İşçi Qrupu yanğından zərər çəkmiş sahibkarları qəbul edib
29 Mart 2019 16:56 SosialMartın 29-da İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar zərər çəkmiş sahibkarların problemlərinin öyrənilməsi məqsədilə İşçi Qrupu tərəfindən sahibkarların fərdi qaydada qəbuluna başlanılıb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, qəbulda ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş hər bir sahibkarın problemləri fərdi qaydada dinlənilib, onlarla müzakirələr aparılıb, göstəriləcək dövlət dəstəyi tədbirləri diqqətə çatdırılıb. Qəbulda İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, ticarət mərkəzində baş vermiş yanğından zərər çəkmiş sahibkarlara dövlət tərəfindən müvafiq dəstək göstəriləcək. Qeyd olunub ki, artıq dövlət başçısının Sərəncamı ilə baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan vəsait ayrılıb. Aprelin ilk həftəsindən etibarən zərər çəkmiş sahibkarlara bu vəsait hesabına maddi yardımın göstərilməsi nəzərdə tutulur. Bundan başqa, ticarət mərkəzindəki yanğından zərər çəkən sahibkarlara uzunmüddətli güzəştli kreditlər təklif olunur, onların istəyinə uyğun digər ticarət mərkəzlərində yerləşdirilmələri istiqamətində işlər aparılır.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən "Diqlas" ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar zərərçəkmiş sahibkarların fərdi qəbulu martın 31-dək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında (ünvan: Atatürk prospekti 134, telefon: 012-404-04-01) davam etdiriləcəkdir. Zərurət yaranacağı təqdirdə qəbul müddəti uzadılacaqdır.