Karantindən sonra Bakı boşala bilər- səbəb
6 May 2020 09:20 SosialKoronavirus pandemiyası səbəbindən ölkədə elan olunan karantin rejimi həm də bir çox gerçəkləri üzə çıxartdı. Məlum oldu ki, fövqəladə vəziyyətləri regionlar paytaxt Bakıdan daha yüngül şərtlərlə keçirir. Söhbət həm karantin tələblərindən, həm də iqtisadi şərtlərdən gedir. Hazırda paytaxtda böyük bir işsizlər ordusu var ki, onlar vaxtilə regionlardan axın edən muzdlu işçilərdir.
Digər tərəfdən, son illər kənd təsərrüfatının inkişafı, regionlarda yeni fürsətlərin yaradılması və bu istiqamətdə proqramların olması da "bölgələrə qayıdış" proqramının hazırlanmasını zəruri edir. Bəs insanları kəndlərə qayıtmağa necə təşviq etmək olar? Bu baş tutarsa, həm regionların iqtisadi inkişafı, həm də paytaxt Bakının yükünün azaldılması baxımından nə qədər faydalı olar?
"Yeni Müsavat"a açıqlamasında bu sualları cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, böyük qayıdış proqramı üçün ilk növbədə paytaxta axının səbəbləri aradan qaldırılmalıdır: "Uzun illərdir Bakıya axın və paytaxtın qeyri-proporsional şəkildə böyüməsi haqqında danışılır. Ancaq bu nəticədir. Səbəblər iqtisadi fürsətlərin daha çox Bakı və Abşeron rayonunda cəmləşməsidir. İqtisadi fürsətlərin ölkə ərazisində qeyri-proporsional şəkildə bölüşdürülməsi, Bakıdan başqa digər şəhərlərdə cazibə mərkəzlərinin yaradıla bilməməsi paytaxtın bu şəkildə böyüməsinə səbəb olub. Dəfələrlə müzakirə olunub ki, Bakıdan və Abşeron yarımadasından rayonlara geri dönüş proqramı və torpaqda işləyənlərin sayının artırılması lazımdır. Ancaq bu bir çox komponentlərlə bağlıdır. Bakıdan əlavə, ölkənin digər böyük şəhərlərində Gəncədə, Şəkidə, Lənkəranda, Qubada və digərlərində cazibə mərkəzləri yaradılmalıdır. Bu, təkcə iqtisadi fürsətlərlə həll olunası məsələ deyil, inzibati fürsətlərin də şəhərlər arasında paylanması mümkündür. Elə dövlət orqanları var ki, onların Bakıda qalması elə də vacib deyil. Məsələn, Konstitusiya Məhkəməsini Gəncəyə köçürmək olar, Kənd Təsərrüfatı Nazirliyini Lənkərana köçürmək olar. Bu tipli dövlət orqanlarının da rayonlarda yerləşdirilməsini təmin edərək cazibə halına gətirmək lazımdır. Ondan sonra rayonlara qayıdış, aqrar siyasətdə yeni texnologiyaların tətbiqi ilə insanlara dəstək olmaq, uzunmüddətli kredit imkanlarının yaradılması və sair həyata keçirilə bilər".

Natiq Cəfərli: "Bu təkcə iqtisadi fürsətlərlə həll olunası məsələ deyil"
İqtisadçının sözlərinə gör, məsələyə kompleks şəkildə baxılmalıdır ki, insanlarda maraq yaransın: "İnsanlar regionlarda iqtisadi fürsətlərin artırılmasında iştirakçı olsunlar. Həm mədəni fürsətlər var, insanların regionlarda istirahət hüququ olmalıdır, bunun üçün mədəni məkanlara ehtiyac var. Kommunikasiya imkanları ödənilməlidir. Bir-biri ilə bağlı olan problemlər o qədər çoxdur ki, bir "rayonlara qayıdış" proqramı ilə alınmayacaq. Müxtəlif komponentləri olan geniş proqram hazırlanmalıdır. Buraya inzibati orqanların regionlara köçürülməsi ilə yanaşı, universitetlərin də rayonlara köçürülməsi daxil olmalıdır. Dünyanın hər yerində universitetlər sistem yaradan, şəhər yaradan faktora çevrilə bilir. Paralel olaraq bu addımlar atılsa, regionlara qayıdış baş tuta bilər və bu da yeni iş yerlərinin açılmasına səbəb olar. Bu məsələlər bir-biri ilə çox sıx bağlıdır. Nəticəyə baxmaqdansa, səbəbləri müzakirə edib kompleks şəkildə həll etmək daha effektiv olar".

Pərviz Heydərov: "Geri qayıdış baş verərsə, kənd təsərrüfatında böyük nəticələr ola bilər"
İqtisadçı ekspert Pərviz Heydərov da "Yeni Müsavat"a danışarkən vurğuladı ki, hər şey iqtisadi şəraitin nə diktə edəcəyindən asılı olacaq: "Şəhərə axın əvvəllər təkcə aqrar sektorda, o cümlədən bölgələrdə vəziyyətin ağırlaşması ilə əlaqədar deyildi. Burada həm obyektiv, həm də subyektiv səbəblər var idi. Paylanan torpaq sahələrində şəxsi təsərrüfatla məşğul olub, həmin məhsulu bazara çıxara bilməmək, kənd təsərrüfatı sahəsində inhisarçılıq amilləri və sair də var idi. Bunu inkar etmirəm. Bölgələrimizdən kənd təsərrüfatı sahəsində 90-cı illərin islahatları nəticəsində rayonlardakı işçi qüvvəsi onlara verilən pay torpaqları necə gəldi satdı, icarəyə verdi və şəhərə üz tutdu. Burada subyektiv amillərin də böyük rolu var idi. Bütövlükdə götürdükdə kənd təsərrüfatının heç bir sahəsində vəziyyət bunu diktə etmirdi. Sadəcə olaraq, bizim vətəndaşlarımızın öz iş qüvvəsini reallaşdırmasında muzdlu əməyə meyllilik daha çoxdur. Torpaqda əkib şəxsi təsərrüfat yaratmaqdansa, hansısa sahibkarın bağında və ya obyektində fəhləlik edib 200-300 manat almaq daha sərfəlidir deyə düşünürlər. Bu düşüncə bizdə kənd təsərrüfatında monopoliyanın da yayılmasına əlavə stimul verdi".
P.Heydərov vurğuladı ki, yeni şəhərlərdə və sənaye şəhərlərində pandemiya şəraiti ilə bağlı olaraq bütün iqtisadi fəaliyyət sahələri donub və böyük sayda vətəndaşlar işsiz vəziyyətdə qalıblar: "Mövcud vəziyyətlə bağlı bir çoxları rayonlara sığınıb və geri qayıtmaq üçün fürsət gözləyirlər. Ancaq hələ karantin vəziyyətinin nə zaman tam bitəcəyi məlum deyil və bu, qarşıda geniş vüsət ala bilər. O zaman geri qayıdışın tendensiyasını müşahidə edə bilərik. Ancaq bu ehtimaldır. Yalnız o şəraitdə mövcud vəziyyətin necə olduğunu deyə bilərik. Geri qayıdış baş verərsə, bu, kənd təsərrüfatında böyük nəticələrin əldə olunması ilə müşahidə oluna bilər".