Oxu, saz, oxu, saz, səni heç kim unutmaz
21 Fevral 2019 10:53 SosialBir-iki il öncəydi, Kəramət şakərinə uyğun olaraq yenə də hansısa rayonun simvolu olan tanınmış şəxsə qarşı nələrsə yazmışdı və onun sosial şəbəkədə biabır-dəsgah edirdilər. Götürüb ona belə bir mesaj yazdım: "Bir gün səni tutub küçədə budayacaqlar, bilinməyəcək, səni döyən şəkililərdir, ordubadlılardır, salyanlılardır, yoxsa bakılılar".
Hərgah bu günlərdə elə bir iş olsa, yəni istedadlı yazıçı-jurnalist Kəramət Böyükçöl naməlum şəxslər tərəfindən fiziki təzyiqə məruz qalsa, təxminən kimlər tərəfindən döyüldüyü bilinəcək. Konkret olmasa da, mahal etibarilə aydın olacaq ki, onu ölkəmizin qərb regionunun sazsevərləri çırpıb. İndi ya gədəbəylilər qabağa düşəcək, ya tovuzlular, ya qazaxlılar, ya da borçalılılar.
Çünki gənc yazıçı yenə dinc durmayıb, götürüb saza qarşı yekə bir status yazıb.
Ortalığı qızışdırmaq, tırka vermək kimi çıxmasın, statusda belə fikirlər var: "Dünyada saz qədər məntiqsiz, savadsız musiqi aləti tanımıram"; "Sazla müasir dünyanın mərkəzinə doğru hara kimi getmək olar? Lokaldı. Məhəllidi. Ancaq məhdud təfəkkürü, məhdud düşüncəni qidalandıra bilir"; "Elə bir aşıq varmı ki, sazı çiynindən yerə qoyub bir az da elmi, fəlsəfi mühakimələr yürütməyə başlasın?" və s.
Özüm o sözlərin hamısını sitat gətirmədim ki, birdən ideya vermiş olaram, söhbəti ciddiyə alan olar, gedib gənc yazıçıya gerçəkdən nəyisə şillə-qapazla başa salmaq istəyərlər.
Amma düzünə qalsa, "aşığın sazı çiynindən yerə qoyub elmi, fəlsəfi mühakimələr yürütməsi"nə dair tələb əsassızdır. Aşığın işi aşıqlıqdır, öz qoşmasını, gəraylısını xoş avazla oxusa, bəsdir. Yox bir durub ondan insan haqlarına dair Helsinki konvensiyasının detallarını soruşaq, o da xırdalasın... Hər kəsin öz işi var. Santexnik zəhmət çəksin, plastik borunu yaxşı qaynaq eləsin, durub Robindranat Taqordan, Marsel Prustdan, Emir Kusturitsadan danışmasın. Aşıq da eləcə.
Aşıqların xrom çəkmə və ya hərbi geyimlə gəzməsinə dair irada gəlincə, o da əsassızdır. Müasir aşıqlar artıq NATO desantlarının mundirindən çoxdan imtina ediblər, əksəriyyəti mülki paltarda gəzir (az-az öz "hərbçi keçmişi"nə sədaqət göstərənlər də var). Bu geyim forması ötən əsrin 30-cu illərində dəb olub, ona görə ki, aşıqlar at belində eldən-elə gedirmişlər, bu geyim isə at sürmək üçün daha rahatmış. İndi zabit geyimi sedan, xetçbek növlü maşınlarda gəzən aşıqların nəyinə lazımdır?
Saz bir musiqi alətidir, tardan, gitaradan, qopuzdan, uddan nə artıqdır, nə də əskik. Onda yaxşı el havaları çalıb-oxumaq olur. Hətta Anadolulu qardaşlar kimi ona bir az elektrik verəndə istənilən musiqi parçasını çalmaq mümkündür. Türkiyədə elektrosazı elə dilləndirən sənətkarlar var ki, heç öz zamanında Cimmi Hendrikson Amerikada gitaradan elə səs çıxara bilmirdi.
Amma saza müqəddəs alət kimi yanaşanda Kəramət hiss edir ki, burada tiraj var, ona sataşsa, sazsevərlər dilə gələcək, onu, söyəcək, pisləyəcək, adını hallandıracaqlar. Şairə də nə lazımdır? Adı zikr olunsun, yetər.
Hər bölgənin öz müqəddəs hesab və elan etdiyi şəxsiyyətlər və ya nələrisə var. Məsələn, qarabağlıların yanında muğamatı pisləsən, bir xeylisinin başı çönər, durub dalaşarlar. Şəkililər Bəxtiyar Vahabzadəyə qarşı söz deyənə lətifə və ləqəb qoşarlar. Qazaxlıların Səməd Vurğuna görə nələrə qadir olduğunu gördük, təəssüf ki, salyanlılar Xəlil Rzaya görə eyni performansı göstərmədilər. Amma o vaxt Elçibəyə görə ordubadlılardan öncə ölkənin bütün hərəkatçıları ayağa qalxdılar və şairin adını bəs deyincə zikr etdilər.
Hələ bu harasıdır? Bir azdan Göyçayın narına, Gədəbəyin kartofuna, Lənkəranın limonuna, filan yerin nəşəsinə (göründüyü kimi, müəllif ad çəkməyə cürət etmədi) sataşanlar olacaq ki, cavab reaksiyası olsun, ortalıqda polemika, müzakirə getsin.
Bu baxımdan təmkinli olmaq lazımdır, hər belə söhbətlərə görə hövllənib yaradıcı insanı söyüb-yamanlamaq, münasibətləri ayırdetmə söhbətinə çağırmaq, tutub döyməklə hədələmək olmaz.
Son söz: Oxu, saz, oxu, saz, səni heç kim unutmaz - Kəramət deyənə baxma..
.Samir Sarı