Virtual falçılıq - Onlar insanları necə "ovlayır" - FOTOLAR
7 May 2020 09:08 SosialBakuPost.az xəbər verir ki, müxtəlif adlar altında fəaliyyət göstərən şəxslər onlayn ödənişlərlə insanların savadsızlığından yararlanaraq, dələduzluq edirlər. Onlardan "İnstagram"da "Baxici_reyhan", "Baxici_555", "Baxici_gadalka_natawa", "_Baxici_cadugar_fal", "_baxici_gunay" və digərləri öz profilləri vasitəsilə aktiv fəaliyyət göstərən falçılardandır.
"Tanrı vergisidir. Doğruluğa zəmanət", "cadu təmizlənməsi, sevgi, bağlılıq...", "dil-ağız bağlama, ailə söz-söhbəti, gedəni qaytarmaq", "bəxt açma", "şirinlik duası, ruzi" çağırışları ilə diqqəti özünə cəlb edən şəxslərin profil fotoları onu göstərir ki, onların bu "xidmət"lərindən yararlananlar var.
"Baxici_reyhan" mesaj bölməsindən müraciət edənlərdən bir baxış üçün 10 manat istəyir. Tarot falı üçün isə Kapital Bankda açılan hesab koduna 15 AZN ödəniş olunmaqla, çekin şəklinin göndərilməsini tələb edir.
Ekspertlər sosial şəbəkə istifadəçilərinin belə dələduzlarla münasibətdə diqqətli olmasını tövsiyə edir. Polis tərəfindən belə hallara qarşı kəskin mübarizənin aparıldığı bildirilir. İnamından sui-istifadə edilən, pulu mənimsənilən şəxslər polisə müraciət edə bilərlər. Dələduzluq faktı əsasında falçılıq fəaliyyəti ilə məşğul olan və saxtakarlıq edərək əhalinin pulunu mənimsəyən şəxslərə qarşı cinayət işi qaldırıla bilər. Amma "təcrübəli" falçılar daha az məbləğ tələb etməklə əməlini cinayət təqibindən qoruduğunu zənn edir.





