Dövlət hər zaman vətəndaşın yanındadır- TƏHLİL
29 Mart 2019 14:47 SosialHələ 2003-cü ildə prezident seçilərkən söyləmişdi bu fikri cənab prezident. "Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm". Ötən 16 il ərzində Cənab Prezident hər an, hər dəqiqə, bütün situasiyalarda öz əməli ilə söylədiyi fikirləri təsdiqlədi. Həyata keçirdiyi islahatlar, imzaladığı fərman və sərəncamlar, sadə xalq kütlələri ilə keçirdiyi görüşlərlə İlham Əliyev hər bir Azərbaycan vətəndaşının prezidenti olması mümkünlüyünü göstərdi. Həm də bununla dövlət başçısı həm təyin etdiyi məmurlara, eyni zamanda ayrı-ayrı ölkələrdən olan həmkarlarına bir növ nümunə oldu. Bir neçə il əvvəl güclü leysan yağışların yağması nəticəsində Kür çayında baş verən daşqınlar əhaliyə ciddi ziyan vuran anda dövlət başçısı vətəndaşının yanında oldu. Baş vermiş təbii fəlakətin aradan qaldırılması, bunu xüsusi qeyd etmək lazımdır ki, insanlara dəymiş ziyanın dövlət tərəfindən qarşılanması müqabilində ciddi addımlar atdı, həmin dövr üçün mövcud olan problemi yoluna qoydu.
Ölkənin cənub zonasında, Lənkəran şəhərində yaşayış binasında baş verən partlayış zamanı da dövlət başçısı xalqın yanında oldu, onun problemini qısa müddətdə həll etdi. Çox sadalamaq olar. 2016-cı ilin aprel döyüşləri zamanı heç nədən qorxmadan, çəkinmədən, həyatını riskə ataraq birbaşa düşmənlə təmas xəttinə, Ali Baş Komandan kimi əsgərlərinin yanına gedərək onlarla sərgərdə bir yerdı, çiyin-çiyinə olduğunu dünyaya nümayiş etdirdi. Cəbhə xəttində hər səhərini düşmən gülləsinin səsi ilə açan vətəndaşı ilə görüşərək Prezident kimi onların yanında olduğunu, bunun gələcəkdə də belə davam edəcəyi mesajını vermiş oldu.
Qeyd etdiyimiz kimi çoxlu sayda bu kimi faktlar sadalamaq olar. Paytaxtda yaşayış binasında yanğın, Şamaxı-Ağsu-İsmayıllı rayonlarında baş verən təbii fəlakət. zəlzələ və s. və.i. Hər bir hadisədə, yaranan fors-major vəziyyətlərdə dövlət başçısı öz vətəndaşının yanında olaraq onun probleminə şərik çıxdı, həmin problemi öz şəxsi problemi sandı və dərhal da onun aradan qaldırılması istiqamətində lazımı addımlar atdı, tədbirlər gördü.
Bu günlərdə bizlər bunun bir daha əyani şahidi olduq. Bir neçə gün əvvəl paytaxtın Nizami rayonunda yerləşən "Diqlas" Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsi və həmin hadisəyə ölkənin bir nömrəli şəxsi səviyyəsində verilən reaksiya bir daha hər kəsdə əminlik yaratdı ki, Cənab İlham Əliyev hər zaman, dünən də xalqın yanında olub, bu gün də onun yanındadır və gələcəkdə də xalqın yanında olacaq. Çünki dövlət başçısı üçün əsas prinsip məhz vətəndaş məmnunluğudur.
Məlum olduğu kimi martın 28-də Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Müşavirədə çıxış edən dövlət başçısı bildirib ki, sahibkarların problemlərini həll etməliyik: "Onlar öz iş yerlərini, öz əmlakını itiriblər. Onlara maddi ziyan dəyib. Bəziləri borc alıb və orada malları satışa çıxarıblar. Ona görə, əlbəttə ki, biz bu insanlara dövlət olaraq öz dəstəyimizi göstərəcəyik. İqtisadiyyat Nazirliyi ticarət mərkəzində çalışan sahibkarlarla bir-bir görüşməlidir, onların problemlərini dinləməlidir və onlara dəstək göstərməlidir. Maliyyə Nazirliyi operativ olaraq, ilkin maliyyə vəsaiti ayırmalıdır ki, sahibkarlara bu vəsaitin verilməsi təmin edilsin". Təsadüfi deyil ki, elə sözügedən müşavirədən dərhal sonra Azərbaycan Prezidenti sərəncam imzalayaraq adıçəkilən Ticarət Mərkəzində yanğın zamanı zərər görüş sahibkarlara dəstək məqsədilə 3 milyon manat vəsait ayırıb. Dövlət başçısı tərəfindən imzalanan sərəncam cənab Prezidentin onlara dəstək və qayğısının bariz nümunəsi kimi dəyərləndirilə bilər. Bu həm də yanğından zərər çəkmiş insanlara edilən dövlət yardımıdır. Düzdür, adətən belə situasiyalarda sahibkara dəymiş ziyan məhz sığorta şirkətləri tərəfindən ödənilir. Ancaq Azərbaycan Prezidentinin sərəncamı ilə bunuin dövlət tərəfindən qarşılanması həm də dövlətin sahibkaralara yaxından dəstəyi sayıla bilər. Elə dövlət başçısı da müşavirədə çıxışı zamanı bu məqama xüsusi diqqət yetirib. Prezident İlham Əliyev bildirib ki, adətən inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır: "Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük. Misal üçün, bu yaxınlarda Şamaxı, İsmayıllı, Ağsu rayonlarında baş vermiş zəlzələ nəticəsində minlərlə evə ziyan dəyib və heç bir ev sığortalanmayıb. Təbii ki, dövlət öz dəstəyini göstərir və göstərməlidir".
Dövlət başçısının sahibkarlara yönəlik diqqəti və bu məqsədlə maliyyə vəsaiti ayırması cəmiyyətin bütün təbəqələri tərəfindən müsbət qarşılanıb. Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib ki, ötən 16 il ərzində cənab İlham Əliyev atdığı bütün addımlarında hər bir azərbaycanlının Prezidenti olduğunu isbatlayıb. Onun sözlərinə görə, bədbəxt hadisələr zamanı çətin vəziyyətə düşmüş vətəndaşların yanında olan, onlara kömək edən, problemlərini həll edən Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir: "Cənab İlham Əliyev daim vətəndaşlarla ünsiyyətdədir, cənubdan şimala, qərbdən şərqə bütün rayonlarımızda dəfələrlə səfərdə olur, insanların güzəranı ilə maraqlanır, problemlərinin həlli ilə bağlı yerində tapşırıqlar verir. Elə Lənkəranda bina çökəndə, Aranda Kür daşanda, Zaqatalada, Şamaxıda, Ağsuda zəlzələ olanda xalq öz Prezidentini onunla çiyin-çiyinə dayanmış gördü, əlini kürəyində hiss etdi. Biz eyni münasibəti Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar proseslərdə də gördük. Cənab Prezident İlham Əliyev yanğın baş verən gündən məsələni nəzarətinə götürdü, müşavirə keçirdi, zərər çəkmiş sahibkarlara dövlət dəstəyinin təmin edilməsi üçün müvafiq komissiya yaratdı. Bütün bunlar bir daha göstərdi ki, dövlət hər zaman vətəndaşın yanındadır. Azərbaycan dövləti bu dəfə də öz vətəndaşını darda qoymadı və problemlərinin ağırlıqlarını öz çiyinlərinə götürdü. Əlbəttə ki, zərər çəkmiş sahibkarlara dövlət dəstəyinin verilməsi eyni zamanda həyata keçirilən sosial siyasətin tərkib hissəsidir və bir daha isbatlandı ki, dövlət zərərçəkmiş sahibkarlara sahib çıxdı".
Millət vəkili qeyd edib ki, bütün deyilənlərlə yanaşı "Diqlas" yanğını ilə əlaqədar baş vermiş hadisələrdə Xalq-Prezident birliyi bu dəfə də Azərbaycan dövlətinin və xalqının düşmənlərinin planlarını pozdu: "Zərər çəkmiş sahibkarların və onların ailələrinin, yaxınlarının düşdüyü çətin vəziyyətdən sui-istifadə edib mitinq keçirmək istəyən anti-milli ünsürlər yenidən ifşa olundular, bir daha xalqdan ayrı olduqlarını, yalnız korporativ mənafelərini düşündüklərini və insanların taleyinin onları maraqlandırmağını ortaya qoydular".
S.İsmayılbəyli