Azərbaycan turizmi pandemiya zamanı və ondan sonra

Postpandemiya dövründə bu sahədə diqqət edilməli olan vacib gigyenik qaydalar

Bütün dünyanı bürüyən koronavirus pandemiyasının hər bir ölkənin turizm sektoruna da ciddi təsir göstərdiyi danılmazdır. Əslində bu da təbiidir. Çünki pandemiya bir ölkədən digər ölkəyə bir çox hallarda məhz turistlər vasitəsilə yayılıb. Ona görə də hər bir ölkədə ilk növbədə xarici turistlərin səfərinə qadağan tətbiq etdi, otellər şəbəkəsini bağladı. Hər nə qədər alınan ilkin önləmlər təhlükəni bir qədər azaltsa da, ancaq bütün halda turizimsiz həyat da mümkün görünmür və şübhə yoxdur ki, pandemiya bir qədər səngidikdən sonra xarici turistlərin səfərləri yenidən aktuallaşacaq. Nəzərə alsaq ki, turizm istirahət mərkəzləri, otellər də insanların kütləvi toplaşdığı məkanlardan biridir, o zaman adıçəkilən məkanlarda bundan sonra gigiyenik qaydalara daha ciddi diqqət yetirməyin vacibliyi qaçılmaz olacaq. Məhz bunu nəzərə alaraq turizm və otelçilik sektorunda koronavirus infeksiyasının idarə olunmasına dair metodik göstərişlər hazırlanıb.

Məlumat üçün bildirək ki, sənəd turizm, otelçilik sektoru işçilərinin və müştərilərin sağlamlığının qorunması məqsədi ilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub. Mövcud olan məlumatlara əsasən COVID-19 infeksiyası insanlar arasında birbaşa havadamcı yolu ilə və ya dolayı yolla kontaminasiya olunmuş səthlərə təmas etdikdən sonra əllərlə ağız boşluğuna, gözlərə, buruna və s. toxunduqda ötürülür.  Bir çox hallarda yoluxmuş insanlarda xəstəliyin gedişatında yüngül simptomlar müşahidə edilir, lakin yaşlı və ya yanaşı xəstəliyi olan yoluxmuş insanlarda kəskin ağırlaşmalar müşahidə olunur. Xəstəliyin profilaktik tədbirlərinə əl gigiyenası, sosial məsafənin saxlanması, gözlərə, ağız boşluğuna, buruna toxunulmaması və tənəffüs gigiyenası aid edilir. İctimai yerlərdə ortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi xəstəliyə yoluxma riskini azaldır. 

Qeyd etdiyimiz kimi insanların sıx toplandığı digər ictimai yerlərdə olduğu kimi, otellərdə və turizm müəssisələrində yoluxma ehtimalı yüksəkdir. Burada qonaqlar müvəqqəti olaraq yaxın məskunlaşma şəraitində yaşayırlar, öz aralarında və işçilərlə sıx qarşılıqlı münasibətdə olurlar. Məhz bu cəhətlər - qonaqların məskunlaşması ilə bağlı onlara göstərilən xidmətlər (yemək, içki, təmizlik, hər hansı bir fəaliyyətin təşkili və s.) - və bu müəssisələrə xas olan qarşılıqlı münasibətlər (qonaq-qonaq, qonaq-işçi heyəti və işçi heyətin öz arasında) xüsusi diqqət tələb edir. Müəssisənin hər bir heyət üzvü Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən verilən COVID-19-a qarşı əsas müdafiə tədbirlərinə, (əl gigiyenası, sosial məsafənin saxlanması, gözlərə, burun və ağıza toxunmamaq, tənəffüs gigiyenasına riayət etmək) və xəstəliyə uyğun simptomlar varsa evdə qalaraq, tibbi yardım üçün müraciət etmək kimi tövsiyələrinə xüsusi diqqət yetirməlidir.

Həmçinin otellər və digər turizm istirahət məkanlarında qonaq qəbulu masasında lazımi    avadanlıq və tibbi ləvazimatlar Profilaktik tədbir olaraq tibbi maskalardan gündəlik həyatda istifadə etmək vacibdir.

Otellər və turizm istirahət mərkəzləri ilə bağlı əlaqədar metodik göstərişlərdə diqqət çəkən məqamlardan biri də uşaqlarla bağlıdır. Belə ki, uşaqlarda COVID-19-a yoluxma hallarının geniş yayılmamasına baxmayaraq faktlar göstərir ki, onlar arasında ağır gedişatlı və ölüm ilə nəticələnən hallar müşahidə edilir. Həmin zonada məsul əməkdaş diqqətli olmalı, soyuqdəymə simptomu müşahidə etdiyi təqdirdə, dərhal həmin uşağın valideyinləri ilə əlaqə saxlamalı və situasiya ilə əlaqəli idarəetməni icra etməyi bacarmalıdır. Belə hallarda ərazi müvəqqəti bağlanmalıdır və orada dərin dezinfeksiya işləri icra olunmalıdır.

Bundan başqa qonaq və ya heyətdə kəskin respirator infeksiyanın simptomları inkişaf edirsə, xəstənin müəssisənin bütün qonaqları və işçiləri ilə təmasını minimuma endirmək üçün səy göstərilməlidir. 

Turizm müəssisələrinin koronavirusa qarşı mübarizə ilə bağlı görəcəyi tədbirlər sırasında bir məqam da diqqət çəkir. Belə ki, metodik göstərişdə xüsusi olaraq qeyd olunur ki, müəssisədə COVID-19-a yoluxma halları olmadıqda belə, gigiyena qaydalarının tətbiqinin genişləndirilməsi tövsiyə edilir. İctimai yerlərin dezinfeksiyasına xüsusi diqqət yetirilməlidir ki, bura əsasən tutacaqlar, lift düymələri sürahilər və s. aiddir. Təmizlik heyəti müvafiq qaydada təlimatlandırılmalıdır.  Hər müəssisənin təmizləmə və dezinfeksiya planı tərtib olunmalıdır. Qonaqlar və personal sırasından COVID-19-a şübhəsi ilə xəstəxanaya təxliyə edilən şəxsin yaşayış zonası həmin plana uyğun təmizlənməli və dezinfeksiya edilməlidir. Qaydalara əsasən təmizlik personalı müvafiq fərdi qoruyucu vasitələrdən istifadə etməlidir. Həmçinin xəstənin otağının təmizlənməsi zamanı əlcəklər və tibbi maska istifadə edilməlidir. Tənəffüs sekresiyaları və ya bədən mayeləri ilə çirklənmə halında, bütün səthlər 1:100 normal durulaşdırılmış ağardıcı ilə təmizlənməli (Natrium hipoxlorit), əhəmiyyətli dərəcədə çirklənmə olduqda isə 1:10 normal durulaşdırma ilə hazırlanmış ağardıcıdan istifadə edilməlidir. Ağardıcıdan istifadə etmək mümkün olmadığı təqdirdə (məsələn; telefon, uzaqdan idarəetmə pultları, lift düyməsi və s.) 70% spirt məhlulu istifadə edilə bilər. İstifadə edilən paltar, döşək üzləri, yataq örtükləri dəsmalları və s. camaşırlar birdəfəlik istifadə üçün nəzərdə tutulmuş, ağzı sıx bağlanan, polietilen paketlərə yerləşdirilməlidir. Şübhəli şəxsin istifadə etdiyi paltar, dəsmal, yataq örtüyü kimi tekstil məhsulları 6090°C- də yuyucu toz ilə yuyulmalıdır. Birdəfəlik əşyalar qapaqlı konteynerə yerləşdirilir və tibbi tullantıların idarə edilməsi qaydalarına uyğun utilizasiya olunmalıdır. Təmizlik işləri görən heyyət fərdi qoruyucu vasitələrdən iştifadə qaydalarına dair təlimlər keçməlidirlər və vasitənin istifadəsindən sonra gigiyena qaydalarına dair təlimatlandırılmalıdırlar.

Qeyd edək ki, turizm sənayesində çalışanlar, bu sahəyə cavabdeh olan qurumlar da koronavirus pandemiyasına qarşı mübarizə istiqamətində üzərilərinə düşən vəzifələri yerinə yetirməyə, gigiyenik qaydalara əməl etməyə maksimum dərəcədə çalışır və bundan sonrakı fəaliyyətlərində bu məqama xüsusi diqqət yetirməyi hədəfləyirlər. Bu günlərdə Azərbaycan Turizm Bürosu tərəfindən hazırlanan onlayn təlim platformasında da qeyd etdiyimiz məqam öz əksini tapıb.  Belə ki, Azərbaycan Turizm Bürosunun Azərbaycan və rus dillərində fəaliyyət göstərən, yenilənmiş rəsmi veb-saytında "COVID-19 (Coronavirus) update" adlı mütəmadi olaraq yenilənən bölmə yaradılıb.

Bölmədə yeni növ pandemiya ilə əlaqədar ölkələr üzrə Azərbaycana səyahətlə bağlı məhdudiyyət tarixləri və ziyarətçilər üçün ümumi tövsiyələr yerləşdirilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi məlumatlarına istinad edilən və vahid informasiya bazası rolunu oynayan bölmədə əcnəbi ziyarətçilərin Azərbaycanda səfərdə olarkən riayət etməli olduqları gigiyena qaydaları, həmçinin onlar tərəfindən maraq doğuran suallara cavablar əksini tapıb.

Veb-saytda, həmçinin beynəlxalq bazarlardakı cari vəziyyət haqda məlumatların təqdimatı məqsədilə də "Markets" adlı xüsusi bölmə təsis edilib. Bölmədə cədvəl formatında Azərbaycanın hədəf bazarlarında COVID-19 virusu ilə mübarizə tədbirləri barədə məlumatlar yerləşdirilib.

Eyni zamanda Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən ölkənin turizm sənayesində sanitariya və gigiyena qaydalarına əməl olunmasının effektivliyini təmin edərək bizneslərin rəqabət qabiliyyətinin artırılması məqsədilə xüsusi proqram - Sanitariya və Gigiyena Metodları və Normaları Proqramı (SAHMAN - Sanitation and hygiene methods and norms) hazırlanıb.

Sənəddə qeyd edilib ki, COVID-19 pandemiyasının dünya üzrə ən çox mənfi təsir etdiyi sahə olaraq turizm yeni formalaşma dövrünə daxil olub. Yaranan hazırkı vəziyyətdə dünya turizmindəki yeni çağırışlar gigiyena və sanitariya qaydalarına xüsusi diqqət verilməsini və yeni standartların tətbiq olunmasını zəruri edir. SAHMAN proqramının əsas məqsədi də ölkə daxilində və beynəlxalq aləmdə Azərbaycanı təhlükəsiz turizm məkanı kimi tanıtmaq və rəqabətliliyini artırmaqdır. Proqram turistləri COVİD-19 tipli nəfəs yolu xəstəliklərindən qorumaq üçün sənaye nümayəndələrini qabaqlayıcı tədbirlər kimi sanitariya və gigiyena tövsiyələrinə əməl etməyə çağıraraq, həm də gələcəkdə baş verə biləcək hər hansı bu növ xəstəliklərlə mübarizədə uğurlu təcrübə formalaşdırmaq məqsədini daşıyır. Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qeyd edib ki, bu proqram Azərbaycanın post-pandemiya turizminin rəqabət qabiliyyətini artırmaq üçün hazırlanıb. Fuad Nağıyev layihənin digər dövlət qurumları ilə koordinasiyada hazırlandığını, BMT-nin Ümumdünya Turizm Təşkilatı tərəfindən dəstəkləndiyini bildirib. O qeyd edib ki,  proqramın icrasına nəzarət üçün yerli və xarici mütəxəssislər tərəfindən mütəmadi olaraq monitorinqlər aparılacaq.

Qeyd edək ki, yerli sənaye nümayəndələri könüllü olaraq SAHMAN proqramına qoşulmaqla müvafiq dövlət orqanları tərəfindən müəyyən edilmiş mövcud standartlara əlavə olaraq bu proqramın da tələblərinə riayət etmək öhdəliyini qəbul edəcəklər.  Proqram dövlət-özəl tərəfdaşlığına əsaslanaraq təhlükəsizlik, şəffaflıq, sosial məsuliyyət, ədalətlilik, inklüzivlik, əməkdaşlıq və təbliğat kimi vacib prinsiplər rəhbər tutulmaqla həyata keçiriləcəkdir. İlikin mərhələdə proqram yerləşdirmə (mehmanxana və mehmanxana tipli müəssisələr), ictimai iaşə obyektlərində (restoran və kafelər) və eyni zamanda turistlərə xidmət edən nəqliyyat vasitələrində tətbiqi nəzərdə tutulub.

Dövlət Turizm Agentliyi tərəfindən SAHMAN proqramına qoşulan sənaye nümayəndələrinə təlimlərin keçirilməsi, zəruri ləvazimatlarla təminat, marketinq və brendinq kimi istiqamətlərdə dəstək veriləcək, proqram çərçivəsində tələb olunan əlavə sanitariya və gigiyena tədbirlərinə yönəldilən xərclərinin bir hissəsi ehtiyaca uyğun olaraq qarşılanacaq. SAHMAN proqramı onlayn qeydiyyat, onlayn və yerində keçiriləcək təlimlərdə iştirak və sertifikatlaşdırma, müvafiq nişanlanma ilə təmin edilmə, monitorinq və yoxlama kimi dörd əsas mərhələ üzrə həyata keçiriləcək. Daha ətraflı məlumat yaxın günlərdə təqdim ediləcək www.sahman.az saytında yerləşdiriləcək. Proqramın icrasının monitorinqinə beynəlxalq PwC şirkəti dəstək verəcək.

Göründüyü kimi istər turizm istirahət mərkəzləri, istər otellər, istərsə də bu sahəyə cavabdeh olan qurumlar postpandemiya dövrünə hazırdırlar və bundan sonrkı fəaliyyətlərini də yeni dövrün tələblərinə uyğun şəkildə quracaqlar.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31