Baş Prokurorluq işçi axtarır
18 Fevral 2019 18:49 SosialBaş Prokurorluq prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edib. Baş Prokurorluğun mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq keçirilən 19 müsabiqə əsasında prokurorluq işçilərinin 67 faizini təşkil edən 873 gənc hüquqşünasın işə qəbul edilməsi aparılan uğurlu islahatların məntiqi nəticəsidir.
Qeyd edilən tədbirlərin davamı olaraq prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün Baş Prokurorluq tərəfindən 80 ştat vahidi üzrə növbəti müsabiqə elan edilir. Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiqvəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədi ilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcəkdir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri bilənlərə üstünlük veriləcəkdir. Müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, namizədlərin ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, onlar Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdır. Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikası vətəndaşları qəbul olunurlar. Əlavə məlumat almaq üçün 492-74-32, 492-06-82, 492-62-23, 437-28-56 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.