Bizim məmurlara yalnız inzibati nəzarət kifayət etmir

İlqar Altay: "Bu andakı pozuculuq, vətənə xəyanət deməkdir"

Artıq bir xeyli müddətdir ki, Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin yeni dalğası başlayıb. Dövlət əmlakını mənimsəmək, vətəndaşların torpaqlarını zor gücü ilə ələ keçirməkdə ittiham olunan bir neçə rayonun icra hakimiyyəti başçısı həbs edilib, eləcə də onlarla əlbir olan yerli icra hakimiyyətinin nümayəndələri saxlanılıb.

Ölkədə həyata keçirilən həbslər və korrupsiya, rüşvətxorluğa qarşı aparılan amansız mübarizə birmənalı olaraq cəmiyyət tərəfindən müsbət qiymətləndirilib. İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay da həyata keçirilən əməliyyatları təqdir edib və dövlət əmlakını mənimsəyən məmurların cəzalandırılmasını vacib sayıb: "Müşahidələr insanda təəccübdən çox, qəribəlik hissi yaradır ki, bizim Azərbaycan dövləti bu cür məmurlarla necə ayaqda qalır? Çox təəssüflüdür. Dünyanı bürümüş koronavirus pandemiya təbii fəlakəti dövrüdür. Üstəlik də qlobal iqtisadi, neft mənşəli böhran durumu. Ölkə demək müharibə, karantin vəziyyətindədir. Dövlət və xalqı əziyyət çəkir, çıxış yolu axtarır. Bu dar gündə isə, dövlət və xalq onun qulluq və xilasında durması vəzifə borcu olan bəzi məmurlardan, kömək əvəzində, problem, ziyan görür. Və dövlət və onun xüsusi orqanları virus, böhran bir tərəfə, bir sıra zərərli məmurun zərərsizləşdirilməsilə məşğuldur. Bu hal dünyanın hansı ölkəsundə var ki, dövlətin iş gücü, başı bilmir böhrana, yoxsa öz məmuruna qarışsın? Öz pozucu, dağıdıcı, oğru məmuruna. Bir neçə rayonun icra başçı və digər məmurları həbs edilib. Ən son Biləsuvarın və İmişlinin icra hakimiyyəti başçıları həbs edildi.  Eyni zamanda xalq şairi və millət vəkili Sabir Rüstəmxanlı da car çəkir ki, Yardımlı rayonunun da icra başçısı yardım oğurlayır, gərək həbs edilsin. Həmçinin müxtəlif rayonların camaatı rayon icra başçılarının özbaşınalığından şikyətçidirlər".

İlqar Altay qeyd edib ki, illərlə korrupsiya və yeyintilərlə dövləti sökürlər, rüşvətlə xalqı soyub milyonlara sahibdirlər, indi bu çətin dövrdə, kasıb ailələrə gələn yardıma əl uzadırlar: "Hətta göndərilən  yardımları ac, yoxsul insanlara çatdırmaq problemi yaradılır, mənimsəyirlər. Görünür, nəinki xalqa, heç qanuna, öz dövlətinə də hörmət və sanki qorxu, məsuliyyət hissi yoxdur. Sovet dövrü prokurorluğun bütün sahələr üzrə qanunçuluğa prokuror nəzarəti vardı. Bütün idarələrdə siqnal-şikayətlər üzrə yoxlama, təftiş aparırdı. Əhali istənilən idarə və məmurdan rüşvət, ya özbaşınalıq üzrə prokurora şikayət edirdi. Və dövlət vəsaiti-əmlakını yeyinti siqnallaryla bağlı dərhal yoxlamalar aparırdı. Hər yerdə, hər sahə üzrə xalqın, əhalinin və dövlətin mənafeyini çox sərt və effektli qoruyurdu. Sonralar prokurorluq orqanlarından bu səlahiyyət alındı, yalnız hüquq mühafizə orqanlarında cinayət-təhqiqat işlərinə nəzarət üzrə saxlanıldı. Fikrimcə prokurorluğun həmin funksiyası bərpa olunmalıdır. Sahibkarlıq şəxsi təsərrüfat yox, dövlət idarə, strukturlarına nəzarət üzrə, bir müvəqqəti dövr üçün. Görünür ki, bizim məmurlara yalnız adminstrativ nəzarət kifayət etmir. Bu fikrə uyğun, canlı misal deyim. Gənclik illərində, dağ rayonundan birisində çalışan vaxtım, rayon prokuroru ilə təcili qətl hadisəsi yerinə getdik. Orada məşhur bir kolxoz sədrinin ümumi söhbətdə məzəli, amma ki, çox maraqlı sözü oldu. Dedi ki mən rayonun rəhbəri 1-ci katibdən qorxmuram, amma ki, prokurordan qorxuram. Çünki katib məni uzağı işdən çıxarar, amma prokuror məni tutar. Dedi bizi əsas təmiz işləməyə vadar edən prokuror qorxusudur. Belə çıxır, bu günkü məmurlara da lazımdır, "nadzor".

Düşündürücü budur ki, rüşvət-korrupsiya ilə bu qədər var-dövlətə malik məmur elə də bahalı və gəlirli mənimsəmə dəyəri olmayan, kasıb aclara gələn yardıma niyə göz tiksin? Bunun iki cavabı ola bilər. Ya, bunlar insanlıqdan çıxmış, manyak xəstədirlər, mahiyyəti nə olsa belə, mənimsəmə prosesindən psixoloji ekstazla, ləzzət alırlar. Ya da bunlar xəstə deyil, bunu dövlətçiliyə, dövlətə qarşı qəsdən edirlər, xalqı dövlətdən son narazı həddə çatdırmaq üçün. Əgər ikinci variantdırsa bu, yəqin ki, sistemli təşkilli məsələdir, hansısa yuxarı hakimiyyətiçi oliqarxiya və bəlkə də, ölkə xarici, pozucu mərkəzdən yönələn təxribat kimi. Budursa, bu çox təhlükəlidir və ölkəmiz üçün də hədsiz zərərlidir".

İlqar Altay deyib ki, bu saat  pandemiya və iqtisadi böhran dövrü vahid yumruq kimi bu qlobal fəlakətə qarşı bütün dünya ölklərində daxili birlik və həmrəylik var: "Çünki bilirlər ki, bu dövrdə şəxsi, qrup ambisiya fürsətcilliyi bütün ölkəni çökdürə və batıra bilər. Bizim Azərbaycana da vətən üçün bu vacib anda dövlət və xalq birliyi, cəmiyyət içi, müxalifət içi, iqtidar içi birlik və buradan da, iqtidar-müxalifət-cəmiyyət barış, dialoq, anlaşma xətti vacibdir. Bu andakı pozuculuq, vətənə xəyanət deməkdir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31