Mənzil sahibləri bir daha sənəd problemi ilə üzləşməyəcəklər

Prezident "həllolunmaz problemi" həll etdi

Daşınmaz əmlakın qeydiyyatında kütləviliyin artırılması, vətəndaşların, o cümlədən, çoxmənzilli bina sakinlərinin rahatlıqla hüquqi cəhətdən təsdiq edilmiş mülkiyyətə sahib olması daim Azərbaycan dövlətinin diqqət mərkəzində olub. Elə bu səbədən də vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına hədəflənən sistemli tədbirlər çərçivəsində yeni inşa edilmiş çoxmərtəbəli yaşayış binasında olan mənzil sakinləri üçün ünvanlardaca çıxarış kampaniyasının keçirilməsini genişləndirilir. Heç şübhəsiz ki, sadalanan tədbirlər Bakı şəhəri ilə yanaşı regionları əhatə edən sosial kampaniyalar əhalinin xidmətlərdən geniş, çevik formada istifadəsinə və məmnunluğun artırılmasına yönəlib. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilən "Kütləvi çıxarış" kampaniyası da məhz bu amala xidmət edir. Kampaniya sayəsində, yeni yaşayış binalarında, kənd və qəsəbələrdə, eləcə də birbaşa iş yerlərində vətəndaşlar çıxarışla təmin olunur, onlara qeydiyyat xidmətləri göstərilir. Çoxmərtəbəli binalarda "Kütləvi çıxarış" kampaniyaların keçirilməsi ilə mənzillərin qeydiyyata alınması prosesi sürətlənir. Çıxarışlı mənzil sahibi olan hər bir vətəndaş ondan rahatlıqla iqtisadi və hüquqi əməliyyatlarda istifadə edir. O da məlumdur ki, bəzən vətəndaşlar mənzil aldıqdan sonra çıxarışın olub olmaması ilə bağlı problemlərlə qarşılaşır. Bunun qarşısının alınması və vətəndaşların dövlət reyestrində qeydiyyata alınmış mənzilə sahib olması üçün ölkədə elektron xidmət yaradılıb.  "Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi" adlı bu xidmət hətta vətəndaşa mənzilə dair çıxarışın olub olmaması ilə bağlı dəqiq məlumat verir. Lakin bütün sadalananlara baxmayaraq, hələ də bəzi çoxmənzilli binalarda yaşayan vətəndaşların mülkiyyət hüququ tanınmayıb. Nəticədə həmin şəxslər bir sıra hüquqlardan istifadə imkanlarından məhrum olublar. Məhz belə halları nəzərə alan Prezident İlham Əliyev "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" Fərman imzalayıb.

Hüquqşünas Alim Hüseynli qeyd edib ki, paytaxt Bakıda inşa edilmiş yeni çoxmərtəbəli yaşayış binalarının əksəriyyətində mənzillər dövlət qeydiyyatına götürülməyib. Bu səbəbdən də vətəndaşlar böyük vəsait hesabına aldıqları evin mülkiyyət hüququnu əldə edə bilmirlər. Yeni tikilmiş çoxmərtəbəli binalardakı mənzillərin dövlət qeydiyyatına alınması yalnız həmin binaların istismara qəbulundan sonra mümkündür. İnşa edilən binaların əksəriyyəti kommunal xidmətlərlə təmin edilməsinə, yaşayış olmasına baxmayaraq, həmin binaların mənzil sertifikatında və "kupça"ların verilməsində problemlər var. Xüsusilə paytaxt Bakıda inşa olunan binaların sakinləri "kupça" ilə təmin edilməyib. İlkin olaraq binaların istifadəyə götürülməsinə ehtiyac var. Bundan sonra mənzillər reyestrə daxil edilə bilər. Problem sözügedən binaların rəsmi olaraq istifadəyə götürülməməsilə bağlıdır. Onların reyestri yoxdur və nəticə etibarilə vətəndaş həmin binalarda "kupça" alınması üçün müraciət etmək hüququna malik deyil. Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərmana əsasən vətəndaşlar tezliklə mənzillərinə çıxarış ala biləcəklər. Onun sözlərinə görə, Fərmanın icra vəziyyəti barədə aidiyyəti dövlət orqanları hər ay dövlət başçısına məlumat verəcəklər: "Ölkə başçısı tərəfindən çoxmənzilli binaların istismarına icazə, bu icazə verildiyi gündən 1 ay müddətində həmin binalarının su, kanalizasiya xidməti, işıq və qazla təchiz edilməsi və belə binalardakı mənzillərin "çıxarış"la təmin edilməsi ilə bağlı Fərman imzalanıb. Sənədə əsasən tikinti-quraşdırma işləri başa çatmış və faktiki istifadə edilən çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsi aşağıdakı sadələşdirilmiş qaydada həyata keçiriləcək. Belə ki, Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində binaları möhkəmlik baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda müvafiq rəy tərtib edib Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edəcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu binanın istismarına icazə verəcək". Onun sözlərinə görə, Fərmanda aidiyyati qurumların prosesə cəlb edilməsi vətəndaşların mülkiyyət hüquqlarının tanınmasını daha da sürətləndirəcək ki, bununla da insanlar kommunal xidmətlərdən yaralana biləcəklər: "Fərmana əsasən  "Azərsu" ASC, "Azərişıq" ASC və "Azəriqaz" İstehsalat Birliyi binalarının istismarına icazə verildiyi gündən 1 ay müddətində çoxmənzilli yaşayış binalarının su, kanalizasiya xidməti, işıq və qazla təchiz edilməsini təmin edir,  Əmlak Məsələləri Dövlət Komitəsi istismarına icazə verilmiş binalardakı mənzillərə qısa müddətdə çıxarışın verilməsini təmin edir. Fövqəladə Hallar Nazirliyinin binanın müayinəsi barədə rəyi mənfi olduqda aşkar olunmuş konkret çatışmazlıqlar və onların aradan qaldırılması üçün zəruri tədbirlər barədə rəy yaşayış binasının sahibinə təqdim edilir. Rəydə göstərilmiş çatışmazlıqlar 5 ay müddətində aradan qaldırıldıqda müayinənin yenidən aparılması üçün FHN-nə müraciət edilir. Həmçinin Fərmana əsasən FHN, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları, "Azərsu" ASC, "Azərişıq" ASC və "Azəriqaz" İstehsalat Birliyi tərəfindən bu Fərmanın icrası ilə bağlı görülmüş tədbirlər və işlərin gedişatı barədə hər ay Azərbaycan Respublikasının Prezidentinə məlumat veriləcəkdir". Məlum olduğu kimi sözügedən fərman təxminən 400 binanın dövlət qeydiyyatına alınmasını təmin edəcək. Bu isə minlərlə insanın sosial problemlərinin həlli deməkdir.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31