Məmurların fəaliyyətilə bağlı ictimai nəzarət gücləndirilməlidir

Mayis Səfərli: "Biz vətəndaş olaraq xalqın malını oğurlayanları qınaq obyektinə çevrməliyik"

"Məlumdur ki, Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi geniş islahatlar, struktur və kadr dəyişiklikləri həm də yerli və mərkəzi hakimiyyət orqanlarında antikorrupsiya əməliyyatları ilə müşayiət olunur. Bu isə səbəbsiz deyil. Ağstafa, Yevlax, Neftçala, Biləsuvar, İmişli rayon icra hakimiyyətləri başçılarının, Mədəniyyət Naziri Ə. Qarayevin müavini R.Bayramovun, həmin qurumun xidmət rəhbəri Z. Sultanovun saxlanılaraq barələrində həbs qəti-imkan tədbiri seçilməsi ondan xəbər verir ki, respublikamızın dövlət idarəetmə orqanlarında qulluq mövqelərindən sui-istifadə edərək cinayətlər törədən xeyli vəzifə sahibləri var". Bunu "Olaylar"a deyən Yurddaş Partiyasının sədri Mayis Səfərlinin sözlərinə görə, onlar dövlət vəsaitlərini təyinatından yayındırır, talayır və mənimsəyirlər: "Həmin simasız məmurlar ölkəmizin dayanıqlı inkişafına xidmət edən dövlət proqramlarının, yol xəritələrinin, əhaliyə dəstək paketlərinin düzgün icra  olunmasına imkan vermirlər. Nəticədə, bir ovuc korrupsiyoner milyonlara sahib olur, hökumət isə çörəyi əlindən alınan, haqqı pozulan vətəndaşlarımızla üz-üzə qalır. Prezidentin  islahatlar kursu həm də ölkəmizdə məhz bu cinayətkar şəbəkənin dağıdılmasına istiqamətlənib. Lakin, göründüyü kimi, bu çox çətin vəzifədir. Onun  uğurla başa çatması üçün cəmiyyətin də üzərinə bir sıra öhdəliklər düşür. Hər bir azərbaycanlı bu işdə öz mövqeyini göstərməlidir. Təkcə sözdə yox, həmçinin əməldə. Biz vətəndaş olaraq, xalqın malını oğurlayanları qınaq obyektinə çevrməli, onların ətrafında dözülməz ictimai atmosfer yaratmalıyıq. Burada ictimai nəzarət mexanizmləri də xüsusi olaraq gücləndirilməlidir. Ümümiyyətlə, demokratik-hüquqi dövlətlərdə toplumun, ayrı-ayrı insanların, vətəndaş cəmiyyəti institutlarının hakimiyyət orqanları üzərində  ictimai nəzarətin təmin edilməsi olduqca vacibdir. Əgər hər bir vətəndaş hakimiyyət orqanlarının qəbul etdikləri qərarların, həyata keçirdikləri tədbirlərin qanunlara, ictimai mənafelərə uyğun olması ilə vaxtaşırı maraqlanarsa, onlara xidmət edən hər bir qurumun fəaliyyətinin səmərəliliyinin və keyfiyyətinin fərqində olduğunu nümsyiş etdirərsə, neqativ hallar barədə yuxarı orqanları məlumatlandırarsa, zənnimcə, dövlət başçısının islahatlar kursuna böyük töhfə vermiş olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31