Azərbaycanda boşanmalar hansı səbəblərdən baş verir? - Təhlil
15 May 2020 12:22 SosialBMT-nin Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə əsasən 15 May "Beynəlxalq Ailə Günü" elan edilib. Beynəlxalq Ailə Günü 1994-cü ildən qeyd olunur, Azərbaycan 2008-ci ildən bu ənənəyə qoşulub. Respublikamızda Ailə bayramının qeyd olunması dövlət qadın siyasətinin əyani təcəssümüdür. Bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər milli mənəvi dəyərlərin qorunmasının vacibliyini vurğulayaraq demişdir: "Azərbaycan xalqının milli ənənələrindən biri də ondan ibarətdir ki, uşağa diqqət, qayğı hər bir ailənin, hər bir insanın əsas vəzifəsi, mənəviyyatımızın əsas hissəsi olubdur". Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci vitse-prezidenti Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Dövlət başçımız İlham Əliyev müasir Azərbaycanın həyatında ailə dəyərlərinin önəmini yüksək qiymətləndirərək demişdir: "Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəmləndirilməsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksək olmalıdır". Bu gün ölkəmizdə ailələrin rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlət ailə siyasəti Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarda, bir sıra dövlət proqramlarında özünün uğurlu inkişafını tapmışdır. Ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlar ailə institutunun inkişafında da öz təsdiqini tapmaqdadır.
xxx
Ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin yaşlılara hörmət ruhunda tərbiyə olunması, ailədə sülh və dözümlülük mədəniyyətinin, sağlam həyat tərzinin təbliği məqsədi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ailə bayramı hər il müxtəlif bölgələrdə təşkil olunur. Beynəlxalq Ailə Günü ərəfəsində regionlarda nümunəvi ailələr müəyyənləşdirilir. Bu tədbirlərdə Azərbaycanın əksər rayonlarından iştirak edən 100-dən çox ailə öz xüsusi bacarığını göstərir. Ailə bayramı Şamaxı, Qax, Xaçmaz, İsmayıllı, Abşeron rayonlarında, Lənkəran, Şəki şəhərlərində təşkil edilib.Builki bayram tədbirləri isə koronovirus pandemiyasına görə təşkil edilməyib.
Lakin bütün götrülən tədbirlərə, atılan addımlara baxmayaraq, son illər ölkəmizdə boşanma hallarının sayı sürətlə artmaqdadır. Cari ilin ilk iki ayında 2,1 min boşanma halları qeydə alınıb ki, bu da orta hesabla günə 35 boşanma deməkdir. Şübhəsiz ki, bu cəmiyyətimiz üçün çox qorxulu bir tendensiyadır. Çünki ailə cəmiyyətin nüvəsidir. Ailələrimiz dağılarsa, gələcəyimizdən narahat olmalıyıq. Sanballı, vətənini sevən, keyfiyyətli vətəndaşlar sağlam ailələrdə tərbiyə olunmalıdır. Heç şübhəsiz ki, boşanmalar zamanı ən çox əziyyət çəkən uşaqlar olur. Boşanma ailədəki azyaşlıya çox ciddi zərbə vurur. Bu birbaşa uşağın özünə güvən hissinin formalaşmasına mənfi təsir göstərir. Çünki ailədə istər qız olsun, istər oğlan, övladın tərbiyəsində həm ananın həm də atanın rolu vacibdir. Bu qadın və kişiyə məxsus xarakterlərin fərqliliyinə görədir.
Bəs, görəsən ölkəmizdə boşanmalar niyə sürətlə artır? Vəkil Rövşən Qasımov qeyd edib ki, ümumiyyətlə son 10 ildə dünyada boşanmalar sürətlə artmaqdadır. Görünür bu da vətənimizdən yan keçməyib. Boşanmaların səbəbi isə aşağıdakı kimi xarakterizə oluna bilər: Ailə və evlilik haqda düzgün maariflənmənin olmaması: "Belə hallaerın qarşısının alınması üçün ölkəmizdə evliliyə hazırlıqla bağlı xüsusi təlim-tədris müəssisələri olmalı və evliliyə hazırlaşanlar bu mərkəzlərdə maariflənməlidirlər. "Evlənmək nədir?", "Evlənməkdən nə gözləyirəm?" kimi köklü suallara hər bir gənc cavab tapmalıdır. Əks halda, ailə məsuliyyətini idrak etmək müşkül məsələyə çevrilir. Digər bir səbəb müasir dövrün əsrarəngiz cəlbedici geyim modelləridir ki, xanımların olduqca dəbdəbəli və cazibədar geyimləri evli kişilərin ailələrindən uzaqlaşmasına səbəb olur və beləliklə bəzi kişilər ailəsindən boşanaraq tüfeyli eşq macəraları yaşamağa başlayır. Daha bir səbəb insanlarda səbir, qarşılıqlı güzəşt və məsuliyyət hissinin zəifləməsindən ibarətdir. Nəzərə almaq lazımdır ki, ailədə ilkin şərt səbir və qarşılıqlı güzəştdir. Müasir texnologiyalar insanın səbir hissinin zəifləməsinə xidmət edir. Avtomobil, mobil telefon və digər texniki vasitələr işlərin tez bir zamanda nəticələnməsini təmin edir və insan istər-istəməz bu sürətə aludə olur. Beləliklə hər hansı bir problem və ya sıxıntı olarsa ona səbir edə bilmir və tez bir zamanda problemdən uzaqlaşmaq üçün dərhal təcili qərar verir. Nəhayət həyat və yaşayış şərtlərinin çətinləşməsi boşanma hallarının artmasına təsir göstərir. Müasir dövrümüzdə yaşayış öhdəlikləri artmışdır. İnsanlar maksimum qazanmaq və maksimum xərcləmək burulğanına yuvarlanırlar. Təbii ki, bu da ailələrin güzəranına birbaşa təsir edir. Ailə kreditləri, gündəlik yaşayış tələblərinin ifrat həddə artması, kapitalizmin amansız pul mexanizmləri insanları çox məşğul edir və hər kəs günün əksər saatını maddi öhdəliklərə sərf edir. Ailədaxili ünsiyyət, ailə gəzintiləri və s sosial məsələlərə vaxt ayrılmır".
Elə isə boşanmaların sayını minimuma endirmək üçün dövlət tərəfindən hansı tədbirlər görülməlidir? Vəkil hesab edir ki, yerli mətbuatda, xüsusən telekanallarda davamlı olaraq ailə və evlilik proqramları təşkil olunmalıdır. Universitet və institutlarda Ailə və evlilik dərsləri tədris olunmalıdır. Evlilik öncəsi altı aylıq və ya bir illik ailə təlimləri tədris olunmalıdır. Yalnız bu halda ölkədə boşanmaların sayını mininuma endirmək olar.
Zəka
Olaylar.az