Hüquq-mühafizə sistemində həyata keçirilən uğurlu kadr islahatı
11 May 2020 15:00 SosialÖlkə konstitusiyasına əlavə və dəyişikliklər məqsədilə keçirilən ümumxalq səsverməsi, referendumdan sonra Azərbaycanda yeni dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar həyatımızın bütün sahələrini əhatə etməkdədir. Son iki ildə aktiv fazaya qədəm qoyan bu islahatlar siyasi-iqtisadi, sosial sahə ilə yanaşı hüquqi sahəni də əhatə edir və dövlətçiliyimizin daha da möhkəmlənməsində, qorunmasında mühüm əhəmiyyət kəsb edir. Bütün bunlarla yanaşı ölkədə yeni dövrün tələblərinə uyğun kadr islahatları da həyata keçirilirdi ki, burada da başlıca məqsəd daha gənc, cevik, bacarıqlı kadrları önə çəkmək, onların potensialından istifadə etməklə dövlətin bu və ya digər sahələrində yeni, eyni zamanda səmərəli idarəçilik sistemi yaratmaqdır.
Ötən müddət ərzində istər mərkəzi, istərsə də yerli icra hakimiyyəti orqanlarına gənc kadrların təyin edilməsi fonunda bunları aydın şəkildə görürük. Onu da qeyd edək ki, nisbətən yaşlı, idarəetməyə heç bir yenilik gətirməyən kadrların gənclərlə əvəz edilməsi, öz-özlüyündə həm də ölkədə korrupsiya və rüşvətxorluğa qarşı aparılan səmərəli mübarizənin tərkib hissəsi idi. Belə ki, dövlət başçısı təyin etdiyi yeni, gənc kadrları qəbul edib, onlara öz tövsiyələrini verərkən bir məqama da xüsusi diqqət çəkirdi. Təmiz işləmək, korrupsiya və rüşvətə bulaşmamaq, vətəndaşlara xidmət etmək. Əslində Cənab Prezidentin yeni kadrlara verdiyi bu tövsiyələr daha çox hələ də idarəetmənin müxtəlif pillərində qalan nisbətən qocaman, işlədiyi illərdə korrupsiya və rüşvətə bulaşmış məmurlara, icra hakimiyyəti başçılarına aid edilirdi. Cənab Prezident dolayı yolla bu gün korrupsiya və rüşvətə görə cəzalandırılan məmurlara xəbərdarlıq edirdi ki, düz yola qayıdın, göstərilən etimadı doğrultmağa çalışın. Ancaq təəssüflər olsun ki, bir çox məmurlar Cənab Prezidentin bu tövsiyələrini qulaqardına vurdu ki, nəticə etibarilə həmin məmurlar bu gün yol verdikləri nöqsanlara, korrupsiya hallarına görə layiqli cəzalarını almaq mərhələsindədirlər.
Bu arada bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, yuxarıda sadalanan neqativ halların aşkar edilməsində hüquq-mühafizə orqanları sistemində həyata keçirilən islahatların da mühüm əhəmiyyəti var. Bu sistemdə həyata keçirilən kadr islahatı adı çəkilən qurumun imicinin daha da qaldırılması ilə yanaşı, öz növbəsində korrupsiya və rüşvətxorluğa qarşı səmərəli mübarizəni da sürətləndirmiş oldu. Belə ki, kadr islahatları nəticəsində işi təkmilləşdirilməklə peşəkarlıq səviyyəsi daha da yüksəldilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi deyilənlərin təsdiqidir.
Yaxud bir müddət əvvəl Prokurorluq sistemində həyata keçirilən kadr islahatı da eynilə qeyd etdiyimiz məqsədə xidmət edirdi. Məumat üçün qeyd edık ki, dövlət başçısı Azərbaycan Respublikasının Baş prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırdı, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bildirdi.
Qeyd etdiyimiz kimi ötən müddət ərzində hüquq-mühafizə orqanları sistemində aparılan uğurlu kadr islahatları öz müsbət nəticələrini göstərməkdədir və korrupsiya, rüşvətə bulaşmış bir sıra məmurların həbsi bunların əyani sübutudur. Sevindirici hal ondan ibarətdir ki, bu kimi neqativ hallara qarşı təbdirlər davam edir və məsuliyyətsiz, dövlətin malını talayan, vətəndaşları incidən məmurlara kimliyindən asılı olmayaraq güzəşt edilmir. Elə bu günlərdə Mədəniyyət Nazirliyində həyata keçirilən əməliyyat da bunun sübutudur. Belə ki, 8 may tarixində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirilib və nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini Rafiq Bayramov və Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri seçilib.
Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey işi, nəşriyyat işi, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür neqativ hallara yol verilməsi cəmiyyətdə haqlı olaraq narazılıq yaradıb və ictimaiyyət nümayəndələri tərəfindən kəskin tənqid olunub. Bildirilib ki, Ermənistanın hələ də davam edən təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi mütləqdir.
Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov da bu qənaətdədir. O, bildirib ki, Azərbaycan mədəniyyətinin inkişafına məsul olan şəxslər ən böyük mədəniyyətsizlik nümayiş etdirərək dövlət əmlakını talayıblar: "Məlum olduğu kimi mədəniyyət nazirinin müavini Rafiq Bayramov və nazirliyin nəzdindəki Dövlət Xidmətinin rəisi Zakir Sultanov yol verdiyi korrupsiya əməllərinə görə həbs olundular. Göründüyü kimi bir qismi ermənilər tərəfindən dağıdılan mədəniyyət və incəsənət əsərlərinin qalanınını da bu xəyanətkarlar talan edib, yağmalayıblar".
Arzuman Abdulkərimov deyir ki, bu tip məmurlar öz məsuliyyətsiz hərəkətləri ilə Azərbaycan xalqına və Prezidentin apardığı siyasətə xəyanət edirlər: "Radikal müxalifətin, beşinci kolonun əlinə fürsət verərək onları dövlətin üzərinə qaldırırlar. Mənə görə belələri beşinci kolondan daha təhlükəlidirlər".
AVP rəsmisi onu da vurğulayıb ki, son dövrlər, xüsusilə də 2018- ci ilin prezident seçkilərindən sonra ölkədə aparılan islahatlarla bərabər korrupsiyaya qarşı mübarizə sahəsində də ciddi addımlar atılır: "İlk zamanlar bu kiçik ranqlı məmurlar səviyyəsində olsa da, sonradan rayon icra hakimiyyəti başçılarının timsalında hakimiyyətin müəyyən qədər yuxarı eşalonunda təmsil olunan şəxslərin də həbs olunması ilə davam etdirildi. Ağstafa, Yevlax, Beləsuvar, Neftçala və İmişli rayonlarının İcra Hakimiyyətinin başçıları həbs olundular. Bəzi qüvvələr isə bu proseslərin kosmetik və görüntü xatirinə edildiyini hələ də iddia edirdilər və bu proseslərin hakimiyyətin daha yuxarı eşalonuna aid olmayacağını deyirdilər. Bu da sizə yüksək ranqlı məmurlar. Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatlar göstərdi ki, proses davam edir, neqatif hallar aşkarlanacaqsa bundan sonra da davam edəcək. Ümumiyyətlə DTX-nın son dövrlər keçirdiyi əməliyyatlar xalq arasında çox yüksək səviyyədə qəbul olunur, Təhlükəsizlik orqanlarının yüksək peşəkarlığa malik olduqlarını bir daha sübuta yetirir, itirilmiş nüfuzunun bərpası üçün böyük rol oynayır".
Süleyman İsmayılbəyli