“Dini radikalizm və ekstremizm – milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi”
28 Fevral 2019 18:00 SosialFevralın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dini radikalizm və ekstremizm - milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi" mövzusunda seminar-müşavirə keçirilib. "OLAYLAR" xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, Azərbaycan tarixən millətlərin, dinlərin sülh şəraitində yaşadığı bir məkan olub. Müasir dövrümüzdə də Azərbaycanda dini və etnik tolerantlığın, multikulturalizmin, eləcə də birgəyaşayışın ən nümunəvi modeli formalaşıb. Respublikamızda formalaşmış bu modelin indiki zamanda çox yüksək dəyəri var və bu, dünya birliyi tərəfindən çox yüksək qiymətləndirilir: "Biz dünyaya nəzər salsaq görərik ki, dünyada beynəlxalq təhlükəsizlik problemlərinin əsasını məhz dini və etnik zəmində baş vermiş münaqişələr tutur. Dinlərarası, mədəniyyətlərarası və sivilizasiyalararası münasibətlərə xələl gətirən təhdidlərin aradan qaldırılmasında məhz Azərbaycan modelinin bu gün xüsusi yerinin olduğunu şahidiyik"-deyə, sədr müavini əlavə edib.
Azərbaycanın bu gün dünyada beynəlxalq təhlükəsizlik problemlərinin həllinə böyük töhfələr verdiyini diqqətə çatdıran natiq deyib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasət yüksək qiymətə layiqdir.
Tədbirin əhəmiyyətindən də danışan S. Heydərov qeyd edib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd dini mühitdə cərəyan edən prosesləri, tendensiyaları, xüsusilə bəzi xarici ölkələrdən yönləndirilmiş təhdidləri qiymətləndirmək və ona qarşı koordinasiyalı mübarizəni gücləndirməkdir. Onun sözlərinə görə, Azərbaycan dünyada sülhün bərqərar olması üçün yollar axtaran və bu istiqamətdə öz töhfələrini verən ölkə imicini qazanıb.
Daha sonra Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədov, Daxili İşlər Nazirliyinin məsul əməkdaşı Oqtay Tağıyev və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Mirhadı Peymanov çıxışlarında milli təhlükəsizliyə əsas təhdidlər, dini radikalizmə qarşı mübarizənin hüquqi əsasları, eləcə də bu istiqamətdə aparılan maarifləndirmə tədbirlərinin önəmindən danışıblar.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.