AQTA sədri Agentlikdə işə qəbul olunan dövlət qulluqçuları ilə görüşüb
21 Fevral 2019 15:19 SosialQida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli vakant dövlət qulluğu vəzifəsinə qəbulda uğurlu nəticə göstərərək Agentliyin Aparatında işlə təmin olunan əməkdaşlarla görüşüb. Agentlikdən "OLAYLAR"-a verilən xəbərə görə, Q.Təhməzli bildirib ki, əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida ilə təminatı və bu məqsədlə ölkədə qida təhlükəsizliyi sisteminin qurulması Agentliyin priroitet vəzifələridir. Sədr bu çətin və məsuliyyətli işdə qurumun yeni əməkdaşlarına uğurlar arzulayıb.
Görüşdə işə qəbul olunan dövlət qulluqçuları prosesinin şəffaf və obyektiv aparıldığını qeyd edib, onlara göstərilən etimadı doğruldacaqlarını bildiriblər.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinin Aparatında vakant olan bəzi inzibati vəzifələrin tutulması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən 2018-ci il 5 noyabrda elan edilmiş müsabiqə üzrə müsahibədə 27 nəfər iştirak edib. Onlardan 19-u vakant dövlət qulluğu vəzifəsinə uyğun hesab edilib və müvafiq vəzifələrə təyin olunub. 8 nəfər isə Agentliyin ehtiyyat kadrları siyahısına əlavə edilib.
