Əhalinin sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir-
28 Fevral 2019 16:29 SosialPrezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır
Prezident İlham Əliyev cari ilin əvvəlindən imzaladığı bir sıra fərman və sərəncamlarla əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm əhəmiyyət kısb edən addımlar atmış oldu. Dövlət başçısı bununla bir daha sübut etdi ki, onun üçün vətəndaş məmnunluğu, insanların həyat şəraitinin yaxşılaşdırılması əsas şərtdir, prioritetdir. Elə əksəriyyət ekspertlər də bu qənaətdədirlər. Millət vəkili Sevinc Fətəliyeva deyib ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib. Onun sözlərinə görə, bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi gücünün artmasını təmin edib: "Təbii ki, iqtisadi inkişaf insanların sosial rifahının yüksəlməsi ilə müşayiət olunur. Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı müşavirə və müşavirədə dövlət başçısının çıxışı bir daha təsdiqləyir ki, əhalinin sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir". Millət vəkili deyib ki,
Azərbaycan sosial-iqtisadi sferada sürətli inkişaf yoluna qədəm qoyub: "Əhalinin sosial rifahının yüksəldilməsi üçün lazımi addımlar atılır. Əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, şəhid ailələrinə göstərilən qayğı, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar və s. cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş tədbirlərdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb və sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır. Dövlət başçısının vurğuladığı kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır". Millət vəkili qeyd edib ki, dövlətimizin başçısı müşavirədə maliyyə vəziyyətimizin yaxşılaşdığını deyərək əlavə gəlirlərin, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldəcəyini vurğulayıb: "Müşavirədə cənab Prezident qeyd edib: "Biz əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəltməliyik. Çünki bu, bizim üçün prioritet məsələdir, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifəmizdir. Bu istiqamətdə artıq bir çox ciddi addımlar atılıb və atılacaq. Ümumiyyətlə, bildirmək istəyirəm ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaqdır". Göründüyü kimi, Azərbaycan dövləti vətəndaşların rifah halını daim diqqət mərkəzində saxlayır". Sevinc Fətəliyevanın sözlərinə görə, sosial siyasətdən bəhs edərkən son vaxtlar ölkə Prezidenti İlham Əliyev tərəfindən bu istiqamətdə atılan addımlar xüsusi vurğulanmalıdır. Belə ki, dövlət başçısının şəhid ailələrinin üzvləri ilə görüşməsi, torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin ailə üzvlərinə, onların vərəsələrinə 11 min manat məbləğındə birdəfəlik ödəmənin verilməsi haqqında Fərmanın imzalanması, şəhid ailələri üçün Prezident təqaüdünün məbləğinin artırılması, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün qəsəbələrin tikintisi, minimum əməkhaqqının və minimum pensiyanın artırılması məhz ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin əhəmiyyətini bir daha təsdiqləyir. Millət vəkili deyib ki, müşavirədə dövlət başçısının problemli kreditlərlə bağlı məsələnin də araşadırıldığını bildirərək bu barədə müvafiq qərəarların qəbul ediləcəyini diqqətə çatdırıb. Bu fakt bir daha təsdiqləyir ki, dövlət vətəndaşları narahat edən məsələlərin həllinə diqqətlə yanaşır. Fevralın 25-də dövlət başçısının imzaladığı "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncamın da önəmini vurğulayan S.Fətəliyeva sərəncamda nəzərəd tutulan artımlar əhalinin sosial müdafiəsini daha da gücləndirəcək.
Millət vəkili Sahibə Qafarova isə deyib ki, Azərbaycanda uğurlu sosial-iqtisadi siyasət həyata keçirilir və bu, ölkəmizin hərtərəfli inkişafına xidmət edir. Onun sözlərinə görə, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır: "Azərbaycanın həyata keçirdiyi geniş məzmunlu sosial siyasətin əsas xarakterik cəhətlərindən biri də odur ki, ölkəmizdə dövlət qayğısı əhalinin bütün təbəqələrini əhatə edir. Başqa sözlə, Azərbaycanda əhalinin bütün təbəqələrinə dövlət tərəfindən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Dövlətimizin başçısının sosial dövlət fəlsəfəsinin əsasında hər bir vətəndaşın layiqli həyat şəraitinin təmin edilməsi prinsipi durur. Bu gün Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncamla sosial müavinətlər və təqaüdlər, yəni 600 minə yaxın insana dövlət qayğısı əhəmiyyətli şəkildə artırılıb. Sözügedən Sərəncamla sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılmasından başqa, həmin təqaüdlərin əhatə dairəsinin daha da genişləndirilməsi təmin olunur. Sərəncama əsasən edilən artımlara görə cari ilin 9 ayı üçün əlavə olaraq 300 milyon manat, illik isə əlavə olaraq 400 milyon manat vəsait ayrılacaq. Bu, bir daha onu göstərir ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi daim dövlətin diqqət mərkəzindədir". Millət vəkili bildirib ki, Azərbaycan Respublikası Prezidentinin təqaüdü ilə təmin edilənlərin əhatə dairəsinin genişlənməsinə əsas yaradan sözügedən Sərəncamda I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi kimi müddəalar yer alıb: "Beləliklə, Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir inqilabi addım atdı. Azərbaycanda sosial müavinət və təqaüdlərin əhəmiyyətli şəkildə artırılılması dövlətin öz vətəndaşlarına verdiyi dəyəri ifadə etməklə yanaşı, əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlərin davamlı xarakter daşıdığını göstərir".
Füzuli