Tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üzrə elektron müraciət sisteminin təqdimatı keçirilib- TƏDBİR

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Bakıda ekspertizası tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üzrə elektron müraciət sisteminin təqdimatı keçirilib. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparatının rəhbəri Anar Quliyev deyib ki. sözügedən elektron müraciət sistemi "Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən birgə hazırlanıb.

Elektron müraciət sistemi vasitəsi ilə tikinti obyektinin sifarişçisi Bakı şəhəri üzrə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq ekspertizasının keçirilməsi tələb olunmayan tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınmasını "bir pəncərə" prinsipi əsasında elektron formada həyata keçirə biləcək. Belə ki, sifarişçi qeyd olunan sistemə elektron qaydada müraciət edərək və tələb olunan sənədləri elektron formada yükləyərək 15 iş günü müddətində tikintiyə icazəni, 10 gün müddətində isə istismara icazəni əldə edə bilər.

Ölkə başçısının qeyd olunan Fərmanını tam şəkildə icra etmək məqsədilə Komitə tərəfindən işlərin davam etdirildiyini deyən Anar Quliyev qeyd edib ki, hazırkı sistemin daha da təkmilləşdirilərək, ölkə üzrə tikintiyə icazə üçün elektron müraciət sistemi yaradılıb.

Anar Quliyev respublikada Prezident İlham Əliyev tərəfindən şəhərsalma sahəsində həyata keçirilən islahatlardan da danışıb. Bildirib ki, sözügedən islahatlar nəticəsində ölkədə sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin yaradılması sahəsində mühüm tədbirlər görülüb: "Prezident İlham Əliyevin imzaladığı "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərman tikintisi bu il yanvarın 1-nə qədər başa çatmış, təxminən, 400 bina ilə bağlı müvafiq addımın atılmasını nəzərdə tutur.  Həmin binalar artıq istismar edilir. Onların istismarına icazə verilməsinin sadələşdirilməsi üçün fərmanda çox dəqiq mərhələlər qeyd edilib. Bu işlə məşğul olacaq dövlət orqanları məlumdur. Fərmanda qeyd edildiyi kimi, 2 ay ərzində Fövqəladə Hallar Nazirliyi (FHA) həmin binaların dayanıqlılığı, texniki cəhətdən istismara tam hazır olması ilə bağlı rəy verəcək. 7 gün ərzində isə binanın istismarına icazə verilməlidir. Bildiyiniz kimi ötən ilin avqust ayından etibarən Komitəyə binaların istismarına icazə verilməsi ilə bağlı səlahiyyət verilib. Bundan sonra, təhlillər aparılıb, bu növ binaların sayı müəyyən edilərək aidiyyati dövlət qurumlarına məlumat verilib. Bir neçə dövlət qurumunun iştirakı ilə işçi qrupu yaradılıb. İlkin təhililərə görə belə binaların sayı 400 olduğu müəyyən edilib. Lakin yaxın aylar ərzində bu rəqəm bir qədər dəqiqləşə bilər. Fərmanda o da qeyd olunub ki, binaya baxış mənfi olarsa, yəni binada hər hansı bir texniki çatışmazlıq aşkar edilərsə, bina sahibinə, tikinti şirkətinə, mənzil tikinti kooperativinə bu barədə məlumat verilir. Bu çatışmazlıqların aradan qaldırılması üçün 5 ay müddət verilir. Müddət bitənə qədər çatışmazlıq aradan qaldırılsa, təkrar baxış aparılacaq və istismara icazə veriləcək".

Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov istifadəyə verilən elektron müraciət sisteminin üstünlüklərindən söz açıb. Bildirib ki, təqribən 1 həftə ərzində ərsəyə gələn sistem sadə formada hazırlanaraq, şəxsi kabinet prinsipi ilə təmin olunub. Tikintiyə icazə və digər məsələlər müraciətlər əsasında elektron formada reallaşdırılacaq. Bütün proseslər aidiyyəti dövlət qurumlarını əhatə edəcək.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki Nərmin Kazımlı "Elektron müraciət sistemi iqtisadi islahatların tərkib hissəsi kimi" mövzusunda məruzə edib. Sonda Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya texnologiyaları şöbəsinin müdiri Rüfət Mahmud müraciət sisteminin təqdimatını keçirib, onun üstünlüklərini iştirakçılara izah edib.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31