Rektor Tvinninq layihəsinin rəhbərləri ilə görüşdü
Bakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” Tvinninq layihəsinin rəhbərləri olan Fransa, Litva və Latviyadan olan ekspertlərlə görüşüb.
21 Fevral 2019 12:13 SosialBakı Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, təhsil nazirinin müavini Firudin Qurbanov "Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək" Tvinninq layihəsinin rəhbərləri olan Fransa, Litva və Latviyadan olan ekspertlərlə görüşüb.
Olaylar.az bildirir ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Fransa, Litva və Latviyanın təmsil olunduğu konsorsium tərəfindən həyata keçirilən Tvinninq layihəsinin əhəmiyyətindən danışan F.Qurbanov vurğulayıb ki, burada əsas məqsəd Azərbaycan ali təhsil sistemini kompetensiyalara, təlim nəticələrinə və tələbəyönümlü yanaşmaya uyğunlaşdırmaqdır.
Fransanın Pedaqoji Araşdırmalar üzrə Beynəlxalq Mərkəzinin baş koordinatoru, Tvinninq layihəsinin rəhbəri Bruno Curvale layihə haqqında ümumi məlumat verib. O, layihə çərçivəsində həyata keçiriləcək tədbirlərdən bəhs edib, layihənin Azərbaycanda ali təhsilin təkmilləşdirilməsinə və bu sahədə mövcud hüquqi bazanın yenilənməsinə töhvə verməyə xidmət etdiyini diqqətə çatdırıb.
Litva Respublikasının Təhsil və Elm Nazirliyinin əməkdaşı, layihə rəhbəri Giedrius Viliunas Azərbaycan və Litva təhsil sistemləri arasındakı oxşarlıqdan bəhs edib. G.Viliunas Bakı Dövlət Universitetinin aparıcı ali təhsil müəssisəsi olduğunu bildirib və bu universitetdə əldə ediləcək nailiyyətlərin bütövlükdə ölkə ali təhsilinin inkişafına xidmət edəcəyinə əminliyini vurğulayıb.
Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə başa çatıb.