Azərbaycanda əhalinin sağlamlığını qoruyan etibarlı dövlət siyasəti mövcuddur
14 May 2020 09:44 Sosial"COVİD-19 pandemiyasına qarşı ölkəmizdə görülən ciddi işlər və əldə olunan müsbət tendensiyalar hələ bu qorxulu xəstəliyin tezliklə bitib - tükənəcəyindən xəbər vermir. Mütəxəssislər hesab edirlər ki, koronavirusun effektiv peyvəndi tapılmayana və kütləvi vaksinasiya aparılmayana qədər dünyanın başı üzərində təhlükə qalmaqda davam edəcəkdir". Bunu "Olaylar" deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, bunun nə zaman baş verəcəyini isə hələ heç bir ekspert proqnozlaşdıra bilmir: "Bu səbəbdən hazırda dövlətlərin və toplumların qarşısında dayanan ən vacib məsələ yeni pandemiya və epidemiyalar şəraitində vəziyyəti daha mükəmməl idarə etməyə imkan verən sistemin yaradılmasıdır. Elə yeni mexanizmlər tətbiq edilməlidir ki, yoluxmalari nəzarətdə saxlasın və sonrakı dalğaların yaranmasının qarşısını almaqda kömək etsin. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi tədbirlər hamımızın gözü qarşısındadır".
Partiya sədri bildirib ki, pandemiya əleyhinə mükəmməl sistemə sahib olmanın açarı səhiyyənin imkanlarının genişləndirilməsindədir: "Prezident İlham Əliyevin və Birinci Vitse Prezident Mehriban xanım Əliyevanın ölkəmizdə bu məsələlərə yüksək həssaslıqla yanaşmaları həm beynəlxalq səhiyyə ictimaiyyəti, həm də ölkəmizin vətəndaşları tərəfindən ehtiramla qarşılanır. Prosesin ilk günlərindən tibb müəssisələrində xəstə çarpayılarının sayının təcili olaraq artırılması, lazımi avadanlıq və ləvazimatların alınması üçün Prezidentin ehtiyat fondundan xeyli vəsait ayrıldı. Ümümdünya Səhiyyə Təşkilatının dünyada pandemiya elan etdiyi ilk günlər ərzində Bakıda hər şəraiti olan 550 yerlik klinika koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün istifadəyə verildi. Bu günlərdə modul tipli ilk xəstəxananın da açılışı oldu. Onların sayının 10-a çatacağı gözlənilir. Hazırda ölkəmizin tibbi sənayesinin də inkişafı aktual məsələlərdən biridir. Epidemiya qapımızı kəsdirəndə, Azərbaycanda tibbi maska, qoruyucu vasitələr, dezinfeksiya ləvazimatı qıtlığı hökm sürürdü. Çünki bu məhsullar ölkəyə xaricdən gətirilirdi. Çox qısa müddət ərzində bu problemlər uğurla həll edildi və apteklərimizdə milli istehsalımıza məxsus ilk maskalar satışa çıxarıldı. Mayın 12-də Sumqayıtda "Gilan Tekstil Parkda" Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilmiş daha iki fabrik ölkəmizi tibbi maska və kombinezon məhsullarına olan idxal asılılığına son qoymuş oldu. Pirallahı adasında dərman preparatları və tibbi şprislər hazırlayan iki müəssisənin də işə başlaması bu məqsədlərə xidmət edir. Bir sözlə, bütün bunlar Azərbaycanda əhalinin həyat və sağlamlığının qorunmasında etibarlı dövlət siyasətinin mövcud olduğunu bir daha təsdiqləyir".