun ucu göynəyir. Avtomobili işə salıram. Spidometrdə iki aydan bəri donub qalan bir rəqəm var: 182.599. İndi sərsəri kimi qarajdan çıxacam. Uyuyan şəhərin hansı nöqtəsinə gedəcəm - bilmirəm. İki aydan bəri donub qalan o 182.599 rəqəminin yenidən yaşaması üçün yol üstündəyəm.
Amma, əlbəttə, bu yol o yoldan deyil. Mən o Qərargahdan uzaq yollar üçün darıxmış bu avtomobilin Ağdamımin o qərib yollarına çıxmaq icazəsi gözləyirəm...
... Və bu da saat 00. Avtomobil canlanır və qarajdan uzaqlaşır. Spidometrdə rəqəmlər dəyişməyə başlayır: 182.599+1,2,3,4...