Dövlət orqanları niyə ictimai şuraların yaradılmasında maraqlı deyillər?
6 May 2020 11:49 Sosial"Bir sıra ictimai şuralar formal olaraq yaradılır, icra hakimiyyəti özünə yaxın QHT-lərdən lobbi qrupu formalaşdırır "
Azərbaycanda "İctimai iştirakçılıq haqqında" qanun qəbul edilməsinə baxmayaraq hələ də onun bəzi müddəalarının həyata keçirilməsi mümkün olmayıb. Sözügedən qanuna əsasən, mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarəti təşkili üçün həmin qurumların nəzdində ibarət ictimai şuraların yaradılması təmin edilməlidir. Lakin reallıq ondan ibarətdir ki, istər yerli, istərsə də mərkəzi icra hakimiyəti orqanları belə bir qurumun yaradılmasında maraqlı deyillər. Aparılan araşdırmaların nəticəsinə görə, əksəriyyət mərkəzi və yerli icra hakimiyyəti orqanları vətəndaş cəmiyyətinin onların qəbul etdiyi qərarların hazırlanmasında və həyata keçirilməsində iştirak etməsində maraqlı deyillər və bu baxımdan qanunvericilikdə nəzərdə tutulan ictimai iştirakçılıq formalarının heç birindən, o cümlədən ictimai şura mexanizmindən istifadə etmirlər. Bir sıra Dövlət orqanları ictimai iştirakçılığın formal olaraq tətbiq etsələr də, əslində vətəndaş cəmiyyəti təmsilçiləri qərar qəbuletmədə iştirak etmir və bu iştirakçılıq yalnız tədbirlərdə iştiraka dəvət olunmaqla xarakter daşıyır. İctimai İştirakçılıq mexanizmlərini yalnız formal olaraq deyil, həm də real olaraq tətbiq edən dövlət orqanlarının mövcudluğu onu göstərir ki, əslində ictimai iştirakçılıq prosesinin real olaraq tətbiqi üçün hüquqi əsaslarla yanaşı siyasi iradə də mövcuddur, sadəcə "aşağılar" onun tətbiqində maraqlı deyil və prosesə mane olurlar. Millət vəkili Azay Quliyev qeyd edib ki, Cənab Prezident mayın 1-də Baş prokuroru qəbul edən zaman neqativ hallarla, xüsusilə korrupsiya və rüşvətxorluqla effektiv mübarizədə vətəndaşlar tərəfindən ictimai nəzarətin tətbiq olunmasının vacibliyini və önəmini bir daha xatırlatdı: "Gəlin görək ictimai nəzarət mexanizmi nədən ibarətdir və bundan necə istifadə olunur? Bilirsiniz ki, Avropada ən yaxşı ictimai nəzarət mexanizmini özündə ehtiva edən örnək hüquqi bazalardan biri, bəlkə də birincisi məhz 2013-cü ildə "İctimai İştirakçılıq haqqında" qanunu qəbul etməklə Azərbaycanda yaradılıb. Qanuna əsasən, mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarəti təşkili üçün həmin qurumların nəzdində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının seçkili nümayəndələrindən ibarət ictimai şuraların yaradılması mexanizmi təsbit edilmişdi. Təəssüflər olsun ki, bu qanun tətbiqində ciddi problemlər mövcuddur. Birinci heç də bütün mərkəzi və yerli icra hakimiyyəti orqanları belə bir nəzarət mexanizminin yaradılmasında maraqlı görünmürlər. Qanunun tələbinə baxmayaraq keçən 7 ildə 33 mərkəzi icra hakimiyyəti orqanından yalnız 11-də ictimai şura yaradılıb.Yerli icra hakimiyyəti orqanında isə vəziyyət heç yaxşı deyil. 80 yerli icra hakimiyyəti orqanının yalnız 5-də ictimai şura təsis olunub. Mən yerli özünüidarəetmə orqanlarından heç danışmıram. Bələdiyyələrdə ümumiyyətlə bu haqda təsəvvür belə yoxdur. Ona görə də bu gün həmin qurumların fəaliyyətinə effektiv ictimai nəzarəti tətbiq etmək mümkün deyil. Nəticədə şəffaflıq və real hesabatlılıq arxa plana keçir. Problemləri qabaqcadan önləmək mümkün olmur. Bu cəhətdən 4 rayonun icra başçılarının düşdüyü hamımız biabırçı vəziyyətin şahidi olduq. Bu baxımdan ictimai nəzarət mexanizminin tətbiqi dövlət məmurlarının birbaşa marağında olmalıdır və onlar ictimai şuraların yaradılmasından çəkinməməli və qanunun tələb etdiyi kimi, bu qurumu yaratmalıdırlar".
Millət vəkili qeyd edib ki, ikinci problem mövcud ictimai şuraların yaradılması və onların fəaliyyəti ilə bağlıdır: "Əlbəttə ictimai şuraları yaradan bütün qurumların rəhbərlərinə təşəkkür etmək lazımdır. Lakin bəzi ictimai şuraların yaradılmasının mənasını başa düşmək çətindir. Belə ki, bir sıra ictimai şuralar formal olaraq yaradılır, yəni müvafiq icra hakimiyyəti özünə yaxın və loyal QHT-lərdən ibarət sanki bir alt qurum və ya lobbi qrupu formalaşdırır. Belə halda onlar necə ictimai nəzarəti həyata keçirə, nöqsanları ictimailəşdirə və ya problemlərin həlli üçün təkliflər verə bilər. Bundan başqa, bəzi nazirliklər ictimai şura üzvlərinə qrant verirlər. Bu da doğru deyil və ən azından ictimai iştirakçılıq haqqında qanunun 6.7-ci maddəsinin pozulmasına, maraqların münaqişəsinə və dövlət qurumundan şura üzvlərinin asılı olmasına gətirib çıxarır. Bu da ictimai nəzarətin mahiyyətinə və fəlsəfəsinə tamamilə ziddir. İctimai şuraların bir çoxu nə illik hesabat verir, nə ictimai dinləmə və müzakirələr keçirir, nə də yanında fəaliyyət göstərdiyi qurumun işinin təkmilləşdirilmsi və problemlərin həlli istiqamətində təkliflər verir və yaxud hər hansı bir tənqidi hesabatlar lazırlayırlar. Buna görə də bu cür İctimai şuraların varlığı hiss olunmur. Bir də İctimai şuraların üzvlüyünə seçkilər şəffaf və rəqabət şəraitində keçirilməlidir ki, ora müstəqil və peşəkar şəxslər seçilə bilsinlər".
Zəka