"Vaxtilə onlar büdcəyə süpürgə çəkirdilər"

 Bu gün isə ölkənin büdcəsi xalqın maraqlarına xidmət edir

Milli Məclisin fevralın 19-da keçirilən plenar iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsi müzakirə edilib. Qanun layihəsi barədə məlumat verən parlamentim əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, Azərbaycanda pensiyanın minimum həcmi 116 manat idi. Hətta 80 manatdan da aşağı müavinət alan insanlar var idi. "Əmək pensiyaları haqqında" qanuna edilən dəyişiklik isə 233 min nəfərin pensiyasında hiss olunacaq artıma gətirib çıxaracaq. Komitə sədri bildirib ki, 9 min insanın pensiyası 2 dəfə, 26 min nəfərin pensiyası 30 faiz artacaq: "Bütövlükdə isə əhalinin böyük bir qisminin pensiyası 38.5 faiz civarında artır. Bunun üçün 41 milyon manat vəsait nəzərdə tutulub. Belə addımlar mütəmadi atılacaq".

Dövlətin həyata keçirdiyi sosial siyasətinə toxunan millət vəkili Siyavuş Novruzov qeyd edib ki, bəzən Azərbaycan hökumətinin atdığı addımları ayrı-ayrı şəxslər, məkrli niyyəti olan insanlar öz adlarına çıxmaq istəyirlər: "Ötən gün müxalifət nümayəndələrindən biri internet kanallarında çıxış edərək fevralın 23-nə mitinq təyin etdiklərini bəyan edib. O, çıxışında deyir ki, yanvarın 19-da mitinq keçirildi, nəticə olaraq hökumət pensiyaları, minimum əmək haqqlarını artırdı və digər addımlar atıldı. Onlar bunu öz düşündükləri tərzdə izah edirlər. Xalqı aldatmaq və insanlardan istifadə etmək üçün bu addımı atırlar: "Prezident İlham Əliyev ötən il keçirilən prezident seçkilərində bəyan etmişdi ki, islahatlar həyata keçiriləcək. Bu işlər mərhələli şəkildə həyata keçirilir. Bu artımlar göydən düşmür ki? Biz ötən il 2019-cu ilin dövlət büdcəsini müzakirə edən zaman bunlar nəzərə alınmışdı. Müxalifət mitinqi yanvarda keçirdi, artımların olması isə ötən ilin noyabrında nəzərdə tutulmuşdu. Bunlar büdcə sənədində əkisini tapmışdı, büdcənin icrası fevraldan həyata keçirilir. Nə qədər düşüncəsizdirlər ki, insanları ərtaflarına yığmaq, sosial baza forlamalaşdırmaq üçün ölkə başçısının atdığı addımları öz adlarına çıxırlar. Bu, onların naşılığıdır. Vaxtilə onlar büdcəyə süpürgə çəkirdilər, talamaqla məşğul idilər. Bu gün ölkənin büdcəsi xalqın maraqlarına xidmət edir".

Deputat Çingiz Qənizadə təklif edib ki, islahatların tərkib hissəsi olaraq banklarda vətəndaşlara veriləcək kreditlərin faiz dərəcələrinə diqqət etmək lazımdır, faiz dərəcələri aşağı salınmalıdır. Çünki, bu faizlərlə kredit götürən şəxs sonra çətinliklərlə üzləşir, kreditlərin qaytarılmasında problemlər yaranır. O, bildirib ki, bəzi müxalifyönlü qüvvələr ölkədə aparılan işlərə kölgə salmağa çalışırlar: "Müxalifyönlü insanların aktivləşməsi ilə bağlı fikirlərə mən də qoşuluram. Görünür, Qərbdən bəzi şəxslərin cibləri açılır, bundan da ilhamlanan insanlar ölkədəki sabitliyi başqa cür yozmaq istəyirlər. Son dövrlər ölkə Prezidentinin tapşırığı ilə müxtəlif qurumlarda islahatlar həyata keçirilib. Qida Təhlükəsizliyi Agentliyinin gördüyü işlər əhalini keyfiyyətsiz məhsullardan qoruyur. Bu islahatlar yalnız müxalif qüvvələri deyil, mafioz qüvvələri də narahat edir. Son günlər Qida Təhlükəsizliyi Agentliyi və onun sədri Qoşqar Təhməzli ilə bağlı yazılan yazıları araşdırsaq, görərik ki, bunun arxasında "leş mafiyası" dayanır. Həmin mafiya uzun illər yararsız və keyfiyyətsiz məhsulları vətəndaşlarımıza sırımaqla məşğul olublar".

Deputat Səttar Möhbalıyev isə deyib ki, bəzi müxalifət nümayəndələri Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd edirlər: "Onlar sosial şəbəkələrdə təhqirlər səsləndirirlər, ölkə başıçısından tutmuş bütün məmurları təhqir edirlər. Bu insanlar Azərbaycan xalqının nümayəndəsi ola bilməz. Düşünmürəm ki, azərbaycanlı olan şəxs digər azərbaycanlı haqqında belə fikirlər səsləndirsin". S. Möhbalıyev qeyd edib ki, həmin söyüşlər, təhqirlər onların özlərinə və ailələrinə aiddir: "Ölkə Prezidenti xeyli işlər görüb, hər il yüz minlərlə iş yerləri yaradılır. Gərək biz həmin şəxslərin cavablarını verək, görülən işlərin təbliğatını aparaq. Bəlkə kor gözləri ilə görsünlər ki, ölkəmiz necə sürətlə inkişaf edir. Biz ölkə rəhbərliyinin apardığı siyasəti dəstəkləyirik".

Deputat Fəzail Ağamalı isə deyib ki, Azərbaycan inkişaf etdikcə və yeni-yeni uğurlar əldə etdikcə ölkəmizin bu inkişafını gözü götürməyən qüvvələr qarayaxma kampaniyasına başlayırlar. Onun sözlərinə görə, prezidentin köməkçisi Əli Həsənovun dediyi kimi bir çox qüvvələr Azərbaycanın inkişafını gözü götürmədiyindən, ölkəmizdə xaos yaradıb, sabitliyi pozmağa cəhd edirlər: "Bu qüvvələr Azərbaycanda sabitliiy pozaraq  Suriyaya çevirmək istəyirlər. Lakin buna yol vermək olmaz. Digər tərəfdən xalq onları dəstəkləmir və ölkə başçısının ətrafına sıx biləşiblər. Bunu ölkə başçısının son günlərdə respublikanın müxtəlif bölgələri səfəri  sübut edir".

Sonra deputatlar "Gənclər siyasəti haqqında" qanuna dəyişiklikləri müzakirə ediblər. Belə ki, dəyişikliklərə əsasən, Azərbaycanda 18 yaşınadək şəxslərə tütün məmulatları və spirtli içkilərin satışına, onların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək. Həmin dəyişikliklərdə təklif edilir ki, müvafiq icra hakimiyyəti orqanları 18 yaşınadək şəxslərin mənəvi-əxlaqi tərbiyəsini, onların fiziki və psixi sağlamlığına təhlükə yaradan zərərli informasiyalardan qorunmasını təmin etmək üçün "təhlükəsiz internet" mexanizminin yaradılmasını təmin edəcəklər. Həmçinin dəyişikliklərə əsasən, Azərbaycanda gənclərin təhsili, asudə vaxtının təşkili, inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlər özəlləşdirildikdən sonra 10 il müddətinə onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir. Dəyişikliklərdə həmçinin Azərbaycanda "gənc alim və tədqiqatçı" anlayışı dəqiqləşdirilib. Gənc alim və tədqiqatçılar yaşı 35-dən çox olmayan alim və tədqiqatçılar hesab olunacaqlar. Onların elmi fəaliyyətinin dəstəklənməsi dövlətin gənclər siyasətinin həyata keçirilməsi sahəsində əsas vəzifələrindən biri olacaq. "Gənclər siyasəti haqqında" qanunun hazırkı variantına görə, gənclər yaşı 14-dən 29-dək olan şəxslər, gənc ailələr yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideynlər hesab edilirlər.

Milli Məclisin iclasında həmçinin "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklik sənədi müzakirəyə çıxarılıb. Qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa vəkil olmaq istəyən şəxslər üçün şərtlərin daha da asanlaşdırılmasını təklif edib. Fazil Mustafa vəkillərdən məmur düzəltməyə ehtiyacın olmadığını deyib: "Vəkilliklə bağlı fəaliyyətin bu qədər çətinləşdirilməsinə, mürəkkəbləşdirilməsinə nə lüzum var? Onlardan məmur düzəltməyə ehtiyac yoxdur.Vəkildən məmur obrazı yaratmağın nə mənası var ki? Onların nüfuzunu qaldırmaq üçün məhkəmə islahatı keçirmək lazımdır. Bu gün məhkəmədə vəkil heç kimdir. Yəni, heç bir işi vəkil öz ağlı ilə udmaq imkanına sahib deyil. Məhkəmələrdə hakimin, dövlət ittihamçısının iradəsindən kənar nəsə edə bilmirlər". Milli Məclisin sədri Oqtay Əsədov deputat Fazil Mustafanın təklifi ilə razılaşmayıb: "Mən sizinlə razı deyiləm. Əhali kimdir? Onlar dövlətin vətəndaşıdır. Vəkilin savadı olmasın, amma müştərisi bol olsun?! Niyə görə savadı olmamalıdır?! Zəhmət çəkib hazırlaşsın və növbəti ilə sənəd versin. Biz savadlı vəkil korpusunun formalaşmasında maraqlıyıq". Deputatlar gündəlikdə duran qanun layihələrinin müzakirəsini davam etdiriblər.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31