Deputat: “Karantin rejimi daha da sərtləşdirilə bilər”

"Hamı karantin rejiminin tez bitməsini istəyir. Amma istəyənlərin görəsən neçə faizi bunun üçün tələb olunanlara əməl edir? Uzağa getmək lazım deyil, pəncərədən həyətinizə baxın, biləcəksiniz. Görün neçə nəfər karantin rejiminin tələbləri çərçivəsində hərəkət edir, yaxud edən varmı? Dükanda-bazarda, dayanacaqlarda, bankomatların önündə neçə nəfərin virusa yoluxmamaq və yoluxdurmamaq üçün məsafə saxladığını görürsünüz, görürsünüzmü?" Bunu "Olaylar"a deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, məhz ona görə də yoluxanların sayında yenidən artım qeydə alınır: "Artım qeydə alınırsa, bu o deməkdir ki, karantin rejimi daha da sərtləşdirilə və uzadıla bilər. Karantin rejiminin uzadılması isə təkcə ilin-günün bu vaxtında evə qapanıb qalmaq, sosial təcridin uzadılması demək deyil. Bu, iqtisadiyyatımıza təsirsiz ötüşməyəcək, dolanışığımıza təsirsiz ötüşməyəcək, təhsilə təsirsiz ötüşməyəck, nəhayət sağlamlığımıza təsirsiz ötüşməyəcək. Ona görə də anlamalıyıq ki, COVİD-19-la bağlı edilən xəbərdarlıqları qulaqardına vurmaq olmaz, bu virus gücünü bizdən, bizim məsuliyyətsiz və vecsiz davranışımızdan alır". Deputat insanlara müraciət də ünvanlayıb: "Əziz dostlar, bacılar, qardaşlar, gəlin məsuliyyətli olaq, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə əməl edək, özümzü qoruyaq, doğmalarımızı qoruyaq, bir-birimizi qoruyaq, iqtisdiyyatımızı qoruyaq, əmin- amanlığımızı qoruyaq, ölkəmizi qoruyaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31