Şərqşünaslıq İnstitutunda Xocalı soyqırımı ilə bağlı yeni nəşrlər işıq üzü görüb

AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Azərbaycan xalqına qarşı ötən əsrin müxtəlif dövrlərində həyata keçirilən soyqırım aktları ilə bağlı yeni faktların üzə çıxarılması, bu hadisələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əhəmiyyətli işlər görülür. Bu sahədə İnstitutda indiyədək 30-a yaxın kitab nəşr edilib. İnstitutdan "Olaylar2a bildirilib ki, erməni qəsbkarlarının son dövrlərdə Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklərlə bağlı ərəb və fars dillərində yeni bir neçə nəşr işıq üzü görüb. Belə ki, Xocalı soyqırımı ilə bağlı Şərqşünaslıq İnstitutunda, biri ərəb və ingilis, digəri isə fars və ingilis dillərində olmaqla, iki buklet nəşr olunub. Bukletlərdə 1992-ci il fevralın 26-da erməni hərbi birləşmələrinin Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştirakı ilə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan Xocalı şəhərinin işğalı zamanı törətdikləri görünməmiş vəhşiliklərdən bəhs edilir. Bu kütləvi qırğın nəticəsində 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın amansızlıqla qətlə yetirildiyi, 487 nəfərin şikəst olması, 1275 dinc sakinin girov götürülməsi, onlardan 150 nəfərin taleyinin hələ də məlum olmaması, 8 ailənin tamamilə məhv edilməsi, 25 uşağın hər iki valideynini itirməsi qeyd edilir. Bundan əlavə daha öncə Azərbaycan və rus dillərində Milli Məclis tərəfindən çap olunmuş "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi" kitabı Şərqşünaslıq İnstitutunun əməkdaşları tərəfindən ərəb dilinə tərcümə edilərək nəşr etdirilib. Kitabın elmi redaktoru Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyevadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31