Qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərini təşkil edənlər cəzalanacaqlar
19 Fevral 2019 15:36 SosialAzərbaycanda telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərini təşkil edənlər cəzalanacaqlar. "Olaylar" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan dəyişiklik layihəsinə əsasən, Cinayət Məcəlləsinə yeni - 233-4-cü (Telekommunikasiya şəbəkəsinə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkili) maddəsi əlavə olunub. Maddəyə əsasən, telekommunikasiya operatorunun və ya provayderinin telekommunikasiya şəbəkəsinə müvafiq qurğu vasitəsilə qoşulmaqla qanunsuz beynəlxalq telekommunikasiya xidmətlərinin təşkil edilməsi əhəmiyyətli zərər vurulmasına səbəb olduqda cinayət nəticəsində vurulan ziyanın 2 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə işslah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Eyni əməllər təkrar, xeyli miqdarda ziyan vurmaqla, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə cinayət nəticəsində vurulan ziyanın 2 mislinədən 3 mislinədək miqdarda cərimə və ya 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq edilir. Bu əməllər külli miqdarda ziyan vurmaqla, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə 3 ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cinayət nəticəsində vurulan ziyanın 3 mislindən 4 mislinədək miqdarda cərimə və ya 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 4 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.