Komitə sədri: “Əlilliyin təyin olunması ilə bağlı meyarlar sadələşdirilməlidir”
13 May 2020 14:15 Sosial"Əlilliyin müəyyənləşdirilməsi, verilməsi ilə bağlı məsələ nəzərimizdə, diqqətimizdədir. Lakin hələlik bu barədə hansısa addım ata bilmirik". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib. Komitə sədri qeyd edib ki, yaşanan koronavirus pandemiyası bütün planları, demək olar ki, pozdu, pandemiya ilə əlaqədar olaraq o qədər də geniş fəaliyyət imkanları yoxdur: "Yəni, karantin rejimində işləyirik və qeyd edim ki, komitə iclasımızda bir neçə məsələ var idi ki, onların da çoxu elə əlillik məsələsi ilə bağlıydı. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun qəbul etmişdik, indi haradasa 80-ə yaxın qanun həmin qanuna uyğunlaşdırılır. O ki qaldı əlilliyin verilməsi məsələsinə, bəli, mənim dəfələrlə bu barədə müraciətim, çıxışım olub ki, şəffaflıq hər yerdə lazımdır, ciddi nəzarət və uçot hər yerdə lazımdır. Eyni zamanda, əlilliyin təyin olunması ilə bağlı meyarlar sadələşdirilməli və insanların daha çox bu imkana əlçatanlığı təmin olunmalıdır. Bununla belə, buna qanunvericilik səviyyəsində baxmaq məsələsi hələlik yaz sessiyasında planımızda deyil. Yəqin payız sessiyasına kimi koronavirus pandemiyası aradan qalxar və o vaxtlar biz bu məsələlərlə bağlı ya bir dinləmə keçirərik, ya da qanunvericiliyə dəyişikliklə bağlı komissiya iclası edərik. Hər halda bu məsələ bizim nəzərimizdədir".