QADININ YERİ- ARZU SOLTAN YAZIR

2019-u teatr ili elan edən Rusiyada - Dərbənd Azərbaycan Dövlət Teatrında ilin ilk premyerası, klassik Azərbaycan yazıçısı və dramaturqu Əbdürrəhimbəy Haqverdiyevin "Dağılan tifaq" əsərinin tamaşasına baxdım. Ondan bir neçə gün əvvəl də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında müasir rus yazıçısı və dramaturqu Yuriy Polyakovun "Sinif yoldaşları" əsərinin tamaşasını izləmişdim.

Hər iki tamaşada - Rusiyada səhnələşdirilən klassik Azərbaycan faciəsində və Azərbaycanda səhnələşdirilən müasir rus komediyasında da insanlığın mənəvi çatışmazlıqları cəmiyyətin qadına münasibəti üzərindən təqdim olunur.

Haqverdiyevin bəy Nəcəfi də onun taleyi üçün narahat olan, ailəsini qorumaq istəyən fədakar qadınına, üç uşağının anası Sonaya "övrətsən, get otur övrət yerində" deyəndə uduzur, Polyakovun oliqarx Çermeti də rəqibindən intiqam almaq yanğısı ilə Svetanın - övladının xoş gələcəyi üçün hər şeyə hazır olan qadının hissləri ilə oynayanda özünü məhv edir...

Qadından başqa dərdləri olmasa da qadınla hesablaşmaq istəmirlər. Qadının həyatlarındakı yerini düzgün qiymətləndirmədikləri üçün həyatda öz yerlərini tapa bilmirlər.

Sadəcə bu iki əsərdə belə deyil ki. Bildiyimiz bədii əsərlərin, filmlərin, teatr tamaşalarının əksəriyyətində qadının önəmli yeri var. "No woman, no art", yəni :).

Və təəssüf ki, reallıqda da ətrafımız Nəcəf bəylərlə, oliqarx Çermetlərlə, Balaşlarla, molla Sübhanlarla, Hacı Həsənlərlə, Məşədi İbadlarla... doludur. Əsrlər keçir, qadının yeri dəyişmir ki, dəyişmir. Özü də problem qadınlarla kişilərin bərabər hüquqlara malik olmasının başa düşülüb qəbul edilməməsində deyil. Problem ondadır ki, qadınlarla kişilərin fərqli olması başa düşülüb normal qəbul edilmir.

Hər iki cinsin nümayəndələri əks cinsin fərqli xüsusiyyətlərinin onların əksikliyi olmadığını qəbul edənə qədər də bu mövzu tükənməyəcək.

XIX əsr Fransız humanisti və tarixçisi Aleksis de Tokvil "Amerikada demokratiya" adlı traktatında yazırdı ki, "bəziləri qadınlarla kişiləri yalnız bərabərləşdirməyə yox, həm də eyniləşdirməyə can atırlar. Onlara eyni hüquqları verməklə, eyni öhdəlikləri də yükləmək istəyirlər... Aydındır ki, belə bərabərləşdirmə yaxşı nəticələr verməyəcək və hər iki tərəfin deqradasiyasına, zəif kişilərin və biədəb qadınların meydana gəlməsinə səbəb olacaq".

Əlbəttə, biz Əbdürrəhimbəy Haqverdiyevi, Cəfər Cabbarlını, Cəlil Məmmədquluzadəni, Üzeyir Hacıbəyovu, "Qadın gülərsə, şu issız mühitimiz güləcək, Sürüklənən bəşəriyyət qadınla yüksələcək" deyən Hüseyn Cavidi... dinləmiriksə, Tokvilin dediklərinin hazırda gerçək olması da eynimizə gəlməz.

Y.Polyakovun "Sinif yoldaşları"na da sadəcə gülüb keçərik.

Amma həmin o bədii əsərlər, filmlər, teatr tamaşaları bir az da başqalarının səhvlərindən nəticə çıxarmağımız üçündür.

Çünki rus yazıçısı Lev Tolstoyun təbirincə desək, bütün səhvləri özümüz etməyə ömrümüz çatmaz.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31