Əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi gücləndirilir- ŞƏRH
20 Fevral 2019 13:42 SosialDövlət başçısının qərarları cəmiyyətin sosial rifah halının yüksəlməsinə səbəb olub
Dünya ölkələrində iqtisadi tənəzzülün tüğyan etməsinə baxmayaraq Azərbaycanda vətəndaşların sosial problemlərinin həllinə diqqət günü-gündən artırılır. Daha doğruzu, neftin qiymətinin dünya bazarında aşağı düşməsi səbəbindən büdcə gəlirlərinin azalmasına baxmayaraq Azərbaycanda heç bir sosial lahiyə dayandırılmayıb. Əksinə, müxtəlif maliyyə mənbələrindən əldə edilmiş gəlirlər hesabına sosial proqramların icrası davam etdirilir. Məlum olduğu kimi ölkə prezidenti tərəfindən son günlərdə əhalinin sosial müdafiəsi ilə bağlı bir sıra sərəncam və fərmanlar imzalanıb. Milli Məclisin sonuncu plenar iclasında da dövlət başçısı tərəfindən daxil olan "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər edilib. Dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunub. Qanunun 6-1-ci maddənin mətninin yeni redaksiyasında deyilir: "Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir". Qeyd edək ki, bu dəyişikliklə ölkədə əmək pensiyalarının minimum həddi müəyyənləşdiriləcək və bundan sonra əmək pensiyaları 116 manat yox, 160 manat olacaq. Baş verən artım ümumilikdə ölkədə 233 minə yaxın əmək pensiyaçısına, xüsusilə əlil olan pensiyaçılara şamil olunacaq. Dəyişikliklər qəbul olunduqdan sonra martın 1-dən qüvvəyə minəcək. Bunun üçün bu ilin dövlət büdcəsindən 41 milyon, gələn il isə 49 milyon ayrılacaq. AHİK sədri, millət vəkili Səttar Möhbalıyev son günlər ölkə başçısı tərəfindən əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımları yüksək qiymətləndirib: "Bilirsiz ki, Azərbaycan dövləti Avropa Sosial Xartiyasına qoşulub. Burada götürülən öhdəliklərdən biri də yaşayış minimumunun tədricən orta aylıq əməkhaqqına çatdırılmasıdır. Əməkhaqqı dövlətin əhalinin həyat səviyyəsi siyasətinin fundamental kateqoriyasıdır və eyni zamanda əməyin ödənilməsinin səviyyəsi bu siyasətdən əhəmiyyətli dərəcədə asılıdır. Nəzərə almaq lazımdır ki, qeyd olunan siyasətin işlənilməsi və həyata keçirilməsi həmkarlar ittifaqlarının bilavasitə iştirakı ilə baş tutur. Düşünürəm ki, bu qərarların növbəti illərdə də ardı olacaq. Həmçinin məlumdur ki, ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilib. Bu məbləğdən aşağı həddə heç bir qurumda əməkhaqqı verilə bilməz". AHİK sədri ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 2019-cu ilin martın 1-dən 16000 (on altı min) vahid artırılacağını bildirib. Bununla bağlı Prezident İlham Əliyevin Sərəncam imzaladığını deyib. Bundan başqa, ölkə başçısı "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" Sərəncam imzalayıb. Həmçinin ölkəmizdə təhsil sahəsində ən yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsədilə Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 210 (iki yüz on) manat müəyyən edilməsi haqqında Fərman imzalayıb. S.Möhbalıyev vurğulayıb ki, dövlət başçısı tərəfindən əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair irəli sürülən yeni təşəbbüs də əhalinin sosial müdafiəsində daha bir mühüm addımdır. Prezidentin təşəbbüsü ilə əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanun lahihəsi Milli Məclis tərəfindən təsdiq edilib. Bu təşəbbüs nəticəsində əmək pensiyasının minimum məbləği 116 manatdan 160 manata çatdırılacaq. Bu artımların həyata keçirilməsinə martın 1-dən başlanacaq. Minimum pensiya məbləğinin artırılması 233 min pensiyaçını, o cümlədən 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi əhatə edəcək. Bütün bunlar isə, ölkə başçısının çıxışlarında dəfələrlə qeyd elədiyi kimi, yoxsulluğun aradan qaldırılmasına, insanların sosial rifah halının yaxşılaşdırılmasına yönəlib. Həmçinin cari ildə sosial layihələrə daha çox sayda insanın cəlb ediləcəyini də deyib. AHİK sədri bir məsələni də xüsusi vurğulayıb ki, bütün dövlət qurumlarında, şirkətlərdə islahatlar gedir: "İslahatlar, təbii ki, müəyyən hallarda ştatların ixtisarı və ya birləşdirilməsi ilə müşayiət olunur. Belə hallarda həmkarlar ittifaqları ştatını itirmiş insanların başqa münasib işlərlə təmin edilməsinə çalışmalıdır. Qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edilməlidir ki, üzvlərimizin mənafeləri tapdalanmasın". Milli Məclisin deputatı Sevinc Hüseynova deyib ki, son 15 ildə Azərbaycanda əmək haqlarında 7 dəfə, eləcə də minimum əmək haqlarında 6,5 dəfə artım özünü göstərib. Bu fakt uğurlu sosial siyasətin nəticəsidir. S.Hüseynova bildirib ki, əhailinin rifah halının yaxşılaşdırılmasında növbəti irəliləyiş olan 8 fevral 2019-cu il tarixli Sərəncam cari il martın 1-dən minimum əmək haqqının 38,5 faiz artırılaraq 180 manata çatdırılmasına, muzdla çalışanların azı 40%-nin və ya 600 mindən çox işçinin əmək haqlarının artmasına imkan verib."Prezident İlham Əliyevin xüsusi qayğısı hazırda 1,3 milyon nəfərdən və ya əhalinin 13 faizindən ibarət olan pensiyaçıları da əhatə edir. Dövlət başçısının müvafiq sərəncamla cari ilin əvvəlindən pensiyaların növbəti dəfə indeksləşdirilərək artırılması təmin olunub. Bütün bunlar əhalinin rifah halının daha da yüksəlməsinə xidmət edir". Onu da qeyd edək ki, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, ölkədə mövcud olan bəzi sosial problemlərin həlli hər zaman Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olub. Dövlət başçısı İlham Əliyev tərəfindən bu sahəyə yönələn diqqət və ötən illər ərzində əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verərək vətəndaşlarımızın, ümimilikdə cəmiyyətin sosial rifah halının yaxşılaşdırılmasına səbəb olub.
Zəka