Seçici problemləri millət vəkili və icra hakimiyyətlərinin koordinasiyalı fəaliyyəti ilə həll olunmalıdır
6 May 2020 10:40 SosialVI çağırış Milli Məclisin üzvlərinin mütləq əksəriyyəti parlament seçkilərindən ötən qısa müddət ərzində seçiciləri ilə daha sıx təmasda olub, onların problemləri, qayğılarını dinləyib, həmin problemlərin həllinə yardımçı olmağa çalışıblar. Bu da öz növbəsində dövlət başçısı Cənab İlham Əliyevin parlament seçkiləri ərəfəsində deputatlığa namizədlərə verdiyi tövsiyələrdə irəli gəlir. Belə ki, Prezident İlham Əliyev parlament seçkiləri ərəfəsində verdiyiu müsahibələr, eləcə də keçirdiyi görüşlərdə bildirmişdi ki, yeni seçiləcək millət vəkilləri seçiciləri ilə yaxından işləməli, onların problemlərinin həllinə çalışmalıdırlar. Elə millət vəkili Jalə Əliyeva da dövlət başçısının həmin tövsiyələrinə uyğun olaraq müntəzəm olaraq deputat seçildiyi Zərdab rayonuna gedir, seçiciləri ilə şəxsən görüşərək onların qayğılarını, problemlərini dinləyir. Qeyd edək ki, millət vəkili bundan əvvəlki deputatlığı dövrdə də seçicilərinin çoxsaylı problemlərinin həllinə nail olub. Sevindirici hal ondan ibarətdir ki, günümüzdə də millət vəkili zərdablıları narahat edən problemlərin həlli istiqamətində çalışır. Hətta millət vəkili seçkidə opponenti olmuş namizədlərin də təkliflərini nəzərə alır. Jalə Əliyeva bildirib ki, Zərdab şəhərinin 1 may küçəsinin keçilməz vəziyyətdə olduğuna və problemin aradan qaldırılması üçün köməklik göstərməyimə dair keçmiş opponentim Jalə Mütəllimova tərəfindən müraciət alıb: "Özünə də bildirdiyim kimi, həmin küçənin öz vəsaitimlə cari təmiri üçün bundan 3 il əvvəl əraziyə köməkçimi və yol idarəsinin mühəndisini göndərmişdim. Lakin yerli sakinlər etiraz etdilər. Yolun əsaslı təmir edilməsini və həmin ətrafa kanalizasiya xəttinin çəkilməsini tələb etdilər". Millət vəkili Jalə Əliyeva təəssüf hissi ilə qeyd edib ki, həmin dövrdə müəyyən səbəblərlə sakinlərin yolun əsaslı təmiri ilə bağlı tələblərini yerinə yetirmək mümkün olmadı: "Kanalizasiyaya gəlincə, bilirsiniz ki, 2006-2019-cu illər ərzində hər il hökümətin hesabatl və büdcə müzakirələri vaxtı bu problem tərəfimizdən Milli Məclisdə səsləndirilib. 2011-ci ildə bunun üçün dövlət büdcəsindən vəsait ayrılıb və təmir işləri başlasa da, bir il sonra həmin tikinti işləri, yenə də təəssüf olsun ki, yarımçıq qalıb. Rayona kanalizasiya xəttinin çəkilişi işlərinin yenidən başladılması və ayrı-ayrı kəndlərimizdə mövcud olan müxtəlif səpkili çətinliklərin aradan qaldırılmasına kömək göstərilməsi üçün bu yaxınlarda hökümətin Milli Məclisdə hesabatı vaxtı Nazirlər Kabinetinə yazılı müraciətimizi ünvanlamışam". Millət vəkili qeyd edib ki, 2020-ci ilin Parlament seçkilərindən sonra isə, rayonun yeni rəhbəri, Mərdan Camalovla rayonda həllivacib məsələlərlə bağlı ətraflı söhbətləri olub: "Yeri gəlmişkən, cənab Prezident İlham Əliyev tərəfindən ötən ilin noyabr ayında Zərdab rayonuna İcra Başçısı vəzifəsinə təyin edildiyi gündən bəri, rayonun inkişafı, abadlaşdırılması, gözəlləşdirilməsi, əhalinin çoxsaylı müraciətlərinin həlli istiqamətində həyata keçirtdiyi uğurlu fəaliyyət üçün hörmətli Mərdan müəllimi elə buradan təbrik edir, ona təşəkkürlərimi çatdırır və uğurlarının davamını arzulayıram. O, rayonun bütün sahələri üzrə mövcud və ortaya çıxan problemləri sırayla həll etməyə çalışır. Eyni zamanda yol infrastrukturunun inkişafı, daxili yollarımızın təmir edilməsi işləri də planlı şəkildə həyata keçirilir. Bu çərçivədə Cabbarlı və Axundov küçələri artıq asfaltlanıb. Allahqulubağı-Alıbəyli-Gəlmə kəndlərini birləşdirən yol hazırda təmir edilir, bu günlərdə Dədə Qorqud dairəsindən rayonun girişinə qədər uzanan və şəhərin mərkəzi yolu olan Heydər Əliyev prospektinin təmiri başlayacaq. Gördüyünüz kimi, dayanmadan iş gedir. Növbənin mütləq 1 may küçəsinə də çatacağını zatən bilirdim. Lakin bununla belə, müraciəti cavabsız qoymamaq və imkan daxilində 1 may küçəsinin də qısa zamanda təmirinin başlanması üçün, elə həmin gün rayon rəhbərliyi və yol idarəsinin rəisi Elman Cavadi ilə əlaqə saxladım. Mövcud imkanlarla bizə necə kömək edə biləcəkləri ilə maraqlandım. Sağ olsunlar! Bizi qırmadılar! Elə səhəri gün 1 may küçəsinə texnika göndərdilər. Küçə başdan-ayağa qreyderləndi. Çuxurlar hamarlandı. Köməkçim Firdovsi Eyvazovla birlikdə, gedib yola baxış da keçiriblər. Gəlmə yolunun təmiri bitdikdən sonra isə, mərkəzi prospektə paralel olaraq 1 may küçəsi də bərpa ediləcək və asfaltlanacaq. Mən müraciətimizə belə duyarlı və operativ yanaşdıqları üçün həm Mərdan Camalova, həm də Elman müəllimə təşəkkür edirəm. İnanırıq ki, bir-neçə ildən bəri həllini gözlədiyimiz yol ən qısa zamanda öz abadlığı ilə bizləri sevindirəcəkdir, inşallah".
Süleyman