Karantin qaydalarının yumşaldılması vətəndaşlarda arxayınlıq yaratmamalıdır
6 May 2020 13:12 SosialMəsuliyyətsizlik bizi daha ciddi təhlükələrlə üzləşdirə bilər
Artıq iki aydan çoxdur ki, Azərbaycan da bütün dünyanı bürüyən koronavirus pandemiyası ilə qarşı-qarşıyadır. Nə qədər təəssüfedici və üzücü də olsa pandemiya Azərbaycanda da can aldı və yüzlərlə vətəndaşımız bu virusun daşıyıcısına çevrildi. Düzdür, etiraf etmək lazımdır ki, Azərbaycanda virusun yayılması tendensiyası digər ölkələr, hətta ən inkişaf etmiş Avropa dövlətlərinə nisbətən bir qədər zəifdir. Bunu həm ölüm sayı, həm də virusa yoluxanların sayından aydın görmək mümkündür. Təbii ki, bu da ilk növbədə atılan adekvat addımlar və zamanında qəbul edilən qərarlarla əlaqədardır. Hansı ki, atılan bütün adekvat addımlar və qəbul edilən qərarlar sırf Azərbaycan vətəndaşının sağlamlığı, bu virusdan nisbətən az zərər çəkməsi üçün hesablanmışdı. Ötən müddət ərzində tətbiq edilən karantin qaydaları və ciddi nəzarət mexanizmləri, eyni zamanda dövlətin müvafiq qurumlarının koordinasiyalı fəaliyyəti virusun ölkə ərazisində daha çox yayılmamasına yardımçı oldu.
Məlum olduğu kimi mart ayının sonlarından ölkədə tətbiq edilən karantin qaydaları bir neçə gün əvvəl bir qədər yumşaldıldı. Düzdür, karantin rejimi mayın 31-dək davam etsə də, lakin tətbiq edilən yuimşaldılma və bir sıra iaşə obyektləri və digər xidmət sahələrinin açılması istər-istəməz paytaxtda yenidən kütləviliyin yaranması və əhalinin hərəkətinin intensivləşməsinə gətirib çıxarıb. Bu da nəticə etibarilə Azərbaycanda yenidən koronavirusa yoluxanların sayının artmasına gətirib çıxarıb. Elə son statistik göstəricilər də onu deməyə əsas verir ki, karantin qaydalarının yumşaldılmasından sonra ölkə ərazisində virusa yoluxanların sayında artım tendensiyası müşahidə edilib. Əgər karantin qaydaları yumşaldılmadan əvvəl Azərbaycanda gündəlik koronavirus pandemiyasına yoluxanların sayı 25-30 nəfər təşkil edirdisə, indi artıq bu rəqəm 50-60, hətta 70 nəfər arasında dəyişir. Bu da onu deməyə əsas verir ki, karantin qaydalarının yumşaldılması vətəndaşlarımız arasında mənasız yerə arxayınlıq yaradıb və onlar ölkədə heç bir pandemiya yoxdur düşüncəsi ilə yenidən əvvəlki qaydada öz fəaliyyətlərini, ictimai nəqliyyatda gigiyenik qaydalara zidd hərəkətlərini davam eydirirlər. Heç şübhəsiz ki, bu da yenidən virus dalğasının pik həddə çata biləcəyi təhlükəsini artırır. Ona görə də vərəndaşlarımız qətiyyən karantin qaydalarının yumşaldılmasından arxayın olmamalı, özlərini, ətraflarını, yaxınlarını qorumaq üçün Nazirlər Kabineti yanında Operativ Qərgaghın qaydalarına birmənalı şəkildə əməl etməlidirlər. Elə əksəriyyət də belə düşünür. Millət vəkili Tamam Cəfərova deyib ki, ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar qəbul olunsa da, vətəndaşlar bundan arxayın olmamalıdırlar: "Xüsusi karantin rejimininin yumşaldılması koronavirus təhlükəsinin sovuşması anlamına gəlmir. Bu xəstəliyin qısa zaman ərzində başa çatması qeyri-mümkündür, çünki bu zaman tələb edən uzunmüddətli bir prosesdir. Vətəndaşlar bilməlidilər ki, onlar sosial izolyasini saxlamasalar, evdə qalmasalar, təkcə özlərinin deyil, ətrafdakıların, öz əzizlərinin həyatını riskə atırlar. Ölkəmizdə bu infeksiyaya yoluxma halları davam etməkdədir. Və təəssüf ki, son günlər bu faktlar artmaqdadıdr. Dünən ölkəmizdə 76 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 28 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. Xəstəliyə yoluxanların sayı, sağalanların sayından 3 dəfə çoxdur. Yəni əvvəlki müsbət dinamika artıq yoxdur. Bu vətəndaşlarımızın hökumətin təyin etdiyi izolyasiya tətbirlərinə əməl etməməsinin nəticəsində baş veririr. Bu ciddi siqnaldır. Əhali zəruri olmadığı hallarda da sms vasitəsilə icazə alıb müxtəlif məqsədlərə görə şəhərə çıxır. Vətəndaşlarımız bütün tələblərə ciddi əməl etməli, tövsiyələri nəzərə almalıdırlar". Millət vəkili bir daha qeyd edib ki, biz qətiyyən arxayınlaşmamalıyıq% "Mövcud vəziyyəti düzgün analiz etməliyik, Xahiş edirəm ki, hər kəs zəruri sosial davranış qaydalarına, şəxsi gigiyena və tibbi-profilaktik qaydalara əməl etsin, yalnız zəruri hallarda evdən çıxın, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağınız vacibdir. Bununla da siz həm özünüzün, həm ailənizin sağlamlığını qoruyacaq, həm də dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərmiş olacaqsınız. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə, təklif və qərarları qeyd-şərtsiz icra olunmalıdır.Ölkəmiz üçün belə çətin günlərdə sizləri maksimum məsuliyyətli olmağa və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərməyə dəvət edirəm".
Məhəmməd